Ermənistan parlamenti beynəlxalq təzyiqlərdən geri çəkildi
Ermənistanın Dağlıq Qarabağda yaratmaq istədiyi qondarma respublikanın taleyi bu günlərdə yenidən gündəmə gəlib. Qondarma Dağlıq Qarabağ Respublikasının heç bir siyasi qurum tərəfindən tanınmaması erməniləri narahat edən ən mühüm məsələdir.
Ermənistan dövləti tərəfindən belə tanınmayan bu qondarma respublikada keçirilən siyasi proseslər də qanunsuz hesab edilir. Ötən ay keçirilən "parlament seçkiləri" də dünya ictimaiyyəti - müxtəlif beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər tərəfindən pislənmiş və belə bir halın baş verməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə öz mənfi təsirini göstərəcəyini bildirmişlər. Bundan təsirlənən ermənilər isə öz əməllərinin düzgün olduğunu sübut etmək, Dağlıq Qarabağın respublika kimi tanınması üçün müxtəlif vasitələrə əl atmağa başlayıblar.
Bunun üçün, ilk olaraq, özlərindən başlamaq istəyən ermənilər parlamentdə bu barədə müzakirələrin keçirilməsinə cəhd göstəriblər. Müxalifətdə olan "İrs" partiyasının hazırladığı qanun layihəsi bu günlərdə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasına təqdim olunub. Qanun layihəsinin müzakirəsi zamanı komissiyada olan deputatların əksəriyyəti bunun əleyhinə səs verməklə öz etirazlarını bildiriblər. "İrs" partiyası qanun layihəsinin parlamentin ümumi iclasında müzakirəsi üçün təşəbbüs göstərsə də, bu müzakirənin keçiriləcəyi təqdirdə belə, onun qəbul olunması ehtimal edilə bilməz. Çünki bu qanun layihəsinin qəbulu Ermənistan hökumətinin apardığı siyasətə ziddir. O, həm işğal etdiyi ərazinin Ermənistanın tərkib hissəsi olmasını iddia edə, həm də onun müstəqilliyini tanıya bilməz. Belə olan təqdirdə, artıq ölkə daxilində ziddiyyət yarana bilər. Bunu nəzərə alan Ermənistan parlamenti də, nəinki Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını qəbul etməyəcək, onun müzakirə belə olunmasına icazə verməyəcək. Belə olan təqdirdə isə, Ermənistan hökuməti öz siyasətində dəyişiklik etmək məcburiyyətində qala bilər ki, bu da hələ ki, ehtimal olunmayan bir məsələdir.
Dağlıq Qarabağın müstəqilliyi Rusiya parlamentinin deputatı tərəfindən də şərh olunub. Rusiya Federasiya Şurasının sədri Sergey Mironov Rusiyaya səfər edən Azərbaycan parlamentinin nümayəndələri ilə görüşündə Rusiyanın Dağlıq Qarabağ adlı bir dövlət vahidini tanımadığını bildirib. O, həmçinin, rus parlamentarilərinin Dağlıq Qarabağda keçirilən parlament seçkisində iştirakına da münasibət bildirərək, bunun yolverilməz olduğunu və özfəaliyyət kimi qiymətləndirildiyini nəzərə çatdırıb. Qeyd edək ki, Rusiya parlamentinin "seçkilər"də iştirak edən üzvlərinin siyahısı müəyyən olunub və onlar Azərbaycan dövləti tərəfindən persona non qrata elan olunub.
Göründüyü kimi, qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyi Ermənistanın özü ilə yanaşı, Rusiya tərəfindən də tanınmır. Bu qondarma qurumun tanınması isə bütün beynəlxalq hüquq normalarına ziddir. Onu tanıyanlar isə beynəlxalq hüquqa öz hörmətsizliklərini və saymazlıqlarını nümayiş etdirirlər. Buraya isə müxtəlif təşkilatların, eləcə də, dövlət və hökumət nümayəndələrini aid etmək olar ki, onlar da öz qanunsuz fəaliyyətlərini Dağlıq Qarabağa səfər etməklə bildirirlər. Hərçənd ki, Dağlıq Qarabağ heç bir nüfuzlu təşkilat və dövlət tərəfindən tanınmır, amma onun ləğv olunması və yaxud belə bir qurum yaratdığına görə, Ermənistanın cəzalandırılmasına da qərar verilməyib. Yaxşı olardı ki, onun mövcudluğuna qarşı öz etirazını bildirən qurumlar onun ləğvi barədə də qərar verərdilər. Bu, Ermənistanın qanunsuz fəaliyyətinin ifşa olunması ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün aparılan danışıqlar prosesinə də öz müsbət təsirini göstərəcək. Bu qurumun mövcudluğu isə ara-sıra onun da danışıqlarda tərəf kimi iştirak etməsi istəyinin yaranmasına səbəb olur ki, bu da münaqişənin həlli üçün daha bir maneə yaradır.