PDF Oxu

Araşdırma

  • 14

Ermənistan qocalar ölkəsinə çevrilir

Ermənistan qocalar ölkəsinə çevrilir
Azərbaycanın 20 fazi torpağını işğal edən Ermənistan gənc və orta yaşlı təbəqənin ölkəni tərk etməsinin qarşısını almaq gücündə deyil. Aclıq və səfalət içində olan insanlar iş axtarmaq üçün başqa ölkələrə üz tutmaq məcburiyyətindədirlər. Elə bunun nəticəsidir ki, ölkədə yaşlı əhalinin sayı artmaqda davam edir.
SİA-nın "news.am" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistanda təqaüdə çıxanlar (63 yaş və yuxarı) hazırda əhalinin 11,2 faizini təşkil etdiyi halda, Əmək və İctimai Təhlükəsizlik Nazirliyinin hesablamalarında bu göstəricinin 2018-ci ildə 13,3 faiz, 2050-ci ildə isə 25,7 olacağı proqnozlaşdırılır.
Əhalinin yaşlanması isə, öz növbəsində, əmək qabiliyyətli insanların da sayına mənfi təsir göstərir. Nazirliyin dəyərləndirmələrinə görə, 15-63 yaş aralığındakı, yəni əmək qabiliyyətli əhalinin sayı bu gedişlə 2050-ci ildə 57,6 faizə düşəcək. Hazırda isə bu göstərici 70,6 faizdir. Əmək və ictimai təhlükəsizlik nazirinin müavini Ardan Asatryan təqaüdçü sayının ümumi əhalinin 12 faizindən artığını təşkil etdiyi halda həmin cəmiyyətin yaşlanmış hesab edildiyini deyib.
Ermənistanın maliyyə nazirinin müavini Vardan Aramyan isə Ermənistan hökumətinin məcburi təqaüdçülük sığortasına keçidinin 2014-cü ilə qədər təxirə saldığını söyləyib. Bu sistemin 2011-ci ildən etibarən tədbiq edilməsi nəzərdə tutulurdu.
Ölkədə durum deməyə əsas verir ki, Ermənistan hakimiyyəti vətəndaşları aclıq və səfalətdə saxlamaqda israrlıdır. Ermənistandakı yoxsulluqla bağlı Dünya Bankının açıqladığı hesabatda yer alan rəqəmlər də bunu deməyə əsas verir.
Dünya Bankının məlumatına görə, Ermənistanda 2009-cu ildə yoxsulluğun səviyyəsi 28,7, ifrat yoxsulluq isə 6,9 faiz olub. 2008-ci illə müqayisədə ifrat yoxsulluq həddində olan əhalinin sayı 2009-cu ildə 5,2 faiz artıb.
Yoxsulluğun artmasına baxmayaraq, ölkədə əhaliyə verilən sosial yardımlar azalıb. Statistik məlumata görə, 2008-ci ildə dövlətdən yardım alan ailələrin sayı 121160 və ya əhalinin 15,77 faiz olduğu halda, 2009-cu ildə isə bu 107490 ailə və yaxud əhalinin 14 faizini təşkil edib.
"İqtisadi böhran Ermənistana sağalmayan yara vurub". SİA-nın erməni mətbuatına istinadən əldə etdiyi xəbərə görə, bu sözləri Ermənistan parlamentinin iqtisadi-sosial komissiyasının finans və kredit şöbəsinin daimi nümayəndəsi, Ermənistan Respublikaçılar Partiyasının sol qanadının rəhbəri Qaqik Minasyan belə deyib.
Ermənistan parlamentinin üzvü deyib ki, önləyici tədbirlər nəticəsində böhranın qarşısı nisbətən alına bilib: "Lakin bu önləyici tədbirlər yalnız iri sahibkarlara müsbət təsir edib. Orta və kiçik sahibkarlar isə iqtisadi böhrandan hələ uzun müddət əziyyət çəkəcəklər".
Son vaxtlar Ermənistan əhalisinin gəlirlərilə qiymət artımı arasında böyük uçurum formalaşır. Ona görə də, sadə ermənistanlıların sosial-iqtisadi durumu getdikcə aşağı düşür. Bütün faktlar isə, onu göstərir ki, Ermənistan sosial partlayışın bir addımlığındadır. Belə ki, bir ölkənin daxilində ağır sosial-iqtisadi mənzərəni sübut edən amillərdən biri məhz demoqrafik deqradasiyadır.
Qeyd edək ki, Ermənistandakı demoqrafik durum, həqiqətən də, acınacaqlıdır. Əgər belə davam edərsə, bir neçə onillikdən sonra Ermənistanda əhalisi daha 50 faiz azalacaq. Artıq bununla əlaqədar olaraq, beynəlxalq təşkilatlar da Emənistanı xəbərdarlıq edirlər.
BMT-nin Ermənistandakı koordinatoru Dafina Qerçevanın sözlərinə görə, Ermənnistandan 1991-ci ildən bu günə qədər 1,3 milyon nəfər emiqrasiya edib: "Miqrasiya prosesləri bu ölkədə məhz sosial-iqtisadi vəziyyətin ağır olması, işsizliyin baş alıb getməsilə bağlıdır".
Ölkədə iqtisadi durumun ağırlaşması nəticəsində işsizlik də artır. Ermənistanın əmək və sosial məsələlər nazirliyinin "Dövlət məşğulluq xidməti" agentliyinin rəhbəri Sona Arutyunyan deyib ki, ötən illə müqayisədə bu il Ermənistanda işsizlik daha 10 faiz artıb.
Qeyri-rəsmi məlumatlara görə isə, Ermənistanda işsizlik 30 faizə qədər artıb. Rəsmi məlumatlara görə, işsizlərin 56 faizini 31-50 yaş həddində olanlar, 70 faizini isə qadınlar təşkil edir. Bu isə, onu göstərir ki, Ermənistanda monopoliyada olan hər bir sahədə böhran hökm sürür. Bu da birbaşa olaraq, əhalinin yaşayış səviyyəsinə təsir göstərir. Yəni, əgər bu gün Ermənistanda 31-50 yaş arasındakı kişilər və qadınlar iş tapa bilmirlərsə, demək onların ailələrinin durumu həddən artıq ağırdır. Bu isə, o deməkdir ki, Ermənistanın əhalisinin 2/3-si kasıb durumda yaşayır.
Bütün bunlar isə Ermənistanda sosial partlayışın yaxınlaşdığına işarədir. İşğalçı ölkə getdikcə böhran məngəsində boğulur və özünün reabilitasiya imkanlarımı itirir. Bundan yeganə çıxış yolu işğalçı siyasətdən imtina, qonşularla dinc yanaşı, yaşamaq və regionda sülhü qoruma təşəbbüslərinə yardım etməkdədir.

Digər xəbərlər