PDF Oxu

Araşdırma

  • 9

ABŞ Ermənistanı “bəsləyir" Vaşinqton işğalçı dövlətə növbəti dəfə 44 milyon dollar ayırıb

ABŞ Ermənistanı “bəsləyir" Vaşinqton işğalçı dövlətə növbəti dəfə 44 milyon dollar ayırıb
Ermənilərin okeanın o tayındakı havadarları yenə də onlara yardım əli uzadıb. Birləşmiş Ştatlar Senatı və Nümayəndələr Palatası ermənipərəst qanunvericilərin təzyiqi altında Ermənistan və Dağlıq Qarabağa iqtisadi yardım paketini qəbul edib. Ekspertlərin fikrinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici maliyyələşdirmə üzrə komitəsi 2011-ci ildə xarici maliyyələşmə üçün ayrılan büdcəyə əsasən, cari ildə Ermənistana 44 milyon dollar həcmində maliyyə yardımı göstəriləcək. Bu, Barak Obama tərəfindən nəzərdə tutulan rəqəmdən 4 milyon dollar çox, keçən illə müqayisədə isə 4 milyon dollar azdır. ABŞ administrasiyası, həmçinin, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə maliyyə yardımını ötən illə müqayisədə 2 milyon dollar artıraraq, 10 milyon dollara çatdırıb. Komitə ayrılan yardımda paritet saxlamağı qərara alaraq, Azərbaycan və Ermənistana ayrı-ayrılıqda hərbi məqsədli 3,5 milyon dollar hərbi yardım, hərbi təhsil üçün isə 450 min dollar ayırıb.
Qeyd edək ki, ABŞ-ın Dağlıq Qarabağın separatçı rejiminə birbaşa yardım ayırması artıq ardıcıl hal alıb. Azərbaycanın bununla bağlı rəsmi mövqeyinə əsasən, ABŞ işğal olunmuş ərazilərdə yaşayan əhaliyə etdiyi maliyyə yardımını həmin ərazidən məcburi köçürülmüş əhaliyə də etməlidir. Yəni, ermənilərlə bərabər azərbaycanlı icması da bu yardımlardan yararlanmalıdır. İşğal olunmuş ərazilərdə yaşayan və oradan məcburi köçürülmüş əhaliyə eyni qaydada dəstək verilməlidir.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə yardımı ayıran yeganə dövlətdir. Həmçinin, ABŞ Cənubi Qafqaz regionunda tanınmayan 3 respublikadan yalnız Dağlıq Qarabağa yardım ayırır. ABŞ Konqresi 1998-ci ildə qəbul etdiyi qərara əsasən, 1999-cu ildən başlayaraq, humanitar yardım aksiyası adı altında Dağlıq Qarabağa birbaşa maliyyə ayırır. ABŞ tərəfindən 1998-2000-ci illərdə bu tanınmamış quruma hər il 2,5 milyon dollar məbləğində yardım edilib. 2001-2006-cı illərdə hər il ayrılan yardım 3 milyon dollar səviyyəsində olub. 2006-cı ildən etibarən yardımın məbləği artırılıb. Həmin il Dağlıq Qarabağ separatçıları ABŞ-dan 5 milyon, 2007 və 2008-ci illərdə hər il 6 milyon dollar yardım alıb. 2009 və 2010-cu illərdə hər il 8 milyon dollara çatdırılıb. 2011-ci ildə yardımın məbləğinin 10 milyon dollar olacağı nəzərə alınarsa, ABŞ-ın Dağlıq Qarabağa indiyədək ayırdığı yardımın ümumi məbləği 60 milyon dolları ötəcək. Bu nümayəndələr palatasının separatçı Dağlıq Qarabağ rejiminə növbəti dəfə yardım ayırmasında özünü göstərir. Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələr palatasının separatçı Dağlıq Qarabağ rejiminə növbəti dəfə yardım ayırması ikili standart siyasətindən xəbər verir. Bu fikirdə olan siyasi ekspert V.Bayramov belə hesab edir ki, Amerika belə bir addımı atmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqedə olması iddialarını şübhə altına alır.
Politoloq Mübariz Əhmədoğlu da məsələyə münasibət bildirərkən, vurğuladı ki, ABŞ-ın bu addımı bir daha onun ikili standart həyata keçirdiyini təsdiqləyir. Bu gün ermənilərdən fərqli olaraq, yurd-yuvalarından didərgin düşən 1 milyondan çox soydaşımız var. Həmin insanlar evlərini, əmlaklarını, normal yaşayışlarını itiriblər. Münaqişə zamanı heç nəyini itirməyən ermənilərə yardım olunmasını, itkiylə üzləşənlərin isə bu yardımdan kənarda qalmasını necə qiymətləndirmək olar? Əgər ABŞ-ın məqsədi kömək etməkdirsə, bunu həm azərbaycanlılara, həm də ermənilərə ünvanlasın. Amerika nəyə görə bu məsələdə ayrı-seçkilik yaradır, işğalçıya, separatçıya, erməni millətçilərinə, faşistlərə yardım edir?
M.Əhmədoğlu bildirdi ki, ABŞ separatçı Dağlıq Qarabağ əhalisinə artıq 10 ildən artıqdır ki, böyük maliyyə yardımı ayırır. Burada bir haşiyə də çıxaq. Amerikanın erməni diasporu və Konqresdəki erməni lobbisi Dağlıq Qarabağa ayrıca yardım göstərilməsi üçün hələ 1993-cü ildən fəaliyyətə başlamışdı. Bunun nəticəsi olaraq, 1998-ci ildə ermənilər ABŞ rəhbərliyini Dağlıq Qarabağa oradakı humanitar vəziyyəti öyrənmək üçün xüsusi missiya göndərilməsinə razı saldılar. 1999-cu ildən başlayaraq isə Konqresdə qəbul olunan xarici yardımlar paketinə Dağlıq Qarabağa dair maddə əlavə olundu.
M.Əhmədoğlu ABŞ-ın bu qərarının Azərbaycanda narazılıqla qarşılandığını da söylədi: "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. ABŞ gələcəkdə Cənubi və Şimali Qafqaza yiyələnməyə hazırlaşır və indidən bu bölgələrin əhalisi ilə əlaqələrini qurur. Dağlıq Qarabağda, həqiqətən də, acınacaqlı vəziyyət yaranıb. Oradakı ermənilər acından ölür. Ermənistan pis gündədir. Əhalisi qaçıb, 1 milyon yarımı qalıb. Amerika böyük dövlət kimi beynəlxalq hüquq normalarını pozaraq bu addımı atır. "DQR"-ə yardım ABŞ-ın Qafqaza yiyələnmək istəyindən irəli gəlir. Kim bilir, ABŞ Dağlıq Qarabağa necə münasibət göstərəcək.

Digər xəbərlər