" Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət edirik"
"Rusiyanın mövqeyi birmənalı və dəyişməzdir: Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət edir". APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri Rusiyada səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə Dövlət Dumasının sədri Boris Qrızlov deyib. O bildirib ki, Dövlət Duması Dağlıq Qarabağa deputat göndərməyib və rəhbərlik rusiyalı parlamentarların "seçkilər"i izləməyə getməsindən xəbərsiz olub: "Onlar yəqin mənə bu xahişlə müraciət etsələr, rədd cavabı verəcəyimi bilirdilər". Rusiya-Azərbaycan münasibətlərinə toxunan B. Qrızlov əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu və dinamik xarakter daşıdığını söyləyib. O. Əsədov da Azərbaycanla Rusiyanın strateji tərəfdaş olduğunu vurğulayaraq bəyan edib ki, iki ölkə arasında heç bir problem yoxdur. Xatırladaq ki, O. Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiya Şurasının sədri Sergey Mironovun dəvəti ilə bu ölkəyə gedib.