“Rusiya özünü oyundan kənar saxlayaraq İranı "Seyid Əhməd əli" ilə tutub"
"Son illər İran tərəfindən Azərbaycana qarşı səslənən ittihamlar Rusiya tərəfindən verilən sifarişdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
O, hesab edir ki, ötən əsrdə olduğu kimi, yenə də Rusiya özünü oyundan kənar saxlayaraq İran və digərləri ilə siyasi addımlar atmaq istəyir. Ekspertin fikrincə, buna səbəb Gürcüstanda etdiyi səhvlərin Azərbaycanda təkrarlanmaması istəyindən irəli gəlir: "Yəni, İranı "Seyid Əhməd əli" ilə tutub. Çox təəssüf ki, "Seyid Əhməd" rolunda İran oynayır. Ona görə də bu həm din qardaşımız, həm də qonşu ölkə kimi Azərbaycana edilən təziqlərin arxasında İranın da maraqları var. Burada erməni maraqları ən axırdadır. Bütünlüklə rəsmi Tehranın yüksək vəzifəli şəxsləri tərəfindən verilən bəyanatlar, istərsə də KİV-də yayılan məlumatların arxasında İranın maraqlarından çox Rusiyanın maraqları dayanır. Burada Qafqaz üzərində gücünü daha da genişləndirmək məsələləri var".
Politoloq deyir ki, Azərbaycanın İranla yüksək səviyyədə əməkdaşlıq etməsinə baxmayaraq, İranda hər zaman bu əməkdaşlığın səmərəli həyata keçirilməsinə mane olub: "İran Azərbaycanı İsrail və ABŞ-la əlaqələr qurduğuna görə ittiham eləməyə çalışır, özü isə Ermənistanla sıx əməkdaşlıq edir, hətta Ermənistana hər cür yardımlar edir. Hesab edirəm ki, bu münasibətin arxasında tamamilə başqa məqsədlər durur. Hazırda islam inqilabı rəsmi Tehranı irəliyə yox, geriyə aparır. Farslar çox məkrli siyasət yürütdüklərinə görə, Azərbaycan mediası onların üzərinə getməlidir".
Türkiyə-İran yaxınlaşması nəticəsində rəsmi Tehranın Azərbaycana münasibətində dəyişlik etməyə məcbur olacağını bildirən politoloq Türkiyə iqtidarının dini yönümlü olduğundan, bir növ İranı zərərsizləşdirəcəyinə ümid etdiyini söyləyib. C.Nuriyev deyir ki, Türkiyə çalışacaq ki, hakimiyyətdə olan nurçuların dini baxışlarını İrana ixrac etsinlər: "Rəsmi Tehran gözəl anlayır ki, Türkiyə Azərbaycanı tək buraxan deyil. Çünki, İran regionda təklənməyə başlayıb. Türkiyə qonşularla "sıfır" problemi siyasəti yürütməsi ilə əlaqədar İrana yaxınlaşmağa başlayıb. İran da gözəl anlayır ki, türk birliyi sarsılan deyil. İnanıram ki, Türkiyə İranı bölgədə dini cəhətdən zərəsizləşdirəcək. Yavaş-yavaş Türkiyə İrana müdaxilə edir. Öz inqilabını yaymağa başlayır. İndi bu nə qədər alınacaq? Bunu zaman göstərəcək. Bütün hallarda İran bu və ya digər formada Türkiyədən asılıdır. Amma, bu qarışıqlı anlaşma daha çox Azərbaycanın xeyrinə olacaq".
Soçidə Rusiya, Türkiyə və Ermənistan nümayəndələrinin üçtərəfli görüşünə gəlincə, politoloq bildirib ki, görüşdə Surix protokollarının önə çəkiləcəyi istisna edilmir. O, qeyd edib ki, Ermənistanı əlində saxlamaq istəyən rəsmi Moskva, çalışacaq ki Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana təziq göstərsin və sərhədlərin açılmasında irəliləyişə nail olsun: "Amma mən inanmıram ki, Ərdoğan belə bir addım atsın. Çünki, Türkiyənin daxilində siyası mozaika çox ciddi şəkildə dəyişdi. Hal-hazırda, CHP-də Kamal Kılıçdaroğlunun hakimiyyətə gəlməsi AKP-də narahtçılıq doğurub. Çünki, siyasi partiyanın önəm verdiyi əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həllidir. AKP noyabrda baş tutacaq seçkidə öz səslərini itirməmək üçün məcbur olacaq ki, Azərbaycanın maraqlarını nəzərə alsın".