Ermənilərin "paslı mismar" problemi
Miqranyan deyir: "Türkiyə ilə münasibətlər erməni xalqının ekzistensial problemidir və münasibətlərin tənzimlənməsi olduqca böyük problemləri aradan qaldıra bilər. Düşünürəm ki, münasibətlərin normallaşacağı təqdirdə, ermənilərin qafasındakı paslı mismar, nəhayət ki, çıxarılacaq və ermənilər öz keçmişləri barədə təsəvvürlərlə yaşayıb ömür boyu dərd çəkmək əvəzinə, nəhayət ki, gələcəyə addımlamağı bacaracaqlar.
Maraqlıdır ki, Miqranyan digər erməni politoloqlarından və siyasətçilərindən fərqli olaraq, Türkiyənin hətta Dağlıq Qarabağ şərti ilə münasibətlərin tənzimlənməsinə razılıq verməsini də Ermənistanın böyük uğuru hesab edir: "Türkiyənin münasibətlərin normallaşması prosesində ön şərtləri var. Amma Ankaranın hansısa mərhələdə Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin ayrı-ayrılıqda inkişaf etdirilməsinə razılıq verməsinin özü də Ermənistanın böyük uğurudur və bu uğuru qoruyub inkişaf etdirmək lazımdır".
Burada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ilkin mərhələsini nəzərdə tutulur. Yəni, söhbət Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasından gedir.
A.Miqranyan başa düşür ki, işğal altındakı Azərbaycan əraziləri azad olunmadan Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsindən söhbət gedə bilməz və bu da, faktik olaraq, Ermənistanın özünütəcrid prosesinin gündən-günə dərinləşməsi deməkdir.
Bu müsahibənin təbii qazla bağlı Azərbaycanla Türkiyə arasında imzalanan son müqavilələrdən və hər iki ölkə liderlərinin İstanbul bəyanatlarından sonra meydana çıxması təsadüfi deyil. Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafına səbəb olacaq, hər iki dövlətin Avropanın enerji təhlükəsizliyindəki rolunun daha da gücləndirilməsi üçün əlverişli zəmin yaradacaq müqavilələr erməni siyasətində son zamanlar daha qabarıq şəkildə nəzərə çarpan depressiyanı artırıb.
Ermənistanı Türkiyənin regionda nüfuzunun getdikcə güclənməsi də ciddi narahat edir və erməni politoloqları bu narahatlıqları açıq şəkildə dilə gətirməklə yanaşı, baş verənlərin region ölkələrindəki erməni diasporunun fəaliyyətini xeyli məhdudlaşdırdığını bildirirlər.
Türkiyə rəsmiləri açıq şəkildə bildirirlər ki, Ermənistanla sərhədlər yalnız işğal olunmuş torpaqların azad edilməsinə başladıldıqdan sonra açıla bilər. Bu addım regionda uzunmüddətli sülhün yaranmasına gətirib çıxara bilər ki, bu, həm Türkiyə, həm Rusiya, həm də Ermənistan və Azərbaycanın maraqlarına uyğundur.
Erməni lobbisini narahat edən digər məsələ isə ABŞ-Azərbaycan münasibətlərindəki irəliləyişlə bağlıdır. ABŞ-ın müdafiə naziri Robert Geytsin Azərbaycana gəlişi, dövlət katibi Hillari Klintonun gözlənilən səfəri, Vaşinqton-Bakı əlaqələrinin genişləndirilməsilə bağlı prezident Barak Obamanın məktubunda yer alan pozitiv ismarıcları da Ermənistanda şok effekti yaradıb.
Bu sıraya bir qədər əvvəl Avropa Parlamentinin qəbul etdiyi "AvropaBirliyinin Cənubi Qafqazda strategiyasına dair tələb" adlı qətnaməni də əlavə etmək olar.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. "Azərbaycanın işğal edilmiş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma, tarixi torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağda isə erməni və Azərbaycan icmaları yüksək muxtariyyət çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Bu, prinsipial mövqedir. Bu mövqe beynəlxalq hüquq normalarına və dünya birliyi tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanır".
Ümumiyyətlə, bölgədə gedən proseslər, bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan bölgədə Ermənistanın iştirakı ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz, heç bir başqa məsələ öz həllini tapa bilməz.
Qeyd olunanları nəzərə aldıqda, qəti şəkildə demək olar ki, erməni lobbisi artıq Ermənistanı ağır duruma saldığını və bu böhrandan çıxmaq üçün ölkəyə heç bir ciddi yardım göstərmək iqtidarında olmadığını ortaya qoyur. Miqranyanın son mesajı da ermənilərə bu həqiqətləri anlatmaq cəhdlərindən ibarətdir.