İşğalçı Ermənistanın beynəlxlaq hüququn norma və prinsiplərinə əməl etməməsi, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə məhəl qoymaması, o cümlədən, Avropa Şurasının (AŞ) Nizamnaməsinin tələblərini ardıcıl şəkildə pozması, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tribunasından dəfələrlə tənqid atəşinə tutulması haqda çoxsaylı sənədlər hazırlanıb.
Ermənistanın beynəlxalq öhdəliklərə etinasız yanaşması yalnız bu dövlətin qonşu ölkələrə qarşı müxtəlif əsassız iddialarında, apardığı təcəvüzkar siyasətində təzahür etmir. Ermənistan dövləti öz ölkəsinin vətəndaşlarına da həqarətli münasibət bəsləyir, mütəmadi olaraq, onların hüquq və azadlıqlarını pozur, xalqın gələcəyinə zərbələr vurur.
AŞPA-nın yay sessiyasının son iş günündə nəşr edilərək yayılmış yeni sənəd məhz bu barədədir. "Ermənistan beynəlxalq öhdəlikləri yerinə yetirməməkdə davam edir" adlanan 12323 saylı həmin sənədi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovdan başqa daha 20 deputat imzalayıb.
Yazılı bəyannamə formasında hazırlanmış bu sənəddə qaldırılan məsələnin- Ermənistanın qəbul edilmiş AŞ qətnamələrinə nümayişkar şəkildə etinasızlıq göstərməsini pisləyərək, ciddi tədbirlər görülməsini tələb edən deputatlar Hollandiya, Macarıstan, İsveçrə, İtaliya, Norveç, Polşa, Makedoniya və digər ölkələrin təmsilçiləridir.
Sənəddə qeyd olunur ki, Ermənistanda 2008-ci il martın 1-də baş vermiş qanlı hadisələrdən, prezident seçkilərində törədilmiş qanunsuzluqlara etiraz edən 10 nəfərin öldürülməsi, bir çox insanların siyasi motivlərə görə həbs edilməsi AŞPA-da ciddi etiraz doğurmuş və iki il əvvəl bununla bağlı 1609 saylı qətnamə qəbul edilib. Lakin Ermənistan dövləti, nəinki bu qətnamədə qaldırılmış tələbləri yerinə yetirib, ötən müddətdə öz vətəndaşlarına qarşı yeni zorakılıq tədbirləri həyata keçirib.
AŞPA qətnaməsində 2008-ci ildə baş vermiş hadisələrin obyektiv şəkildə araşdırılması, günahkarların cəzalandırılması, siyasi motivlərlə həbs olunmuş şəxslərin azadlığa buraxılmasının tələb edilməsinə baxmayaraq, Ermənistan indiyədək həmin tələblərin yerinə yetirilməsi istiqamətində heç bir iş görməyib.
Yazılı bəyannaməni şərh edən Rəfael Hüseynov deyib: "10 il əvvəl Ermənistan AŞ-yə yeni üzv qəbul edildiyi vaxtlarda bu dövlətin təcəvüzkar siyasəti və terrorçu mahiyyəti barədə hazırladığımız sənədlərə imza toplamaqda çox böyük çətinlik çəkirdik. Çünki birtərəfli qaydada aparılmış erməni təbliğatı nəticəsində bir çoxlarında Ermənistan və ermənilər haqqında yanlış təsəvvür yaranmış, onlar məsum və əzablara düçar olmuş xalq kimi təsəvvür edilmişdir. Lakin aparılan ardıcıl iş nəticəsində Ermənistan artıq AŞPA-da tam ifşa olunmuşdur.
Tək-tək muzdlu havadarları nəzərə alınmazsa, Parlament Assambleyasında bütün deputatlar Ermənistanın hansı məqsədə qulluq etdiyini yaxşı anlamışlar. Ona görə də, bu dövlətin yürütdüyü qanunsuz siyasəti ifşa edən sənədlərə tərədüdsüz imza atırlar. Elə son yazılı bəyannamə də bunun əyani sübutudur. Ermənistan monitorinq altında olan dövlətdir və bu sessiyadan sonra həmin ölkədə gedən proseslər, eləcə də, Ermənistanın təcəvüzkar siyasətinin törətdiyi bütün fəsadlar daha artıq nəzarətdə olacaqdır. Çünki Ermənistandakı prosesləri və Ermənistanın çürük xarici siyasətini əvvəlki vaxtlardan fərqli olaraq daha obyektiv bir məruzəçi izləyəcəkdir.
Biz isə, öz növbəmizdə, Ermənistanın həm öz xalqına, həm qonşularına qarşı yeritdiyi quduz siyasətin paxırını açmaqda, AŞPA-da Ermənistanın və erməniçiliyin iç üzünü hamıya göstərən yeni sənədlər hazırlamaqda və çıxışlar etməkdə əvvəlkindən də qətiyyətli olacağıq."
Xatırladaq ki, mayın 20-də Avropa Parlamenti "Avropa Birliyinin Cənubi Qafqazda strategiyasına dair tələb" adlı qətnamə qəbul edib. Sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından dərhal çıxarılması barədə tələb təsbit olunub. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtması imkanının təmin edilməsinin zəruriliyi vurğulanıb.
Avropa Parlamenti tərəfləri konstruktivliyə dəvət edərək, faktiki olaraq, yeniləşdirilmiş Madrid prinsipləri barədə mövqeyini hələ də bildirməyən və artıq çoxdan razılaşdırılmış məsələlərin müzakirəsinə vaxtaşırı qayıdaraq danışıqları pozmağa çalışan Ermənistanı qeyri-konstruktiv tərəf kimi göstərib, onu təklifləri qəbul etməyə çağırıb.
Avropa Parlamentinin üzvləri ərazi bütövlüyü prinsipini dəstəkləyərək, Azərbaycan Respublikası ərazilərinin hərbi yolla işğalının davam etdirilməsi üçün istifadə olunan faktların təhrif edilməsi taktikasını birmənalı şəkildə rədd ediblər.
Qətnamədə mövcud status-kvonun aradan qaldırılmasını tələb edir və göstərilir ki, bu vəziyyət "zorakılıqla və beynəlxalq qaydalara uyğun legitimləşdirilmədən" yaranıb.
Sənəddə Dağlıq Qarabağdan qovulmuş insanların oraya qaytarılmasından bəhs edilərkən onlar "qaçqınlar" deyil, məhz "daxili köçkün şəxslər" adlandırılır. Bu isə, 1951-ci il Cenevrə Konvensiyasına əsasən, o deməkdir ki, Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın tərkib hissəsi kimi tanınır.
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bildirir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. "Azərbaycanın işğal edilmiş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma, tarixi torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağda isə erməni və Azərbaycan icmaları yüksək muxtariyyət çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Bu, prinsipial mövqedir. Bu mövqe beynəlxalq hüquq normalarına və dünya birliyi tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanır".
Dövlət başçısı deyib ki, güc tətbiq etməklə heç bir ölkənin sərhədlərini pozmaq, status-kvo ilə barışmağın mümkün olmadığı beynəlxalq hüquqda təsbit olunub. "Açıq-aydın göstərilir ki, bu vəziyyət- nə sülh, nə savaş davam edə bilməz, Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir. Bu, bizim mövqeyimizi daha da gücləndirir və bir daha göstərir ki, beynəlxalq birlik vahid mövqedən, yəni ədalətli mövqedən çıxış edir. Biz başa düşürük ki, bu qətnamələr və siyasi addımlar Ermənistanı çox böyük təşvişə salıbdır. Yəni Ermənistan təbliğatına çox böyük zərbələr endirilibdir.
Doğrudur, torpaqlarımız işğal altındadır. Bu işğal davam edir və Ermənistanın danışıqlarda qeyri-konstruktiv və riyakar davranışı onu göstərir ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxtı uzatmaq istəyir. Beynəlxalq vasitəçiləri aldatmaq istəyir ki, o, sanki danışıqlarda iştirak edir. Amma onların danışıqlarda iştirakının əsas səbəbi vaxtı uzatmaqdır. Ancaq vaxtı uzatmaqla onlar heç bir şeyə nail ola bilməyəcəklər. Çünki vaxt onların xeyirinə işləmir".
Ümumiyyətlə, bölgədə gedən proseslər bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan bölgədə Ermənistanın iştirakı ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz, heç bir başqa məsələ öz həllini tapa bilməz.
Bu gün Azərbaycanın hərbi qüdrəti imkan verir ki, öz torpaqlarını güc yolu ilə azasd etsin. Lakin Azərbaycan hər zaman münaqişənin dinc yolla həllinə tərəfdar olub. Ancaq bu variant heç vaxt istisna olunmayıb və ölkə Prezidenti bunu, mütəmadi olaraq, bəyan edir.