PDF Oxu

Araşdırma

  • 10

Ermənistan ən böyük himayədarının dəstəyini itirməkdədir

Ermənistan ən böyük himayədarının dəstəyini itirməkdədir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlarda qeyri-konstruktiv tərəf kimi göstərilən Yerevanın mövqelərində zəifləmənin olması özünü qabarıq şəkildə göstərməkdədir. Bunu siyasətçilər də etiraf edirlər. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyin dəyişdirilməsi ilə bağlı təzyiqlərin artırılması da diqqətçəkən məqamlardandır. Beynəlxalq ictimaiyyətin bu münaqişə ilə bağlı Ermənistanın apardığı siyasi xətti tənqid etməsi ona qarşı təzyiqlərin artırılması kimi qiymətləndirilir. Artıq vəziyyət o həddə çatıb ki, Ermənistanı daim dəstəkləyən dövlətlər də ondan üz döndərməyə başlayıb. Ötən həftə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupunun təşkilatçılığı ilə İtaliyada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə gözlənilən kimi, yenilənmiş Madrid prinsiplərinin müzakirəsi baş tutmuş və Ermənistanın razılaşmadığı məqamlar bir daha müzakirə edilmişdir. Qeyd edək ki, Madrid prinsiplərinin yenilənmiş variantının tərəflərə təqdim olunmasından sonra Azərbaycan bununla razılaşsa da, Ermənistan son anda bundan imtina etməklə hələ də bu prinsipləri təsdiqləməmiş qalmaqdadır. Onun bu prinsipləri təsdiqləməsi ilə bağlı isə Ermənistana təzyiqlər olunmaqdadır. Ermənistana qarşı ən güclü təsir və təzyiq vasitəsindən istifadə edə biləcək ölkələr isə məhz Minsk Qrupunun həmsədrləri, xüsusilə də, Ermənistanı himayə edən və onun artıq bir vilayəti kimi qəbul edilən Rusiyadır. Son dövrlər Rusiyanın da Ermənistandan üz döndərməsi, daha açıq desək, onu meydanda tək qoyması müşahidə olunmaqdadır. Ermənistana ayrılan maliyyə vəsaitlərini azaldan Rusiya dairələri siyasi sahədə də onun addımlarına bəraət qazandırmaqdan çəkinir. Son olaraq ermənilərin Dağlıq Qarabağda keçirdiyi "seçkilər"i bütün dövlət dairələri səviyyəsində pisləyən Rusiya bununla bir daha Ermənistanın tutduğu işğalçı mövqeyə qarşı çıxmış oldu. Ümumiyyətlə, Rusiyanın son zamanlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyin legitimliyə doğru dəyişməsi müşahidə olunmaqdadır ki, bunu da müxtəlif amillərlə bağlayırlar. Bu amillərdən birincisi ondan ibarətdir ki, Rusiya Azərbaycanla geniş əməkdaşlıq çərçivəsində Ermənistanda olan mövqelərindən əl çəkməkdədir. Artıq Ermənistana himayədarlığının heç bir perspektiv vəd etmədiyini anlayan Rusiya dövləti bununla müqayisədə Azərbaycanla əməkdaşlığın Moskva üçün daha xeyirli olacağını nəzərə alaraq Azərbaycanın haqq işini müdafiə etməyə başlayıb. Azərbaycanla Rusiya arasında əməkdaşlığın son zamanlar yüksələn xətlə inkişaf etməsi isə ölkələr arasında bağlanan, müxtəlif sahələri əhatə edən müqavilələr səviyyəsində özünü göstərməkdədir. Digər bir amil kimi isə Rusiyanın Türkiyə ilə yaxınlaşması göstərilə bilər ki, bu da regional səviyyədə qeyd olunması lazım olan məsələdir. Nəzərə alsaq ki, bu iki ölkə regionda söz sahibi olan dövlətlərdir, onların regionun sülh və təhlükəsizlik problemində də birgə səylə çalışması regionda olan problemlərin aradan qaldırılmasına müsbət təkan verə bilər. Türkiyənin isə Dağlıq Qarabağ münaqişəsində qətiyyətli mövqe sərgiləməsi onun Rusiya ilə münasibətlərinə sirayət etməyə bilməz. Bu amili də Rusiyanın Dağlıq Qarabağ münaqişəsində rolunun aktivləşməsinin səbəbi kimi qeyd etmək olar. Türkiyə kimi bir ölkə ilə əməkdaşlığın inkişaf etdirilməsinin Rusiya üçün çox mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, Dağlıq Qarabağ probleminin də bu əməkdaşlıq çərçivəsindən qıraqda qalmayacağını ehtimal etmək olar. Türkiyə dövlətinin də bu sahədə Rusiyadan qətiyyət tələb etməsi mövqelərin gələcəkdə hansı məcrada inkişaf edəcəyini göstərmiş olur. Rusiyanın Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəyişilməsinin digər bir amili kimi isə, Rusiyanın demək olar ki, artıq beynəlxalq aləmdə itmiş olan nüfuzunu məhz bu bölgədə aktivliyi artırmaq yolu ilə bərpa etmək istəyinin olması qeyd edilir. Xüsusilə də, 2008-ci il avqust hadisələrindən sonra beynəlxalq ictimaiyyətin birmənalı şəkildə Rusiyanın Gürcüstanda törətdiyi əməlləri pisləməsi onun nüfuzuna xeyli xələl gətirib. Məhz bu səbəbdəndir ki, Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan arasında olan münaqişənin tənzimlənməsində aktiv rol oynadığını göstərməklə öz əməllərini ört-basdır etməyə çalışır. Əlbəttə, belə bir mövqeyin nümayiş etdirilməsi münaqişənin həllini daha çox istəyən tərəf kimi Azərbaycana sərf edən amildir. Həmsədr ölkə və regionda nüfuz sahibi olan ölkə kimi Rusiyanın münaqişə tərəfləri arasında görüşlər təşkil etmək və birgə sülhün əldə olunmasına səy göstərməsi təqdirəlayiqdir. Göründüyü kimi, müxtəlif amillər səbəb kimi göstərilsə də, nəticə eynidir və Rusiya artıq Ermənistanın arxasında durmaqdan imtina edir. Artıq o da başa düşür ki, beynəlxalq hüquq prinsiplərini pozan, öz siyasətində qeyri-konstruktivlik nümayiş etdirən bir dövləti müdafiə etmək olmaz. Bütün bunların fonunda Ermənistan isə hələ də öz qeyri-konstruktiv mövqeyini dəyişdirmək fikrində deyil. Onun üzləşdiyi təzyiqlər ölkə rəhbərliyinin öz siyasətindən əl çəkməsi üçün, görünür, yetərli deyil. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, Ermənistan bu siyasətini uzun müddət davam etdirə bilməz. O, müasir dünya birliyinin bir üzvü kimi bu dünyanın qanunlarına də əməl etməlidir. Belə olmayacağı təqdirdə isə, Ermənistanın bu dünya birliyində yeri yoxdur.

Digər xəbərlər