Tarix elmləri namizədi, dosent Boran Əzizin "Səs" qəzetinə müsahibəsi
- 1920-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə süqut rəqəmi kimi daxil oldu. İstərdik ki, o vaxtkı siyasi proseslər barədə məlumat verəsiniz...
- 1920-ci ili aprel ayında Azərbaycan Cümhuriyyətinin XI qırmızı ordu tərəfindən işğalı onun sonrakı onilliklər dövrünün sosial-iqtisadi, mədəni həyatında dərin izlər buraxıb. Müstəqilliyin itirilməsi həm Azərbaycan dövlətinin ərazisində yaşayan və müstəqilliyi qiymətləndirən adamlar üçün böyük faciə idi. Ümumiyyətlə, bolşevik Rusiyası Azərbaycanın müstəqilliyini heç cür qəbul etmirdi və ona son qoymaq üçün müxtəlif üsullardan, vasitələrdən istifadə edirdi. Əvvəlcə, ölkənin cənubunda Muğan-Sovet respublikası adlanan qurumu yaratdılar və onun vasitəsilə Azərbaycanda sovet rejiminin qurulmasına, ölkəmizin yenidən bolşevik Rusiyasının tərkibinə daxil edilməsinə cəhdlər göstərirdilər. Ancaq Azərbaycan Ordusu bu qiyamı yatırmağa nail oldu. Daha sonra ümumi qərara gəldilər ki, ölkə daxilində 5-ci kalon kimi Kommunist Partiyasını yaratsınlar. Onun vasitəsilə Azərbaycanda qiyam qaldıraraq, guya üsyana qalxmış fəhlə və kəndlilərə kömək adı ilə rus qoşunlarını Azərbaycana soxsunlar. Bunun üçün 1920-ci ilin fevral ayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaradıldı. Çox qəribədir ki, bu gün özlərini kommunistlərin varisləri hesab edənlər Azərbaycan Cümhuriyyətinə qarşı silahlı hücum xəttini tutan və onun işğalına hər cür şərait yaradan bir təşkilatın ideyalarını yaymağa və ölkəmizdəki fəaliyyəti onunla əlaqələndirməyə çalışırlar. Bu da, təbii ki, yolverilməz haldır.
- Boran müəllim, Kommunist Partiyasında azərbaycanlılar, yoxsa ermənilər daha çox üstünlük təşkil edirdilər?
- Qeyd edim ki, kommunist Partiyasının tərkibində azərbaycanlılardan daha çox, ermənilər var idi. Kommunist partiyasının yaradılmasına razılıq da Moskvadan verilmişdi. Hələ bundan bir il öncə, Rusiya Kommunist (bolşeviklər) Partiyasının siyasi bürosunda və Qafqaz yerli komitəsində Kommunist Partiyasının Azərbaycan adlandırılması haqqında bir sıra məsələlər müzakirə olunurdu. Nəhayət, 1920-ci ildə Azərbaycan Kommunist Partiyasının yaranmasına razılıq verildi. Bu, çox maraqlı bir məsələdir. Çünki uzun müddət Azərbaycan Kommunist Partiyasının guya müstəqil siyasi təşkilat olduğunu və Azərbaycan fəhlə və kəndlilərinin mənafeyini müdafiə etdiyini iddia edirdilər. Lakin bu məsələ həmin iddianın doğru olmadığını göstərirdi. Digər maraq hadisə isə, o dövrdə Azərbaycan Cümhuriyyətinin müstəqilliyinə son qoymaq məqsədilə yaradılan kommunist təşkilatı ilə ermənilərin iş birliyi idi. Çünki 1920-ci ilin fevral ayında Vaxaryanın rəhbərliyi altında erməni nümayəndələri Moskvaya getmişdilər. Orada belə bir razılığa gəlmişdilər ki, ermənilərin Qarabağda qiyam qaldırması, Qazax istiqamətindən Azərbaycan torpaqları üzərinə hücum etməsi, cümhuriyyət qoşunlarının əsas hissəsinin Rusiya ilə sərhədlərdən oraya keçirilməsinin müqabilində Rusiya, Naxçıvan, Zəngəzur və Qarabağın ermənilərə verilməsinə şərait yaradılacaq. Maraqlıdır ki, Qarabağda qiyam qalxarkən, Azərbaycan parlamentində "Hümmət" təşkilatının üzvləri bir neçə dəfə çıxış edərək, bu qiyamı yatırmağa çalışırdılar. Belə ki, bunun üçün Dağıstanda hazır vəziyyətdə dayanan XXI qırmızı ordunun dəvət olunmasını göstərirdilər.
1920-ci ilin aprel ayının 1-də parlamentdə bununla bağlı çox gərgin müzakirələr aparılmışdı. Məmməd Əmin Rəsulzadə bu məsələ ilə bağlı çıxış edərək, Qarabağdakı erməni qiyamının onlar tərəfindən yatırıla bilmədiyi haqqında fikirlərə münasibət bildirirdi. Qeyd edirdi ki, parlamentdəki bəzi çıxışlarda onların buna gücünün çatmadığı və onun qarşısının alınması üçün rus qoşunlarının buraya dəvət olunması vurğulanırdı. O isə, öz çıxışında qeyd edirdi ki, bu cür fikirlər asilikdir və müstəqil dövlətimizə qarşı çıxmaqdır. Bu çıxış istər Qarabağda ermənilər, istərsə də, Bakıda parlamentdə əyləşən bir şəxs tərəfindən səsləndirilsin. Bu adamın adı istər Vartaqan, istərsə də, Əliheydər. Hər ikisi Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin düşmənidir. M.Ə.Rəsulzadə bildirirdi ki, əslində, çıxış edən şəxslərin Azərbaycan müstəqil dövlətinin və xalqının vəkili, yoxsa Azərbaycana qarşı qiyam qaldıran, onun müstəqilliyinə soq qoymaq istəyən qüvvələrin vəkili olduğunu anlamıram.
- O zaman bu məsələdə ictimai-siyasi xadimlərimizin mövqeyi barədə nə deyə bilərsiniz?
- Azərbaycan Cümhuriyyətinin devrilməsində ayrı-ayrı siyasi xadimlərin də rolu olub. Belə ki, onların düzgün mövqe tutmamaları buna səbəb olmuşdur. Məsələn, bunlardan biri Nəriman Nərimanov idi. O, hələ 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin tanınıb-tanınmaması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə, sonradan isə Millətlər Komissarlığına və oranın Şərq şöbəsinin müdiri Nərimanova verilmiş məktuba mənfi münasibət bəsləmişdi. O, bu hərəkəti ilə bildirmişdir ki, Azərbaycan Cümhuriyyətinin müstəqilliyini tanımaq olmaz. Çünki onu idarə edən bəy və xanlar guya Azərbaycanın qatı düşmənidir. Hətta 1919-cu ilin iyulunda Nəriman Nərimanova məktub yazaraq, onları rus fəhlə və kəndli sinifinin mənafeyinə xəyanət etməkdə ittiham edirdi. Göstərirdi ki, o müthiş saat yaxınlaşacaq və siz nə qədər böyük səhv etdiyinizi, Rusiyanın buradakı maraqlarını nəzərə alınmadığının acılarını çəkəcəksiniz. Çox açıq şəkildə təhdid edərək, bildirirdi ki, yaxşı olar ki, siz hakimiyyəti idarə edə bilmədiyinizi etiraf edəsiniz və hakimiyyəti kommunistlərə təhvil verəsiniz.
- Baş verən proseslərə beynəlxalq münasibət necə idi?
- Əlbəttə, ölkə daxilindəki bu məsələlərlə yanaşı, baş verən proseslərə beynəlxalq münasibət də Azərbaycan Cümhuriyyətinin xeyirinə deyildi. 1920-ci ilin əvvəllərində Rusiya artıq Denikin ordusunu məğlub etdikdən sonra Azərbaycan-Dağıstan sərhədlərinə gəlmişdi. Bu baxımdan da, SSRİ-nin bir-birinin ardınca bir neçə dəfə Azərbaycan Cümhuriyyətinə məktub yazaraq, onu təhdid etməsi təsadüfi sayıla bilməz. Hələ 1917-ci ilin martında Lenin Simirquya məktubunda yazırdı ki, Bakını tutmaq bizim üçün olduqca zəruridir. Çünki Rusiyadakı fabrik və zavodların böyük bir qismi yanacaq çatışmazlığından dayanıb. Bu da orada işsizliyə, fəhlələrin narazılığına səbəb olmuşdur. Ona görə də, Rusiya üçün Bakı və buradan çıxarılan yanacağı əldə etmək çox vacib idi. Bu nöqteyi-nəzərdə, XXI qırmızı orduya və onun rəhbərliyinə Bakını tutmaq üçün Azərbaycan Cümhuriyyətinin xəbəri olmadan müvafiq planı hazırlamağı tapşırmışdı.
- Bəs o dövrlərdə dost-qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycana dəstəyi hansı səviyyədə idi?
- O vaxtlar Türkiyənin özü də ölüm-dirim savaşı aparırdı. Bu savaşda bolşevik Rusiyası ona maddi və silah-sursat köməkliyi göstərirdi. Ona görə də, onlar Rusiyanın 1914-cü il sərhədləri daxilində öz ərazisini bərpa etməsinə bitərəf yanaşırdı. Bunu o dövrdə bolşevik Rusiyası ilə Türkiyə arasında aparılan danışıqlardan da hiss etmək olardı. 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Bakının yadelli işğalçılardan azad olunmasında türklərin xidmətləri çox yüksək olub. Bu gün biz türk şəhidlərinin ruhu qarşısında baş əyirik. Eyni zamanda, belə bir fikir var ki, guya həmin vaxtlar türklər azərbaycanlıları ingilispərəst, qərbpərəst hesab edərək, onların kommunistlərlə əvəz olunması mövqeyindən çıxış edirdilər. Ona görə də, kommunistlər həmin vaxt belə bir təbliğat aparırdılar ki, guya Türkiyənin tapşırığı ilə Xəlil Paşa və digərləri Bakıya daxil olmadan, Anadoluda mübarizə aparan Osmanlı qoşunlarına köməyə gedəcək.
Biz o dövrlərdə Azərbaycan Cümhuriyyətinin devrilməsində iki amili, daxili və xarici amilləri əsas götürürük. Onlara nəzər saldıqda isə, xarici amillərin daha üstünlük təşkil etdiyinin şahidi oluruq. Bəzən belə bir fikir formalaşdırmağa çalışırlar ki, o dövrdə cümhuriyyətin idarə edilməsində hədsiz dərəcədə demokratizm hökm sürüb, erməni milli şurasının üzvləri Azərbaycan parlamentində sərbəst şəkildə fəaliyyət göstərirlər və s. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycandan sonra Gürcüstan və Ermənistan da işğal olundu. Məgər ermənilərin və gürcülərin parlamentlərində özlərindən başqa millətlərin nümayəndələri var idi? Belə olan halda, onlar nə üçün süquta uğradı?
Qonşuluğumuzda başqa ölkələrin ərazilərini tutmaq istəyən və hərbi baxımdan qat-qat güclü olan bolşevik Rusiyası burada həlledici amil rolunu oynayırdı. Təbii ki, o dövrdə Parisə toplaşan böyük dövlətlərə Rusiyanın bu fikri ilə bağlı məsələ çatdırılmışdı. Hətta Əlimərdan bəy Topçubaşovun Hüseynova vurduğu teleqramlarda onun əsl məqsədləri bildirilmişdi. Onunla bu barədə danışıqlar aparılmışdı. Amma əslində, onlar bununla bağlı real köməklik göstərmədilər. Beləliklə, beynəlxalq şərait cümhuriyyətin ziyanına işləyirdi. Bunlar kompleks şəkildə götürüldükdə Avropada, bolşevik Rusiyasında və Qafqazda cərəyan edən siyasi hadisələr daxili ictimai-siyasi proseslərlə həmahəng getdiyi üçün Azərbaycan Cümhuriyyətinin varlığına son qoyuldu. Bu, bizim üçün sonradan Azərbaycan ərazilərinin böyük bir hissəsinin itirilməsinə səbəb oldu. Çünki cümhuriyyət dövründə mübarizəsiz ərazilər 97 min kv.kilometr idisə, bir qədər sonra bolşeviklər Azərbaycan torpaqlarının bir hissəsini Gürcüstana, Rusiya Federasiyasına və Ermənistana verməklə 86 min kv.km ərazi qaldı. Zəngəzur iki yerə, Yuxarı və Aşağı Zəngəzur hissələrinə bölündü. Yuxarı Zəngəzuru öz ərazisinə birləşdirdi, Aşağı Zəngəzuru da öz ərazisinə birləşdirmək istəyəndə böyük təpgilərə məruz qaldı və bunu edə bilmədi. Necə ki, Qarabağı yuxarı və aşağı adlandırıb, onun yuxarı hissəsində muxtar qurum yaratdı və onu sonradan Azərbaycanın tərkibindən çıxartdı. O dövrdə belə bir planın Zəngəzur və Naxçıvana aid olmasına da cəhdlər göstərilirdi.
Bundan əlavə, minlərlə adam, Azərbaycanın ən dəyərli ziyalıları həbs olundu, güllələndi. Təsəvvür edin ki, bir il ərzində, 1920-ci ilin aprelindən 1921-ci ilin mayına qədər 48 min adam öldürülmüş və ya güllələnmişdir. XI qırmızı ordu Azərbaycana iqtisadi, siyasi, mənəvi cəhətdən çox böyük zərbə vurmuşdur. Amma bununla yanaşı, M.Ə.Rəsulzadə özünün qələmə aldığı xatirələrində Stalinə sual edib ki, siz Azərbaycana nə verdiniz? O da cavab verib ki, biz çox şey verə bilməsək də, istiqlal dadını dadızdırdıq. Məhz bu istiqlal dadını dadızdıra bildikləri üçün idi ki, bolşevik Rusiyasının 1930-cu illərdə repressiyalar həyata keçirməsinə və Azərbaycan xalqını bütün hüquqlarından məhrum etməsinə baxmayaraq, onun qəlbindən azadlıq, müstəqillik istəyini çıxara bilməmişdir. 1980-ci illərin axırlarından başlayan milli hərəkat 1991-ci ildə tamamilə qanunauyğun olaraq dövlət müstəqilliyinin bərpası ilə başa çatmışdır.
- Boran müəllim, ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyinin qorunmasında və möhkəmlənməsində rolunu necə qiymətləndirirsiniz?
- Təbii ki, ulu öndər Heydər Əliyevin bu missiyada böyük xidmətləri olub. Xüsusilə, Onun Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə parlamentdə keçirilən iclasda bir qrup deputatla SSRİ rejiminin saxlanılmasının əleyhinə səs verməsi olduqca mühüm hadisə idi. Naxçıvan muxtar sovet sosialist respublikaları ittifaqı sözündən sovet sosialist respublikası sözünün çıxarılması, milli qüvvələrin ruhlandırılması və istiqamətləndirilməsi, onların qorunub-saxlanılması, eləcə də, gənclərin savadlandırılması milli mənafeyimizə xidmət edən fəaliyyət istiqamətlərindəndir. Təbii ki, bu amillər 1980-ci illərin sonlarında milli hərəkatın başlamasına və ziyalılarımızın milli ruhda fəaliyyət göstərməsinə təkan verdi.