PDF Oxu

Araşdırma

  • 5

Ermənistan beynəlxalq təzyiqlər qarşısında

Ermənistan beynəlxalq təzyiqlər qarşısında
Avropa İttifaqı Cənubi Qafqazın çiçəklənməsi və bölgədə stabilliyin bərqərar olması, münaqişələrin nizamlanması strategiyasını yürüdür. Bu fikirlər Avropa Parlamentinin mayın 20-də qəbul etdiyi qətnamədə öz əksini tapıb. Bolqar parlamentar Yevgeni Kirillovun hazırladığı qətnamədə bildirilir ki, Azərbaycan, Ermənistan və Gürcüstan 2004-cü ildən Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq etsələr də, bölgə ilə bağlı kompleks regional strategiya mövcud deyil.
Deputatlar hesab edir ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasətində əsas səylər üç istiqamətə yönəlməlidir- münaqişələrin nizamlanması, demokratiya və insan haqlarının qorunmasına dəstək, qanunun aliliyi və iqtisadi əməkdaşlıq, sosial inkişaf: "Avropa Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrlə əlaqədar bu regionla münasibətində mürəkkəb geosiyasi situasiya ilə üzləşir, həmçinin Ermənistan-Türkiyə münasibətlərində də gərginlik mövcuddur. Regionda münaqişəli situasiyalar qəbulolunmazdır".
Avropa Parlamenti, həmçinin bölgə ölkələrinin hərbi xərclərini artırmasından narahatlıq ifadə edib və Ermənistanı öz Silahlı Qüvvələrini işğal etdikləri Azərbaycan torpaqlarından çıxarmağa çağırıblar. Qətnamədə bildirilir ki, Udondurulmuş münaqişələrFin mövcudluğu iqtisadi və sosial inkişaf qarşısında ən böyük maneədir. Parlamentarlar, həmçinin regionun Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından böyük önəm daşıdığını vurğulayıblar.
Avropa İttifaqının bu mövqeyi şübhəsiz ki, ATƏT-in və Avropa Şurasının münaqişənin həllində fəaliyyətini artırmağa sövq edə bilər. Minsk qrupunun hələ də münaqişənin sülh yolu ilə həllində ciddi nəticəyə nail olmaması qrupun formatında dəyişiklik edilməsi zərurətini ortaya çıxarıb.
Qeyd edək ki, son günlər Türkiyənin ATƏT-in Minsk qrupunda həmsədrliyi ilə bağlı fikirlər səslənir. Ekspertlər hesab edir ki, əgər Minsk qrupunun fəaliyyəti nəticə vermirsə, onda bunun məsuliyyəti həmsədr dövlətlərin üzərinə düşür. ABŞ-ın dünyadakı gücü, Rusiyanın regiondakı təsir imkanları, Fransanın isə beynəlxalq siyasətdə çəkisi onu deməyə əsas verir ki, əgər bu dövlətlər istəsələr, onda çox asanlıqla bu problemi həll edə bilərlər. Lakin bu müşahidə olunmur.
Türkiyə Minsk qrupunun həmsədri seçilsə bu prosesə başqalarından daha çox xeyir verə bilər. Nüfuzlu regional dövlət kimi Türkiyə Azərbaycan, həm də Ermənistan üçün müəyyən mənada önəm kəsb edir. Türkiyə mediasında yayımlanan analitik materiallarda, siyasi müşahidəçilərin və ekspertlərin açıqlamalarından vurğulanır ki, Türkiyənin həmsədrliyi məsələsi bu problemin həllindəki ədalətsizliyi aradan qaldıra bilər.
Maraqlıdır ki, qondarma soyqırım məsələsinin hər 3 həmsədr ölkənin parlamentlərində aktiv müzakirə olunması bu ölkələrin Ermənistanla bağlı məsələdə obyektiv qərar qəbul etməsini şübhə altına alır. Belə olan halda Azərbaycan Minsk qrupunun həmsədrlərinin dəyişdiriməsi təşəbbüsü ilə çıxış edə bilər. Ən pis halda Bakı Türkiyənin də qrupun həmsədrliyində təmsil olunmaslını tələb edə bilər. Azərbaycan Türkiyənin Minsk qrupu həmsədrliyinə gətirilməsi məsələsini qaldırmalıdır.
Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənilir. Görüşdə nazirlər Dağlıq Qarabağ münaqişəsinin indiki durumu və gələcək perspektivlərini müzakirə edəcəklər. Vasitəçi rolunda Rusiya çıxış etdiyindən danışıqların məhz bu ölkədə baş tutacağını düşünmək olar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə laqeyd yanaşır, onların yanvar ayında təqdim olunan yenilənmiş Madrid prinsiplərinə münasibət bildirməməsi bunun əyani təzahürüdür.
Yeri gəlmişkən, mayın 23-də Dağlıq Qarabağda keçirilən qondarma Uparlament seçkiləriF Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədi daşıyır və Azərbaycan ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə xidmət edir. Belə də Minsk qrupunun erməni icmasının gələcək danışıqlarda iştirakı barədə dedikləri onların problemə beynəlxalq hüquq kontekstində yanaşmadığını göstərir.
Bir qədər öncə Ankarada Rusiya prezidenti ilə görüşən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərin üzərinə böyük məsuliyyət düşür və onlar bu missiyanı uğurla həyata keçirməlidir. Analitiklərin fikrincə, bu gün rəsmi Ankaranın əsas məqsədi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru addım atmasına nail olmaqdır.
Türkiyə rəsmiləri açıq şəkildə bildirirlər ki, Ermənistanla sərhədlər yalnız işğal olunmuş torpaqların azad edilməsinə başladıldıqdan sonra açıla bilər. Bu addım regionda uzun müddətli sülhün yaranmasına gətirib çıxara bilər ki, bu, həm Türkiyə, həm Rusiya, həm də Ermənistan və Azərbaycanın maraqlarına uyğundur.
Lakin beynəlxalq arenada siyasi və təbliğati savaşı uduzan Yerevan danışıqları uzatmağa çalışmaqla vaxt udmağa çalışır. Görünən odur ki, problemin sülh yolu ilə həlli də, hərb yolu ilə həlli də Ermənistanı qane etmir. Bu səbəbdən də, danışıqlarda əlavə problemlər çıxarmaqla prosesi uzadır. Ekspertlərin qənaətincə, Ermənistanın belə addımları hərbi variantın gündəliyə çıxmasına təkan verə bilər.
Hazırda həm Minsk qrupunun həmsədrləri, həm də İrəvan hərbi ssenarinin tətbiqinə qarşı çıxır və problemin dinc yolla nizamlanması üçün danışıqları davam etdirməyə çağırırlar. Ermənistan müharibə variantının arxa plana atılması məqsədilə beynəlxalq təşkilatların təsir imkanlarından faydalanmağa səy göstərir. Bu gün Ermənistanın düşdüyü ağır siyasi və iqtisadi böhran onun münaqişənin həllində hər hansı fərqli situasiyaya hazır olmadığından xəbər verir.
Siyasi müşahidəçilərin fikrincə, burada Rusiya faktoru da var. Rusiya həm Ermənistanı, həm də Azərbaycanı öz təsiri altında saxlamaq üçün ümumiyyətlə, münaqişənin həllində irəliləyişin olmasını istəmir. Bu amillərin təsiri altında Ermənistan hakimiyyəti özünün maraqlarına uyğun olan varianta razılaşmır.
Lakin, Ermənistan hazırda ciddi siyasi, iqtisadi, sosial və hərbi böhran yaşadığından Yerevanın başqa seçimi yoxdur. Çünki erməni hakimiyyəti danışıqların baş tutmayacağı təqdirdə müharibənin qaçılmaz olacağını və bunun da nə ilə sonuclanacağını yaxşı anlayır.
Beynəlxalq təcrübə göstərir ki, vəziyyət pisləşməyə doğru getdikdə çıxış yolu üçün təcili tədbirlər görmək əvəzinə vaxtı uzatmağa çalışmaq nəticə vermir. Çünki zaman Azərbaycanın xeyrinə işləyir. Hər il bu balans Bakının xeyrinə daha çox dəyişir.

Digər xəbərlər