Kriminal-oliqarxlar Ermənistanı həbsxana qanunları ilə idarə edirlər
Cənubi Qafqazın hərbi diktatura rejimli dövləti olan Ermənistanla bağlı verdiyimiz prqnozlar artıq özünü doğrultmaqdadır. Burada ali icraedici və qanunverici hakimiyyətin bir qrup kriminal-oliqarxın əlində olması, korrupsiya halının genişlənməsi, hətta, siyasi sistemi bütövlükdə öz təsiri altına alması cəmiyyətə və bütövlükdə dövlətə hansı zərbələr vurduğunu son olaylar da göstərdi.
Belə ki, aprel ayının 17-də Yerevanda baş vermiş, 100 nəfərdən artıq insanın iştirak etdiyi kriminal qarşıdurma bu gün də Ermənistan mediasının əsas müzakirə obyektidir. "Aykakan Jamanaka" qəzetinin məlumatına görə, kriminal qarşıdurma "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Çarukyan ilə Yerevanın meri Qaqik Beqlaryan (Qara Qaqo) arasında baş verib: "Qarşıdurmaya əsas səbəb avtoritet "Dmbuzu Xendo"ya malik ərazi olub. Son məlumatlara görə, qarşıdurmada tanınmış avtoritet, öldürülmüş polis rəisi müavini Qevorqyan Mqeryanın qohumu "Erord masi Qonç" və avtoritet "Masivi Jiro" da iştira ediblər". "Aravot" qəzetinin yazdığına əsasən bildirilir ki, Rusiyadan olan erməni əsilli avtoritetlər də qarşıdurmada iştirak ediblər. Nəşr qeyd edir ki, şəkillərdən də göründüyü kimi, gödəkcələrin üzərində PPA nişanı var: "Lakin, Qaqik Çarukyanın mətbuat-katibi partiyanın üzvlərinin qarşıdurmada iştirakını tamamilə təkzib etdi. Buradan isə müxtəlif suallar doğur: görəsən, PPA nişanlı insanlar kimlərdir?".
Öz növbəsində "Çorrod İnknişxanutyun" qəzeti vurğulayır ki, hadisə yerində kənd təsərrüfatı nazirinin müavini Vardan Karapetyan da olub. Yazılmış məqalədə deyilir ki, V.Karapetyan bacının evindən çıxandan sonra necə hadisə yerində peyda olduğunu uzun müddət aydınlaşdırmağa çalışıb: "Hər kəs dayanıb baxırdı, mən də durdum ki, hadisə ilə tanış olum. Mən işdən çıxdıqdan sonra bacımgilə getmişəm. Bu da cinayətdir? Mən bu qarşıdurmada iştirak etməmişəm. Bu prosesdə iştirak etmək mənəvi cəhətdən aşağılanmaqdır".
Amma jurnalistlərin "maşınızda yoxlama aparılıbmı?" sualını cavablandıran V.Karapetyan söyləyib ki, onun maşını "Crazy horse" yaxınlığında dayanıb. Bu məkan isə hadisə yerindən uzaq deyil.
Kriminal qarşıdurma ilə əlaqədar açıqlama yayan hüquq-mühafizə orqanları bildiriblər ki, aprel ayının 17-də baş vermiş xuliqanlıq hadisəsinə görə, Avan və Nor-Nork məhkəmələrinin qəraralarına əsasən, 9 evdə axtarış aparılıb: "Axtarış zamanı tapança, Çin istehsalı, 35 sm uzunluqda olan nikelli dəyənək, zavod istehsalı olan odlu silah, 60 sm uzunluqlu rezin dəyənək, 53 sm uzunluqlu kustar üsulla düzəldilmiş bıcaq, 7,62 mm 343 ədəd güllə, 17 güllə ilə birlikdə "Sayqa-20-K" təklüləli tüfəng, 2 patronaj və tapança kaburası tapılmışdır".
Baş vermiş qarşıdurmanın motivinə nəzər saldıqda görürük ki, korrupsiyanın geniş miqyas alması və kriminal-oliqarx qrupların Ermənistanı həbsxana qanunları ilə idarə etməsi əsas prinsip kimi önə çıxır. Çünki, ölkə daxilində ərazi və nüfuz savaşı çox vaxt kriminal qruplar arasında baş verir. Amma bu kriminal qrupların rəhbərləri dövlət rəsmiləri olduqda, artıq vəziyyətin hansı istiqamətdə inkişaf etdiyini müəyyən etmək olar.
Qeyd edək ki, eks-prezident Robert Koçaryanın və hazırki dövlət başçısı Serj Sarkisyanın var-dövləti və maliyyə aktivləri, başçılıq etdikləri kriminal qruplar haqqında çox danışılıb. Ermənistanda dövlət vəzifəsində çalışanların kriminal qruplarla əlaqəsi barədə ötən saylarımızda ətraflı məlumat vermişdik. Bütün məlumatların təhlilindən də aydın görünürdü ki, Ermənistan daxilində iki böyük kriminal qruplaşma var: Robert Köçaryanın və Serj Sarkisyanın tərəfdarları. Ermənistanın sabiq prezidenti Robert Koçaryan, elə indiki prezident Serj Sarkisyan əllərinə düşən fürsətdən lazımınca istifadə ediblər.
Faktlar sübut edir ki, hazırda onlar ölkədə elə korrupsion sistem formalaşdırıblar ki, orada vicdanlı insana yer yoxdur. Ermənistanın dövlət sistemi idarəçiliyində bu və ya digər məmur asan qazanc əldə etmək məqsədilə vəzifə səlahiyyətindən sui-istifadə etməyi adi hala çevrilib, bununla bağlı məmurların fəaliyyət dairəsi daim genişlənməkdədir. Belə vəziyyət, həm də ona gətirib çıxarıb ki, Ermənistanda əsas iş adamları kimi yalnız yüksək çinli məmurlar çıxış edir və sözügedən ölkənin mövcud reallığı kontekstində hakimiyyət və biznesin tam qovuşmasını görmək mümkündür. Bu sistemdə biznesmenlər yalnız yüksək vəzifəli şəxslər olur. Dövlət sifarişindən və biznesdən erməni reallığı çərçivəsində danışmaq qeyri-mümkündür.
2009-cu ilin yekunlarına əsasən, Ermənistan MDB dövlətləri arasında ümumi daxili məhsulun azalması baxımından 14,4 faizlik göstərici ilə birinci yerə çıxıb. Ekspertlər belə hesab edirlər ki, həmin nəticə tamamilə qanunauyğun və gözlənilən olub. Çünki, Ermənistanın iqtisadi cəhətdən sürətlə çökməsinin əsas səbəblərindən biri də hədsiz miqdarda varidata sahib olan yüksək çinli məmurların gündən-günə artan korrupsiyanın, hakimiyyət sıralarına kriminal ünsürlərin daxil olmasının qarşısını ala bilməməsidir".
Ermənistanda iqtisadi sferada maliyyə-fırıldaq piramidasının prinsipləri ilə fəaliyyət göstərən kriminal-güc konstruksiyası formalaşıb. Hökumət asan və rahat bir şəkildə süni olaraq dramın kursunu qaldırır və öz kriminal-oliqarx qruplaşmalarının yüksək valyuta mənfəəti qazanmasını təmin edir. Əlbəttə, qazanılan belə pullar Ermənistanda saxlanılmır. Ölkəni idarə edənlər möhkəm əsaslara malik milli dövlət, eləcə də, istər milli, istərsə də sadə vətəndaşların maraqlarını qoruyacaq hakimiyyətin yaradılması istəyindən çox uzaqdırlar. Onlar hakimiyyətə öz siyasi opponentlərinə və siyasi rəqiblərinə qarşı cəza vasitəsi kimi baxırlar. Problem ondadır ki, bütün ölkə kriminal anlayışın ən pis ənənələri ilə fəaliyyət göstərən bir neçə insanın mülkiyyətinə çevrilib. Ən pisi hakimiyyət qruplaşmalarının Ermənistanda olan müəssisələrinə valyuta vasitələrini xarici banklarda və offşor zonalarda yerləşdirmək üçün bir alət olaraq yanaşmalarıdır. Belə vəziyyətdə Ermənistana verilən beynəlxalq kreditlər də məmurların öz şirkətləri arasında bölüşdürülür. Həmin kreditlər sadə vətəndaşların sosial müdafiəsinin güclənməsində heç bir rol oynamır, əksinə, ölkənin xarici borclarını təhlükəli templərlə artırır. Həmçinin, real və yeni iş yerlərinin yaradılması müşahidə olunmur".
Tarixi təcrübə ona dəlalət edir ki, dövlətlərin tənəzzülünü nümayiş etdirən əsas faktorlar qismində məhz, ölkə dxilində kriminal-oliqarx qruplaşmalarının güclənməsi, korrupsiya və özbaşınalığın artması və s. çıxış edir.
Bütün bu faktlar onu göstərir ki, Ermənistan bir dövlət olaraq, süqutunun son mərhələsindədir.