Ermənistan ordusunun məğlubiyyəti qaçılmazdır
Məlum olduğu kimi, bir neçə gün öncə, Azərbaycan-Ermənistan sərhədində baş verən atışma böyük səs-küyə səbəb olmuşdur. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində başlanan döyüşün bir neçə saat davam etməsi barədə məlumat verən Azərbaycan Müdafiə Nazirliyi ordumuzun göstərdiyi yüksək peşəkarlıq və mərdlik nəticəsində ermənilər ciddi itki veriblər. Ermənistan Müdafiə Nazirliyinin itkilər barədə səhv məlumat verməsi müşahidə olunsa da, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, ermənilər daha çox itki veriblər. Sərhəddə baş verən atışmanın miqyası böyük olduğundan, bu barədə hətta ATƏT-in Minsk Qrupunun həmsədrləri də birgə bəyanatla çıxış ediblər.
Atəşkəsin pozulması halları tez-tez müşahidə olunsa da, budəfəki atışma daha böyük miqyaslı olması və təcavüzkar tərəfin öz məğlubiyyətini boynuna alması ilə yadda qaldı. Belə ki, iyun ayının 18-dən 19-na keçən gecə baş verən olay zamanı açıq döyüşdə erməni əsgərləri Azərbaycan əsgərləri qarşısında aciz olduqlarını və onların döyüş qabiliyyətinin Azərbaycan əsgərlərinin döyüş qabiliyyətindən zəif olduğunu etiraf etmişlər. Bunu döyüşdə ölən və yaralanan erməni əsgərlərinin sayı da bilavasitə sübut edir. Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, ermənilərin döyüş zamanı 4 əsgəri ölmüş, 4 əsgəri isə yaralanmışdır. Bundan sonra, məlumat verən Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin itkilərinin daha çox olduğunu nəzərə çatdırmış və Ermənistanı itkiləri gizlətməkdə ittiham etmişdir. Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilərin daha çox itki verməsinə dair dəqiq məlumatlar var. Bu məlumatın Ermənistan tərəfindən gizlədilməsi isə yalnız bir amillə əlaqələndirilə bilər. Məlumdur ki, Ermənistanda əhalinin ordunun səviyyəsi və orduda baş verən proseslərlə bağlı Ermənistan hakimiyyətindən narazılığı artıq açıq aşkar şəkildə özünü göstərməkdədir. Müdafiə nazirliyinin də vəziyyəti daha da gərginləşdirməmək üçün öz itkilərini gizlətməsi təbii haldır. Təcavüzkar dövlətin belə itkilərlə üzləşməsi isə onun öz qazdığı tələyə özünün düşməsi kimi qiymətləndirilir. Belə ki, ilk hücum edən tərəf olan Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusuna qarşı əməliyyat keçirmək və mövqelərimizi zəiflətmək istəyi Azərbaycan ordusunun yüksək döyüş peşəkarlığı nümayiş etdirməsi və planlanlarının əksinə olaraq, Ermənistan ordusunun itkilərlə üzləşməsinə səbəb olmuşdur. Bundan sonra isə öz səhvini ört-basdır etməyə çalışan Ermənistan itkilər barədə məlumatları gizlətməyə, səhv məlumat verməyə çalışıb. Yuxarıda da qeyd etdiyimiz kimi, bunun əsas səbəbi mövcud hakimiyyətdən narazı olan əhali ilə hökumət arasında münasibətlərin daha da kəskinləşməməsi və ölkədəki ümumi vəziyyətin gərginləşməməsi istəyi olmuşdur.
Baş vermiş son atışmanın bu qədər səs-küy yaradacağı gözlənilməsə də, onun nəticələri məhz təcavüzkar dövlət üçün acı oldu. Öz ordusunun vəziyyətinə bələd olmayan Ermənistanın hakim dairələri Azərbaycan qarşı təcavüzün həyata keçirilməsinə göstəriş verir və nəticədə böyük itkilərlə üzləşirlər. Bu hadisə, bir daha onu göstərdi ki, Ermənistan ordusu, onun əsgərləri Azərbaycan ordusu və əsgərləri qarşısında acizdir. Ordumuz istənilən vaxt açıq döyüşdə erməniləri məğlub etməyə, onlara qarşı genişmiqyaslı əməliyyatlar keçirməyə və ən nəhayət, öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu sübut etdi. Bu, Azərbaycan ordusunun, Azərbaycanın müdafiə qabiliyyətinin nə dərəcədə güclü olduğunu bir daha göstərmiş olur. Heç bir halda Azərbaycan ordusunun qüvvələri Ermənistana məğlub ola bilməz. Bunu bütün faktlar, statistik göstəricilər sübut edir. İstər canlı qüvvə, istərsə də hərbi texnika baxımından Ermənistan ordusu Azərbaycandan geridədir.
O ki qaldı onların belə hərbi əməliyyatlara əl atmasına, bunun da müəyyən səbəbləri var. Azərbaycan Müdafiə Nazirliyinin də, öz bəyanatında dediyi kimi, Ermənistan dövləti Dağlıq Qarabağ danışıqlarında göstərdiyi qeyri-konstruktiv mövqedən fikri yayındırmaq üçün məhz atəşkəsi pozmağa cəhd göstərir. Bununla da, işğalçılıq siyasətini davam etdirməyə səy göstərən ermənilər mövcud vəziyyətin davamlı olaraq qalması üçün çalışırlar. Lakin onlar bir şeyi anlamalıdırlar ki, bu cür hərəkətlərlə heç bir uğura nail olmaq mümkün deyil. Əksinə, Ermənistan tərəfi düşdüyü ictimai-siyasi böhranla yanaşı, cəbhədə də getdikcə daha çox itki verməyə başlayacaq. Hər halda, bütün faktlar, göstəricilər bunu deməyə əsas verir.
Azərbaycan-Ermənistan cəbhəsindəki son hadisələrlə bağlı Minsk Qrupunun həmsədrləri də bəyanat veriblər. Onlar bəyanatlarında iki ölkənin hərbi qüvvələri arasında baş vermiş bu hadisəni pisləmiş və itkilərdən kədərləndiklərini bildirmişlər. Onların fikrincə, bu hadisə tərəflərin güc tətbiq etməmək barədə öz üzərlərinə götürdükləri öhdəliklərin pozulması kimi qəbul oluna bilər. Həmsədrlər, həmçinin, bu hadisənin prezidentlərin görüşündən dərhal sonra baş verməsinin də mənfi hal olduğunu nəzərə çatdırmışlar. Belə ki, iyunun 17-də Sankt Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin də iştirakı ilə keçirilən görüşündən bir gün sonra cəbhə xəttində atışma olmuşdur. Bunu münaqişənin tənzimlənməsinə və danışıqlar prosesinin ləngiməsinə səbəb olacağını düşünən həmsədrlər belə halların yolverilməz olduğunu hesab edirlər. Minsk Qrupu həmsədrlərinin belə bir bəyanatla çıxış etməsi və cəbhədəki vəziyyətə bu tərzdə yanaşması, əlbəttə, təqdirəlayiq haldır. Lakin bəyanatın bir qədər başqa istiqamətli olması daha məqsədəuyğun olardı. Həmsədrlər öz bəyanatlarında cəbhədəki qanlı hadisənin əsas səbəbkarı olan Ermənistanı ifşa etməsi və öz bəyanatını məhz bu dövlətin əleyhinə istiqamətlənmiş məzmunda qurması daha təsirli və məqsədəuyğun olardı. Demək olmaz ki, onlar məsələni təfərrüatı ilə bilmirlər. Lakin nədənsə öz mövqelərini daha konkret və təcavüzkarın əleyhinə yönəlmiş şəkildə qurmaqdan imtina edirlər.