Davud Güloğlunun bu mahnı misraları müxalifət üçün yazılıb elə bil. Bir də "Axırıncı aşırım" filmində bir səhnə var. Qəmlo Abbasqulu bəyi öldürəndən sonra Kərbəlayi yanındakı əsgərlərdən birini çağırır ki, gedin Abbasqulu bəyin meyitini camaatdan alıb gətirib dəfn edin. Əsgər də qayıdır ki, "Kərbəlayi, yanımızda adam qalmayıb, hamısı dağılıblar". Lap müxalifət rəhbərləri kimi. Bu yazını ona görə yazıram ki, qoy uzun illər keçəndən sonra müxalifətin boşboğaz iddialarının tam əksinə olaraq gələcək nəsillər əsil həqiqətin heç də onlar deyən kimi olmadığını bilsinlər. Əl-qolunuzu və dilinizi bir dəqiqəliyə saxlayın, "bəylər"! Vallah, sizi heç tənqid etməyə də dəyməz. Bunu müxalifətdəki hər kəs bilir. Nəyinizi hədəfə alacağam ki? Bilirəm, deyəcəksiniz ki, bəs bu yazılar hakimiyyəti müdafiə etmək və müxalifəti gözdən salmaq üçündür, nə bilim nə, nə...
Anadolu türkləri demişkən, Allah eşqinə, buraxın bu köhnə özünümüdafiə taktikalarını. Əvvəla, hakimiyyətin özünümüdafiəyə heç bir ehtiyacı yoxdur. Bunu siz İsa və Əli "bəylər", bu ölkədə hamıdan yaxşı bilirsiniz. Görülən işlər də göz qabağındadır. Sizi hətta qulluqunda durduğunuz Qərb dairələri siyasi meyit yerinə də saymırlarsa, Siz NƏDƏN DANIŞIRSINIZ? Sonrası da müxalifəti gözdən salmağa ehtiyac belə yoxdur, siz özünüzü çoxdan gözdən salmısınız. Bu, bir tam həqiqətdir və yüz il də qalsanız, bunu inkar edə bilməzsiniz. Əgər dünyada yalançılıq üzrə müsabiqə keçirilsəydi, Almaniya ilə oyundan əvvəl, "nemesləri" sındıracağı ilə hədələyən, oyundan sonra isə, 0-4 hesabı ilə rüsvayçı məğlubiyyətə uğrayıb uşaq kimi ağlayan Dieqo Maradona belə hətta qohum-əqrəbanın onlardan üz çevirdiyi, qərargahlarında partiya üzvü əvəzinə siçan-siçovul "məskən salan" bizim müxalifətin yanında vız gələrdi. Bəs nə, canım! Məsələ burasındadır ki, D. Maradona bir "sezon" yalan danışdı, sonra da alınmadı, döndü Argentinaya. Bu siyasi qəbiristanlıq uşaqları isə bütün illəri və bütün fəsilləri yalan danışırlar! Özü də elə yalan danışırlar ki, adamı bərk yandırır. Sözün düzü, bu müxalifət barədə yazmaq istəmirdim. Çünki söz vermişdim ki, bir daha bu yalançı müxalifət barədə nə yazıb onları "qiymətə mindirməyəcəm", nə də vaxtımı ziyadə xərcləyəcəm. Yox-yox, siz elə bilməyin ki, mənim müxalifət barədə yazmağım onların əməlli-başlı fəaliyyətə keçmələri, və ya öz boşboğaz qəzetlərində yazdıqları kimi, "yeri-göyü titrətmələri" ilə bağlıdır, qətiyyən! Ona görə yazdım ki, bu yalançıların hap-gopları adamı çilədən çıxarır. Hillari Klintonun Bakıya gəlişi ilə özlərini Ağ Evin ikinci aparıcı fiquru qarşısında "qiymətə mindirmək" fürsəti qazanan radikal düşərgə elə günə qaldı ki, daha yüz il də qalsa, hətta Ağ Evin qulluqçuları belə bizim müxalifəti adi insan kimi də qəbul edə bilməyəcəklər. Çünki bunlar YALANÇIDIRLAR!
İndi bunları tanımayan hansısa bir xarici ölkə nümayəndəsi elə biləcək ki, bu yalançı bəylər və onların qəzetləri Hillari Klinton Bakıya gəldiyi gün yer-yerindən oynayıb, səmadakı buludlar qorxusundan İsa və Əli "bəylər"in katibələrinin siyirməsində "gizlənib", təzə çəkilən asvaltlar da günün istisini bir yana qoyub bunların hərarətinə dözməyib əriyibdir. (Amma bu buludlar da gedib pis yerdə "gizləniblər", ha!). Ay camaat, yayın istisi elə möhkəm qızmağa başlayıb ki, gəl görəsən. Adam istidən bayıra çıxa bilmir. Rusların sözü ilə və bizim camaatın da xoşladığı kimi desəm, "kstati", əlacları olsa, bu siyasi qəbiristanlıq uşaqları yazarlar ki, bəs bu istinin belə şiddətli olması da hakimiyyətlə bağlıdır. Bunlardan nə desən gözləmək olar!
Deməli, keçən şənbə təxminən günorta vaxtları "Elmlər Akademiyası" metrostansiyasının yanındakı qəzet budkasından futbol qəzeti alıb gəldim yaxınlıqdakı Hüseyn Cavid bağına. Məqsədim ağacların altındakı kölgədə oturub qəzet oxumaq idi. Amma gördüyüm mənzərə ürəyimi ağrıtdı. Sən demə, yazıq polislər də bu müxalifətin yalançılığının qurbanı olublar. Bunlar mitinq elan ediblər, özü də "möhtəşəm", amma əvəzində, ictimai asayişi qoruyan polislər günün altında istidən bişirlər. Nə var - nə var, İsa və Əli "bəylər" özlərinin lap yerə basdırılmış siyasi ölü olmadıqlarını Bill Klintonun halalca arvadı Hillari xanıma sübut edəcəklərmiş..
Sən demə, Müsavat bu istiqamətdə "dəhşətli mitinq" keçirəcəyi ilə bağlı bəyanat yayıb, H. Klintonun diqqətini özlərinin "ana müxalifət" olmalarına yönəltmək istəyib. Yazıq polislər də düşüblər parklara ki, bunlar hay-küy salıb ictimai asayişi pozacaqlar. Ay kişi, bunlar nəinki mitinq keçirməyə, heç yanlarında çay içməyə belə yol yoldaşı tapa bilmirlər. Yox, yalandırsa, durun deyin ki, yalandı. Doğrudur axı. Baxın, "Yeni Müsavat" qezeti bazar günü elə bir manşet hazırlamışdı ki, adamın gülməkdən çox, ağlamağı gəlirdi. Beş-altı nəfərin xarici hesabatlar hazırlamaq üçün polislə "siçan-pişik" oynamasını və ətrafdakıların diqqətini özlərinə cəlb etmək üçün min oyundan çıxmalarını manşetə çıxararaq, müxtəlif şəkillərlə insanları aldatmağa çalışırlar. İndi ən ucqar bir bölgədə oturan adam da, yəqin bu şəkilləri görəndən sonra fikirləşəcək ki, demə, müxalifət şənbə günü yeri-yerdən oynadırmış. Yazıq adam, hardan bilsin ki, bunlar yalançının böyüyüdürlər..
Nə isə, yenə alınmadı, "bəylər"! Siz artıq yoxsunuz, vallah, siyasi mənada YOXSUNUZ. Siz heç kimə - nə Hillari Klintona, nə Barak Obamaya, nə Nikola Sarkoziyə, nə də heç kimə LAZIM DEYİLSİNİZ! Vallah, bu, belədir.