Ermənistanda iqtisadi xaos yaranıb
Son illər Ermənistan Cənubi Qafqaz regionunda bir səfili xatırladır. Bu gün rusdan, fransızdan, amerikalıdan pul dilənən Ermənistana arabir verilən ianələr də kömək etmir. Ermənistan iqtisadiyyatı ilbəil yox, heç aybaay da deyil, günbəgün çökməkdə davam edir. Bunu rəqəmlər də təsdiqləyir.
Ötən il aprelin 1-dən Rusiyanın Ermənistana satdığı qazı bahalaşdırması ilə bu ölkədə gərgin olan sosial-iqtisadi vəziyyət daha da gərginləşdi. Ermənistan Rusiyadan aldığı qazın 1000 kubmetrinə əvvəlki kimi 154 dollar deyil, 180 dollar ödəyir. İdxal qazının bahalaşması Ermənistanda mavi yanacağın pərakəndə satış qiymətinin bundan təqribən 2 dəfə çox, 37 faiz artması ilə nəticələnib. Ermənistanın ictimai xidmətlərin tənzimləməsi üzrə hökumət komissiyasının qəbul etdiyi qərara görə, 2009-cu il aprelin 1-dən əhali abunəçiləri mavi yanacağın min kubmetrinə görə 340, sənaye və kommersiya obyektləri isə 243 dollar ödəyirlər. Bu qərar Ermənistandakı əksər siyasi qüvvələr tərəfindən narazılıqla qarşılanır.
Ekspertlər hesab edir ki, qazın bahalaşması digər məhsulların və xidmətlərin qiymətinin artımına səbəb olacaq. Məsələn, bu artım əsasən qazla işləyən avtobus və taksilərdə gediş haqlarının bahalaşmasına gətirib çıxaracaq. Baş nazir Tiqran Sarkisyan da etiraf edir ki, son qiymət artımı inflyasiyanın güclənməsinə təkan verəcək. Amma hökumət bunun aztəminatlı ailələrə təsirini kompensasiya edə bilmir.
Ermənistanın maliyyə naziri Tiqran Davtyan deyir ki, imkanlar arzularla üst-üstə düşmür: "Bizim imkanlarımız heç də həmişə arzularımızla üst-üstə düşmür. Ehtiyaclar çoxdur, əhalinin aztəminatlı təbəqəsinə sosial təsirləri azaltmaq üçün tədbirlər görülür. Amma bütün itkiləri, ehtiyacları 100 faiz kompensasiya etmək isə mümkün deyil".
Ermənistanda bahalaşma tempi ötən illə müqayisədə daha da sürətlənib. Bu ilin martında qiymət artımı 2009-cu illə müqayisədə 8,8 faiz artıb. Bu dövrdə ərzaq malları 6,3 faiz, qeyri-ərzaq malları 14,3 xidmət tarifləri isə 10,6 faiz bahalaşıb. Ən çox bahalaşan isə enerji daşıyıcılarıdır. Son 1 ildə Ermənistanda benzin 38, dizel 28 faiz bahalaşıb. Bahalaşma tempini azaltmaq üçün Ermənistan hökuməti dramı möhkəmləndirir. Mütəxəssislərin fikrincə, buna səbəb dövriyyədəki milli valyutanın azalmasıdır. Çünki iqtisadiyyatın kiçilməsi fonunda Ermənistan hökuməti çalışır ki, valyuta bazarında dramı məhdudlaşdırsın. Yeri gəlmişkən, son 1 ildə bu ölkədə ümumi daxili məhsul 14,4 faiz azalaraq 9 milyard dollara düşüb. Azalma büdcəyə də təsir edib. Amma Ermənistan hökuməti büdcəni xaricdən alınan kreditlər hesabına əvvəlki səviyyədə saxlaya bilib. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarından kreditlərin alınması nəticəsində Ermənistanın xarici borcu 4 milyard dollara, adambaşına isə 1300 dollara çatıb. Bu isə büdcədən 2 dəfə çox, ümumi daxili məhsulun 46 faizini təşkil edir ki, bu da təhlükəli sayılır. Statistik məlumatalara görə, 2009-cu ildə bu ölkəyə xaricdən büdcənin 75 faizi qədər, təxminən 1,5 milyard dollar pul göndərilib. Amma bu, 1 il əvvəllə müqayisədə 30 faiz azalma deməkdir. Mütəxəssislərin fikrincə, buna səbəb böhranın təsirləri nəticəsində xaricdə yaşayan ermənilərin maliyyə vəziyyətinin pisləşməsidir.
İqtisadçı-ekspert Qubad İbadoğlu hesab edir ki, Ermənistan iqtisadiyyatını qaldırmaq üçün, ilk növbədə, böyük investisiya və yardımlar var: "Bu investorlar Rusiya və İrandır. Onlar da böhrandan əziyyət çəkən ölkələr sırasında öndə gəlirlər. Ermənistan iqtisadiyyatına əvvəlki qədər investisiya yönəldə bilmirlər. İqtisadiyyatın özünün investsiya qoymaq imkanı azdır. Bu imkanlar cari xərclərin ödənilməsinə çatır. Ermənistanın xarici ticarət dövriyyəsində isə 2 milyard dollarlıq mənfi saldo yaranıb. Ötən il şirkətlərin də vəziyyəti pisləşib. 12 iri şirkətin mənfəəti azaldığından büdcəyə ödəmələr 400 milyon dollar kəsirlə icra olunub. Ötən il nəzərəçarpan artım qızıl istehsalının 2 dəfə artması olub".
Ekspertlər bunu Kəlbəcərdəki qızıl yataqlarının işlənməsi nəticəsində baş verdiyini bildirir. Ölkədə vəziyyətin pisləşməsi iqtisadi sahədə müxtəlif oğurluqlara, maliyyə fırıldaqlarına yol açıb. Ötən illə müqayisədə, belə cinayətlərin sayı 30 faiz artıb. Ermənistanda işsizlik də artır. Rəsmi məlumatlara görə, ölkə əhalisinin 84 mini işsizdir. Əvəzində ölkəni tərk edənlərin sayı artır. Düzdür, rəsmi Yerevan bu il 2 faiz iqtisadi artım olacağını proqnozlaşdırır. Amma mütəxəssislər iqtisadiyyatın təxminən bu qədər tənəzzülə uğrayacağı qənaətindədir. Ekspertlərin fkrincə, Ermənistanda belə vəziyyətin yaranmasının bir səbəbi iqtisadi böhranın təsirləridirsə, digəri ölkə rəhbərliyinin yarıtmaz siyasətidir. Çünki bu siyasət nəticəsində Ermənistan regional layihələrdən tamamilə kənarda qalıb.