PDF Oxu

Araşdırma

  • 13

Sarkisyan at yarışında Medvedevlə nədən danışıb?

Sarkisyan at yarışında Medvedevlə nədən danışıb?
Ermənistan prezidenti Serj Sarkisyan son altı ayda artıq 4-cü dəfə Rusiyaya səfər Dmitri Medvedevin dəvəti ilə reallaşan bu səfər Rusiya prezidentinin mükafatı uğrunda keçirilən at yarışları çərçivəsində baş tutur. Əslində, at yarışlarında iştirak adı altında baş tutan bu səfərin, heç şübhəsiz ki, siyasi məqamları da özünü göstərir. Belə ki, yaşanmaqda olan mürəkkəb proseslərin müzakirəsi üçün məhz bu bəhanə ilə səfərin gerçəkləşdirilməsi də məqsədəuyğundur. Bu mürəkkəb proseslərin bilavasitə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olması da bəllidir.
Ermənistanın istər iqtisadi, istərsə də siyasi cəhətdən Rusiyanın asılılığında yaşaması, onun verdiyi ianələr hesabına dolanması da müxtəlif faktlarla sübut edilə bilər. Ermənistanın qəbul etdiyi hər hansı bir qərarın Rusiyanın icazəsi olmadan baş verməsi mümkün deyil. Bu, həm xarici, həm də daxili siyasəti əhatə edir. Bundan irəli gəlir ki, Ermənistan prezidenti və digər rəsmi şəxsləri, mütəmadi olaraq, Rusiyaya səfər edir və gördükləri işlər haqqında Rusiya rəhbərliyinə hesabat verirlər. At yarışlarında iştirak etmək üçün Rusiyaya səfər edən S.Sarkisyanın da məhz bu məqsədlə Rusiyaya səfər etməsi ehtimal edilir.
Hansı məsələlər barədə hesabat veriləcəyi məsələsinə gəldikdə isə, bu, əsasən, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsini əhatə edir. Belə ki, Türkiyənin Ermənistana Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün çox israr etməsi və ona bu məsələdə təzyiq göstərməsi Ermənistanı çıxılmaz vəziyyətə salmışdır. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı ona təzyiq göstərilməsi müxtəlif beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər səviyyəsində özünü göstərməyə başlamışdır. Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun təmin olunması ilə bağlı müxtəlif təşkilatların verdikləri bəyanatlar Ermənistana təzyiq vasitəsi kimi göstərilə bilər. Bunun nəticəsidir ki, Ermənistan rəhbərliyi öz müttəfiq dövlətlərini də itirməkdədir. Həmişə ona dəstək olmuş dövlətlər indi Ermənistanın işğalçılıq siyasətini ifşa edən bəyanatları, artıq demək olar ki, hər gün verməkdədirlər. Hətta himayəçi dövlət sayılan Rusiya da öz mövqeyində Ermənistana qarşı meyilləri nümayiş etdirməkdədir. Məhz Ermənistana qarşı bu təzyiqlərin Rusiya Prezidenti ilə müzakirə olunması da Ermənistana yaranmış situasiyadan çıxmaqda kömək edə bilər. Rusiya prezidentinin verdiyi tövsiyələr əsasında öz mövqeyini müəyyənləşdirəcək Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə də təsir göstərəcəyi gözlənilir.
Nəzərə alsaq ki, rəsmi Moskva da öz mövqeyində son zamanlar müəyyən qədər Ermənistana əks-siyasət yeridir, onda onun verəcəyi tövsiyələrin də hansı məcrada olacağı bəlli olur. Azərbaycanın ərazi bütövlüyünü tanıması və bu bütövlüyün məhz Ermənistan tərəfindən pozulmasını bəyan etməsi, eyni zamanda, Azərbaycanın regionda oynadığı rol və ikitərəfli əməkdaşlıqdan Rusiyanın Ermənistanla münasibətləri fonunda daha çox yararlanması da Rusiyanın mövqeyini müəyyənləşdirəcək. Onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda mövqeyinin yumşaldılması və ona təklif olunan variantlarla razılaşması üçün Ermənistana təzyiq göstərməsi gözlənilir. İşğalçı dövlət üzərində böyük təsiredici qüvvəyə malik olan Rusiyanın belə bir mövqe nümayiş etdirməsi isə, nəinki Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə səbəb ola bilər, eyni zamanda, bütövlükdə, regionun təhlükəsizliyi üçün müsbət rol oynaya bilər.
Digər bir məqam da ondan ibarətdir ki, Rusiyanın Ermənistana qarşı təzyiq göstərməsi məhz Türkiyə-Rusiya yaxınlaşması ilə əlaqələndirilə bilər. Son dövrlərdə regionun iki böyük dövləti arasında münasitbətlərin ən yüksək səviyyəyə qaldırılması və yüksək səviyyədə əməkdaşlığın qurulması özünü Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında göstərə bilər. Belə ki, Rusiya özü üçün mühüm tərəfdaş olan Türkiyə ilə münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında da Ermənistana təsir göstərə bilər.

Digər xəbərlər