PDF Oxu

Araşdırma

  • 12

Erməni separatçılarının fəaliyyəti beynəlxalq hüququn pozulması ilə müşahidə olunur

Erməni separatçılarının fəaliyyəti beynəlxalq hüququn pozulması ilə müşahidə olunur
Ermənistan silahlı qüvvələrinin ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmişdir. İşğal edilmiş Dağlıq Qarabağ ərazisində ermənilər, hətta öz qondarma respublikalarını da yaratmaqdan çəkinməmişlər. Qondarma Dağlıq Qarabağ respublikasında öz çirkin əməllərini törətməkdən çəkinməyən erməni separatçıları burada müxtəlif siyasi fəaliyyətlərlə də məşğul olmaqdadırlar. Onlar, hətta Dağlıq Qarabağ ərazisində saxta seçkilər belə keçirməkdən çəkinmirlər. Bu il isə qondarma respublikada parlament seçkiləri keçirməyə hazırlaşan ermənilər seçkilərə böyük hazırlıq işləri görməkdədirlər. Qondarma Dağlıq Qarabağ respublikasında vaxtaşırı olaraq ermənilər tərəfindən seçkilərin və digər siyasi fəaliyyətlərin həyata keçirilməsi, əlbəttə ki, heç bir beynəlxalq qurum və yaxud dövlət tərəfindən tanınmayan respublikanın Ermənistanın tapşırığı ilə hərəkət etdiyi də məlumdur. Əslində, Azərbaycan Respublikasının ərazisi kimi bütün beynəlxalq sənədlərdə tanınan Dağlıq Qarabağ ərazisində hər hansı bir fəaliyyətin həyata keçirilməsi tamamilə beynəlxalq hüququn və beynəlxalq siyasi normaların pozulması deməkdir. Bütün bunlara baxmayaraq, ermənilər öz hərəkətlərində iddialı olaraq qondarma respublikada seçkilər keçirmək niyyətindədirlər. Bu iddialılığın haradan qaynaqlandığına gəldikdə isə, demək olar ki, Ermənistan dövlətinin xüsusi dəstəyi və bəzi beynəlxalq qurumların, o cümlədən, separatçı rejimləri dəstəkləyən bəzi dövlətlərin qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbərliyinə verdiyi təminat onu ruhlandıran amillərin başında dayanır. Bir müddət bundan öncə, ABŞ tərəfindən Ermənistana və onun prezidentinə göstərilən münasibət ona öz işğalçı və separatçı mövqeyini möhkəmlətməyə imkan verir. Digər tərəfdən isə, Minsk Qrupunun yeni həmsədri İ.Popovun Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər də qondarma respublikanın rəhbərliyini öz fəaliyyətlərini həyata keçirməkdə daha da ruhlandırır. Belə ki, Popov Ermənistana səfəri zamanı Dağlıq Qarabağa da səfər etmiş və qondarma respublikanın rəhbərliyi ilə keçirdiyi görüşdə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi gələcəkdə iştirak edə biləcəyi ehtimalı və Dağlıq Qarabağdan Rusiyaya aviareysin açılması ideyasını irəli sürmüşdür. Onun belə bir absurd fikirlər səsləndirməsi rəsmi Bakı tərəfindən tənqid olunsa da, artıq fakt ondan ibarətdir ki, həmsədr öz sözləri ilə qondarma Dağlıq Qarabağ rəhbərliyinə öz işlərini görməkdə özlərinə bir növ əminlik yaratmağa imkan verir. Hər halda, məhz bu və yuxarıda adını çəkdiyimiz digər amilin nəticəsidir ki, ermənilər Dağlıq Qarabağda parlament seçkiləri keçirməkdə iddialıdırlar. Dağlıq Qarabağda qondarma seçkilərin keçirilməsi heç bir halda yol verilən deyil. Ermənilərin öz hərəkətlərini hər nə qədər düzgün olduqlarını iddia etsələr də, onların fəaliyyəti heç bir beynəlxalq norma ilə tənzimlənmir. Belə olan təqdirdə, ermənilərin keçirdiyi qondarma seçkilərin də tanınması mümkün deyil. Bunu deməyə əsas verən amillərdən biri də Azərbaycan dövlətinin bu yöndə tutduğu barışmaz mövqedir. Təbii olaraq, Azərbaycan hökuməti ermənilərin Dağlıq Qarabağda keçirmək istədiyi seçkiləri pisləmiş və Azərbaycan dövlətinin razılığı olmadan onun ərazisində belə bir seçkinin baş tutmasının mümkün olmadığı bildirilmişdir. Belə olan təqdirdə, ermənilərin keçirmək istədikləri seçkilər, nəinki tanınmayacaq, eyni zamanda, cinayət kimi də qəbul olunacaqdır. Torpaqlarımızı işğal etdikləri azmış kimi, burada, hətta seçkilər də keçirmək istəyən ermənilərin buna görə müvafiq cəzaya layiq görülmələri münasib sayılır. Burada isə beynəlxalq və regional təşkilatların aktiv rol oynaması daha çox məqsədəuyğundur.

Digər xəbərlər