ABŞ-ın Azərbaycanla əməkdaşlığı Ermənistanda qısqanclıqla qarşılanıb
Bu günlərdə Azərbaycan və ABŞ arasında münasibətlərin durumu yenidən gündəmə gəlmişdir. ABŞ müdafiə naziri Robert Geytsin bir neçə gün bundan öncə, Bakıya səfər etməsi və burada keçirdiyi görüşlər zamanı göstərdiyi mövqe ABŞ-ın birbaşa Azərbaycan dövlətinə çatdırmaq istədiyi mövqedir. R.Geytsin gəlişi zamanı sərgilənən xoşməramlı mövqe ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi diqqətin təzahürüdür. Bu mövqe, eyni zamanda, ABŞ prezidenti Barak Obamanın Azərbaycan Prezidentinə göndərdiyi məktubda da öz əksini tapıb. Məktubda Azərbaycanla münasibətlərə, əməkdaşlığa yüksək əhəmiyyət verilməsi göstərilmişdir. Heç şübhəsiz ki, ABŞ tərəfindən müdafiə naziri vasitəsilə belə bir mövqenin sərgilənməsi birmənalı şərh olunmur və bu məsələyə müxtəlif yanaşmalar mövcuddur.
Bir müddət bundan öncə, ABŞ rəhbərliyinin nüvə sammiti zamanı Ermənistan prezidentini sammitə dəvət etməsi və burada birtərəfli qaydada onunla müzakirə aparması Azərbaycan tərəfindən iradlarla qarşılanmışdısa, bu günlərdə ABŞ-ın Azərbaycana münasibətdə tutduğu mövqe iki ölkə arasında münasibətləri öz qaydasına salacaq bir mövqedir. Şəxsən prezident Obamanın ikitərəfli münasibətlərə diqqət yetirməsi və bu münasibətlərin inkişaf etdirilməsi üçün təşəbbüs göstərməsi Azərbaycanın ABŞ-ın xarici siyasətində oynadığı mühüm rolu bir daha göstərmiş olur.
Digər bir tərəfdən isə, Robert Geytsin səfəri zamanı ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin gözlənilməsi barədə məlumat verməsi də bir daha ABŞ-Azərbaycan münasibətlərinə əhəmiyyət verilməsini göstərir. ABŞ dövlətinin nümayəndəsinin Azərbaycana səfər etməsi ABŞ-ın regionda Azərbaycana verdiyi yüksək qiymətin təzahürüdür. İkitərəfli münasibətləri möhkəmləndirmək üçün isə kifayət qədər də amil vardır. Azərbaycanın neft ölkəsi olması, regionun enerji təhlükəsizliyində mühüm rol oynaması ABŞ-ın bu regionda həyata keçirmək istədiyi layihələrə əhəmiyyətli təsir göstərən amillərdir. ABŞ-ın regionda hər hansı bir layihəni həyata keçirərkən, Azərbaycanla əməkdaşlığı vacibdir. Regionda Azərbaycanın razılığı və dəstəyi olmadan hər hansı bir irimiqyaslı layihənin həyata keçirilməsi qeyri-mümkündür.
Bu münasibətlər çərçivəsində inkişaf etdirilən əməkdaşlığın Dağlıq Qarabağ münaqişəsindən də yan keçməyəcəyi məlumdur. ABŞ-ın istər Minsk Qrupunun həmsədri, istərsə də, Azərbaycanın strateji tərəfdaşı kimi Dağlıq Qarabağ münaqişəsində oynaya biləcəyi rol əvəzsizdir. Onun məsələnin həllinə təşəbbüs göstərməsi münaqişənin həllini sürətləndirəcək. Məhz bu səbəbdəndir ki, artıq R.Geytsin Azərbaycana səfəri Ermənistanda müəyyən qısqanclıq meyillərinin yaranmasına səbəb olmuşdur. Ermənistan hakim dairələrində ABŞ-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyması onlarda bu münasibətləri pozmağa yönəlmiş meyillər yaratmışdır. Hillari Klintonun Azərbaycana səfər etməsi isə daha çox etiraza səbəb olmuşdur.
Bundan başqa, bir məqamı da qeyd etmək lazımdır ki, Ermənistanın keçmiş prezidenti, Ermənistan müxalifətinin lideri sayılan Levon Ter-Petrosyan ABŞ-a məsləhətləşmələr üçün çağırılması da bəzi mətbuat orqanlarında yer almışdır. Bunun nə üçün baş verdiyinə gəldikdə isə, görünür, indiki Ermənistan hakimiyyəti ABŞ-ın maraqlarına cavab vermir. Məhz bu səbəbdəndir ki, Ermənistan hakimiyyətinə iddialı olan L.Ter-Petrosyan ABŞ-la məsləhətləşmələrə çağırılır. Onun hakimiyyət üçün yetişdirilməsi məsələsi də istisna edilmir. ABŞ-ın maraqlarına cavab verməsi üçün L.Ter-Petrosyana müəyyən tapşırıqların verilməsi də ehtimal edilir. Təsadüfi deyil ki, daim böhran içində olan Ermənistanda yaxın zamanda hökumətə qarşı yeni üsyanların baş qaldıracağı gözlənilir ki, bu da hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Bütün bunları nəzərə alaraq, demək olar ki, ABŞ-Ermənistan münasibətləri indiki dövrdə heç də yüksək səviyyədə deyil. Bu isə mövcud hakimiyyətin səriştəsizliyi və ABŞ-ın maraqlarına cavab verməməsi kimi qiymətləndirilir. Bu münasibətlərin Dağlıq Qarabağa təsiri isə danılmazdır və qarşısıalınmazdır.