Dünən, "Olaylar" qəzetinin redaksiyasında qəzetinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Erməni separatizmi və terroru bəşəriyyət üçün təhlükədir" layihəsi çərçivəsində "Bitməyən düşmənçilik" adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan "Olaylar" qəzetinin baş redaktor müavini Elman Cəfərli layihənin məqsədi barədə geniş məlumat verdi. O bildirdi ki, layihə çərçivəsində dəyirmi masalar, konfranslar keçiriləcək, layihənin icrasına cəlb edilmiş qəzetlərdə və elektron KİV-də erməni terrorizmini ifşa edən təbliğat materialları dərc olunacaq, jurnalistlərin erməni vəhşiliyinin bariz göstəricisi olan Quba rayonunda yerləşən toplu məzarlığa səfəri təşkil olunacaq. Layihə çərçivəsində jurnalistlər arasında yazı müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur. Azərbaycan türklərinə qarşı erməni terrorunun tarixinə ekskurs edən E.Cəfərli bildirdi ki, Qafqaza gəlmə xalq olan ermənilər Azərbaycan torpaqları Rusiya və Qacar imperiyaları arasında parçalanandan sonra fəallaşmağa başlayıblar: "Hələ Pyotrun zamanında Qafqazda ortaya dövlət yaratmaq iddiası qoyan ermənilər bu istəklərinə XX əsrdə nail oldular. Bundan öncə, 1828-ci ildə rus çarı Nikolayın fərmanı ilə qədim Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində erməni vilayəti yaradılmışdı. Nəhayət, 1918-ci ildə İrəvan xanlığının ərazisində Ermənistan dövləti yaradıldı.
Pyotrun vəsiyyətinə uyğun olaraq, isti sulara çıxmaq niyyətində olan rus çarları daim ermənilərdən bölgə xalqlarına, özəlliklə də, türklərə qarşı istifadə edir, onların əli ilə Türkiyəni arxadan vurmağa çalışırdılar. "Erməni-müsəlman müharibələri" adlanan münaqişələr də belə yaranırdı". E.Cəfərli arxalarında Rusiya kimi nəhəng dövlətin dəstəyini hiss edən ermənilərin daim terror təşkilatları yaradıb, müharibəyə hazırlaşdıqlarını bildirdi. Dağlıq Qarabağ münaqişəsi başlayandan ötən 22 ildə dünyanı hələ öz həqiqətlərimizə inandıra, haqlı tərəf olduğumuzu sübuta yetirə bilmədiyimizi vurğulyan natiq, qeyd edib ki, torpaqlarımızın 20 faizi işğal olunsa da, Ermənistanla Azərbaycan sadəcə münaqişə tərəfləri kimi qəbul olunurlar. Dəyirmi masada çıxış edən "Qarabağ Azadlıq Təşkilatı"nın sədri Akif Nağı tarixən Azərbaycana qarşı ərazi iddiasında olan ermənilərin 20-ci əsrin əvvəllərində yaranmış beynəlxalq vəziyyətdən yararlanaraq, daha da fəallaşdıqlarını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqının ermənilərə qarşı müqavimət göstərməyə hazır olmaması onları daha da ruhlandırıb.
Tarixçi alim Bəxtiyar Tuncay da çıxışında qeyd etdi ki, XX əsrin əvəllərində Birinci Dünya müharibəsinin getdiyi bir dövrdə hər bir dövlət iddiasını təmin etmək üçün müttəfiq axtarışında idi. Ermənilər də bundan maksimum istifadə edərək, Azərbaycan ərazilərində kütləvi qırğınlar törətdilər: "Əslində, ermənilən o gücdə deyildilər ki, hansısa ərazini işğal etsinlər. Təbii ki, bu prosesdə onlara ruslar böyük yardımçı oldu. Erməniləri silahlandıran və texniki dəstək verənlərin fransızlar və rusların olması tarixi sənədlərlə təsdiqini tapıb" - deyən B.Tuncay "Sevr" sülh anlaşmasında ermənilərə və kürdlərə ayrıca dövlət yaratmaları üçün torpaq verilməsi məsələsinin qeyd olunduğunu dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.