PDF Oxu

Araşdırma

  • 14

Təcavüzkar Ermənistan küncə sıxışdırılıb

Təcavüzkar Ermənistan küncə sıxışdırılıb
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik, məqsədyönlü xarici siyasət xətti öz ifadəsini hücumçu diplomatiyamızın ardıcıl uğurlarında tapmaqdadır. Azərbaycanın sürətli iqtisadi tərəqqisi, artan hərbi qüdrəti, Avroatlantik məkan üçün enerji və təhlükəsizlik məsələlərində kəsb etdiyi önəm artıq neçənci dəfədir ki, dünyanın aparıcı dövlətləri tərəfindən ciddi şəkildə etiraf olunur və bu faktorla hesablaşılır. Bu müsbət tendensiya, heç şübhəsiz, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həlli variantını ildən-ilə daha aktual edir. Belə ki, bu ilin iyun ayının 26-da Kanadada "8-lər"in sammitində iştirak edən Rusiya, ABŞ və Fransa prezidentləri Dmitri Medvedev, Barak Obama və Nikola Sarkozi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Birgə Bəyanat yaydılar. Bəyanatda yer alan müddəaların böyük əksəriyyəti Azərbaycanın milli maraqlarına cavab verir. Əvvəla, ona görə ki, hər üç dövlət başçısı Baza Prinsipləri üzərində işi yekunlaşdırmaqda Azərbaycan və Ermənistan prezidentlərini dəstəkləyir və praktik olaraq, Ermənistan prezidentini təkliflərə münasibətini bildirməyə tələsdirirlər. Bəyanatda deyilir: "İndi Azərbaycan və Ermənistan prezidentlərinə lazımdır ki, növbəti addım atılsın və Baza Prinsipləri üzrə iş başa çatdırılsın ki, sülh sazişinin layihəsinin hazırlanmasına başlansın". Üç dövlət başçısı öz nazirlərinə göstəriş verirlər ki, ATƏT-in Almatıda keçiriləcək tədbirində görüşü təşkil etmək üçün iki tərəf arasındakı fikir ayrılıqlarını aradan qaldırsınlar. Ölkəmiz həmsədrlərin təklif etdikləri Baza Prinsipləri bəzi istisnalarla prinsipcə qəbul etdiyini artıq bəyan edib. Odur ki, Azərbaycan tərəfi üç dövlət başçısının bu bəyanatını həmin kiçik istisnalara dair də razılığın əldə edilməsinə çağırış kimi qəbul edir. Bu, bəyanatın Azərbaycana aid olan hissəsidir. İşğalçı dövlətə dair hissəyə gəldikdə isə, bu, Fransa, Rusiya və ABŞ prezidentlərinin Ermənistan prezidentinə Baza Prinsiplərinə dair öz mövqeyini tezliklə bildirməyə dair çağırışdır. Minsk Qrupu həmsədrləri bununla Ermənistana tezliklə növbəti addım ataraq təklif edilmiş Baza Prinsipləri ilə əlaqədar razılıq verməsini məsləhət görürlər. Dövlət başçıları bundan sonra dərhal həmin Baza Prinsipləri əsasında sülh sazişinin hazırlanmasına başlamağa çağırırlar. Bəyanatda daha sonra Baza Prinsipləri sadalanıb: Birinci Baza Prinsipləri qrupu: Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılması, Dağlıq Qarabağa özünüidarə və təhlükəsizlik zəmanəti verən aralıq statusunun verilməsi, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz. İkinci Baza Prinsipləri qrupu: Gələcəkdə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi üçün hüquqi gücə malik iradənin ifadəsi, bütün daxili məcburi köçkünlərə və qaçqınlara əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ, sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik zəmanəti. Bütövlükdə, bəyanatda həyata keçirilməli olan prinsiplərin belə iki qrupa bölünməsi mərhələli həll variantının ortada olduğunu göstərir. Birinci qrup Baza Prinsiplər birinci mərhələdə, ikinci qrup Baza Prinsiplərinin isə ikinci və üçüncü mərəhələdə həyata keçiriləcəyi qeyd olunub. "Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılması" müddəası, birmənalı olaraq, Azərbaycanın maraqlarına uyğundur. Hər şeydən əvvəl həmsədr dövlətlərin başçılarının bu bəyanatında "işğal olunmuş ərazilər" ifadəsinin işlənməsi Rusiya, Fransa və ABŞ kimi dövlətlərin ən yüksək səviyyədə Ermənistanın işğalçı dövlət kimi tanımasının birmənalı təzahürüdür. "Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz"lə bağlı müddəa belədir ki, Azərbaycanın bu məsələdə həmin dəhlizin Naxçıvana qədər uzanması təklifi var və ölkəmiz bu barədə dəfələrlə bəyan edib. Məsələ ondadır ki, Azərbaycanın bu əlavəsi prinsiplərə zidd deyil, əksinə, prinsiplərin iqtisadi əməkdaşlığı dərinləşdirmək istiqamətində inkişaf etdirilməsidir. İqtisadi əməkdaşlığı hər şeydən əvvələ keçirməyə çalışan Ermənistanın dəhlizin Naxçıvana qədər uzanması təklifinə rədd cavab verməsi kommunikasiyaların açılması prinsipinə zidd olardı. "Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi üçün gələcəkdə hüquqi gücə malik iradənin ifadəsi" prinsipi, əvvəllər Ermənistan tərəfinin iddia etdiyi kimi, referendum ifadəsini özündə ehtiva etmir. Söhbət "iradənin ifadəsi"ndən gedir. İradənin hansı formada ifadəsinin seçilməsi isə məlum deyil. Başqa tərəfdən, "iradənin ifadəsi" hansı formasının seçilməsi, əvvəla, Azərbaycan Konstitusiyasına uyğun olmalıdır, ikinci tərəfdən, rəy sorğusuna müstəqilliklə bağlı sual daxil edilə bilməz. Ona görə ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimlənir və bu prinsipə zidd olan məsələlər müzakirəyə çıxarıla bilməz. Ona görə ki, hər üç həmsədr dövlət və bütövlükdə BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Artıq prosesin sürətlənməsi yalnız Ermənistandan asılıdır. İndi həmsədrlərin gözlədiyi növbəti addımı Ermənistan atmalıdır. Ona görə ki, Azərbaycan həmsədrlərin sadaladığı bütün Baza Prinsiplərə öz prinsipial razılığını verib. Rusiya, Fransa və ABŞ prezidentlərinin son bəyanatında hər iki prezidentə çağırış edilsə də, əslində, bu, Ermənistan prezidentinə ünvanlanmış və prosesi sürətləndirməyə, təkliflərə cavab verməyə çağırışdır. Məhz buna görədir ki, Ermənistanda sözügedən bəyanatdan çox narahatdırlar. Ermənistan hakimiyyətinə yaxın mənbələr belə bu bəyanatı Azərbaycan Prezidentinin iradəsinin qəbul edilməsi və Qarabağın Azərbaycana qaytarılması kimi qiymətləndirib. Erməni müxalifəti də bu bəyanatı açıq-aşkar Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirərək, S.Sarkisyana qarşı yeni siyasi kampaniyaya start veriblər. Belə görünür ki, təcavüzkar Ermənistan artıq beynəlxalq təcrid vəziyyətinə düşərək, tamamilə küncə sıxışdırılıb və bu proses daxili böhranla şərtlənərək, getdikcə daha mürəkkəb xarakter alır.

Digər xəbərlər