PDF Oxu

Araşdırma

  • 12

Ermənistan iqtisadi böhran burulğanında

Ermənistan iqtisadi böhran burulğanında
Son vaxtlar Ermənistanın siyasi bəyanatlarında Azərbaycan tərəfindən müharibə təhlükəsinin artması barədə rəylər üstünlük təşkil edir. Əgər əvvəlki illərdə rəsmi Yerevan hərbi əməliyyatların başlayacağı təqdirdə, Azərbaycanı tutarlı cavab verəcəyilə hədələyirdisə, indi birmənalı şəkildə, Qarabağdakı ermənilərin sülh sazişinin təhlükə altında olmasından danışır. Ona görə də, Ermənistan danışıqlarda tərəflər arasında hücum etməmək haqqında sazişin bağlanmasına nail olmağa çalışır.
Ekspertlər isə qarşı tərəfin bu mövqeyini Ermənistanın qorxuya düşməsi ilə izah edirlər. Ermənistan prezidenti Serj Sarkisyan Almaniyanın "Der Şpiegel" jurnalına müsahibəsində təəssüflə bildirib ki, deyəsən, Azərbaycan problemi hərbi yolla həll etmək istəyir. Bu da ermənilərin Dağlıq Qarabağ bölgəsindən çıxarılmasına səbəb ola bilər. Göründüyü kimi, Ermənistan Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə, yalnız tutduğu əraziləri itirməkdən deyil, əlavə olaraq, bütün erməni icmasının Dağlıq Qarabağı tərk etməsindən qorxur. Hərbi əməliyyatların başlanılacağı təqdirdə, Ermənistanın məğlub olacağını bu ölkənin yalnız hərbi deyil, ictimai dairələrində də bilirlər. Hər il Ermənistan ordusunda fərarilik hallarının artmasıyla yanaşı, övladlarını hərbi xidmətə göndərmək istəməyən vətəndaşların sayı da artır. Ötən il Ermənistanda yaradılmış "Tənha analar cəmiyyəti" artıq bütün Qarabağı da əhatə edib. Həmin təşkilatın üzvləri, əsasən, Qarabağ döyüşlərində ailə başçılarını itirmiş qadınlardır. İndi adıçəkilən quruma daxil olan heç bir qadın Qarabağ uğrunda hərbi əməliyyatları başlayacağı təqdirdə, öz oğlunu döyüşə göndərmək istəmədiyini bildirir. Çünki Qarabağ uğrunda müharibə onlara yalnız iqtisadi böhran, huquqsuzluq və itki bəxş edib. Ərlərini müharibədə itirənlər bu dəfə oğullarının qurban gedəcəyini yaxşı bildiklərini deyirlər. Ona görə də, oğullarını müharibəyə göndərmək istəməyən anaların sayı artır. Bu isə, müharibənin başlayacağı təqdirdə, erməni cəmiyyətində məğlubiyyətin qaçılmaz olacağına dair bir xof yaşandığının nümayişidir.
"Daşnaksütyun" ARF-nin ali orqanının sədri Armen Rustamyan bildirib ki, Ermənistanda görünməmiş sosial-iqtisadi problemlərlə müşahidə olunan milli iqtisadiyyatın böhranı gedir . Onun fikrincə, Ermənistandakı bu cür vəziyyət sosial partlayışa gətirib çıxara bilər: "Dramın sürətlə devalvasiyası insanların həyat şəraitinin aşağı düşməsinə gətirib çıxarıb. Yoxsulluğa gəlincə isə, rəsmilər onunla mübarizə aparmaq əvəzinə, real mənzərəni gizlətməyə çalışırlar".
Erməni xalqının səfalət içində yaşadığını bildirən müxalifətçi L.Zurabyan xalqın etiraz səsini ucaltmasını yeganə çıxış yolu kimi gördüyünü qeyd edib: "Biz erməni xalqını 6 apreldə müxalifətin təşkil etdiyi mitinqə qatılmağa çağırırıq. Məhz o zaman əzilən xalqın hüquqları tam açıqlığı ilə görünəcək".
Göründüyü kimi, Ermənistandakı sosial-iqtisadi böhran sosial partlayış səviyyəsinə qədər yüksəlib. Hökumətin isə fəaliyyətsiz qalması digər məsələlərə də öz təsirini göstərir. Belə ki, BMT-nin Ermənistandakı nümayəndəliyinin nümayəndəsi Mariya Doçenkonun sözlərinə görə, Ermənistanda milli azlıqların təhsillə bağlı problemləri var: "Ermənistanda milli azlıqların dillərinin qorunub saxlanılması, müəllimlərin hazırlanması, dərsliklərin çapı və s. kimi problemlər vardır. Milli azlıqların nümayəndələri üçün əsas məsələ etnik identikliklərini, mədəni irslərini qoruyub saxlamaq və ana dilində təhsil almaqdır".
Beləliklə, bütün bu deyilənlər onu göstərir ki, Ermənistan dilemma qarşısında qalıb - ya işğalçılıqdan, terrordan, insanlığa nifrətdən əl çəkməli, ya da məhv olmalıdır. Başqa yol yoxdur, çünki hər şeyin bir sonu var.

Digər xəbərlər