PDF Oxu

Araşdırma

  • 4

Ermənistanda cinayətkarlıq piramidası

Ermənistanda cinayətkarlıq piramidası

Ermənistanın sosial-iqtisadi sferada üzləşdiyi problemlərin əsas səbəblərindən biri- ölkədəki mövcud hakimiyyətin korrupsioner və kriminal xarakterli olmasıdır. Xatırladaq ki, vətəndaşlarının hüquq və azadlıqlarını kobudcasına pozan, xalqı öz maraqları naminə dəfələrlə zərbə altına qoyan Sarkisyan rejiminin bu və ya digər cinayətkar əməlləri haqqında, nəinki Ermənistan əhalisi, hətta dünya ictimaiyyəti də artıq xəbər tutub. Həmin materialların maraqlı olduğunu nəzərə alaraq, bu faktları dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
Rusiyanın nüfuzlu nəşrlərinə açıqlamalar verən Ermənistan Milli Klubunun rəhbəri "Miabanutyun" Smbat Qaraxanyanın verdiyi məlumata görə, Ermənistan hakimiyyətinin yuxarı eşelonunda yer almış bandokratlar ölkənin gəlirlərinin və aktivlərinin 85 faizini əllərində cəmləşdiriblər. Onlar, eyni zamanda, qeyri-qanuni trafiklərə, ümumi maliyyə axınının 90 faizinə nəzarət edirlər. "Ermənistanda, rəhbərliyindən asılı olmayaraq, dövlətin milli maraqlarını, ərazi bütövlüyünü və sadə vətəndaşların hüquqlarını müdafiə edən oturuşmuş dövlətçilik qurulmayıb" - deyə Smbat Qaraxanyan əlavə edib.
Ermənistan hərbi diktaturasının rəhbərliyinin malik olduğu sərvəti faktlarla oxucuların diqqətinə çatdırmaqdan öncə, 2006-cı ildən erməni milyonçularının siyahısını dərc edən "Forbs-Ermənistan" jurnalının qənaətini nəzərlərə çarpdırmaq istərdik.
Dərginin tərtib etdiyi siyahıda aşağıdakılar yer alıb:
- "Çiçənlənən Ermənistan" partiyasının sədri, "Multi qrup" konserninin rəhbəri Qaqik Çarukyan,
- Gömrük idarəsinin rəisi Armen Avetisyan,
- "MİKA" kompaniyasının prezidenti, Armaviyanın sahibi Mixail Baqdasaryan,
- "Qrand Tobaqo"nun və "Qrand kendi"nin prezidenti Qrant Vardanyan,
- "SİL" konserninin sahibi Semya Sukiasyanov,
- Yerevanın meri Yervard Zaxaryan,
- Ermənistanın sabiq prezidenti Robert Köçəryan,
- Ermənistanın prezidenti Serj Sarkisyan,
- Nəqliyyat və əlaqələr naziri Andranik Manukyan,
- Ədliyyə naziri David Arutyunyan və digərləri.
Qeyd edək ki, adıçəkilən 10 nəfərdən 6-sı hazırda hakimiyyətdə olan və ya olmuş şəxslərdir. Ermənistanın ikinci prezidenti Robert Köçəryan hakimiyyətdə olduğu müddət ərzində əlinə böyük sərvət toplamağı bacarıb.
Müşahidəçilərin sözlərinə görə, R.Köçəryan, eyni zamanda, dolayısı ilə vergi, telekommunikasiya, tikinti və qazla təminat sahəsini nəzarətində saxlayıb. Köçəryan, həmçinin, qiymətli daşların emalı, eləcə də, belə daşlarla bağlı digər əməliyyatlar (ilk növbədə, idxal və ixrac);
- metal məhsullarının ixracı;
- ümumi idxal (bəzi qiymətləndirmələrə görə, 30 faizdən 40 faizə qədər);
- mineralların hasilatı və emalı sferası;
- kommunikasiya və nəqliyyat infrastrukturu;
- qızılın idxalı və realizasiyası;
- aviayükdaşımalar və aviaşirkətlər.
Təxmini hesablamalara görə, Robert Köçəryan ailəsinin maddi və qeyri-maddi aktivləri 4 milyard ABŞ dollarından artıqdır".
Nəşrlərdə vurğulanıb ki, hazırkı Ermənistan hakimiyyəti ölkə iqtisadiyyatının aşağıdakı sahələrini nəzarətdə saxlayır:
- vergi rüsumları;
- neft məhsullarının, benzinin və dizelin idxalını;
- metal və metallomun ixracını;
- qızıl idxalını;
- aviadaşımalar və aviaşirkətlər sferasını;
- idxal sferasını (bəzi məlumatlara görə, 35 faizdən 45 faizədək).
Nəşrlərdə qeyd olunub ki, hazırda Ermənistan ərazisindən bir sıra narkotrafik marşrutları keçir: "Onlar ölkənin cənub sərhədlərindən başlayaraq, Gürcüstana, Ukraynaya, Rusiyanın şəhərlərini, Avropaya gedən Yerevan və Gümrünün əsas dəmiryol vağzalları və hava limanlarını əhatə edir. Ermənistanda qızıl və qiymətli daş məmulatlarının, xüsusən də, Avropa və Rusiyaya daşınan cilalanmamış brilyantların qaçaqmalçılığı mövcuddur.
Əldə olunmuş faktlara görə, Ermənistanın 150 vətəndaşı hərbçilərin nəzarəti altında ekvatorial və subekvatorial iqlim qurşağının ağır təsirlərinə baxmayaraq, Afrika ölkələrinin (xüsusilə, Nigeriya və Namibiyada) yataqlarında çalışırlar".
Məqalədə göstərilir ki, "Miabanutyun" Erməni Milli Klubunun rəhbəri Smbat Qaraxanyan faktları konkretləşdirərək qeyd edir: "Əminliklə deyə bilərəm ki, Ermənistanın birinci şəxsi olmuş eks-prezident Robert Köçəryan hansı əmlaka sahibdir:
- Artsaxbank;
- MAP - 50 faiz;
- Armeksimbank (şərik);
- Yunibank (şərik);
- AVV bank (şərik);
- Renko konstrukşn;
- Zəngəzur mis-molibden kombinatı (90 faizdən yuxarı);
- Ardşininvestbank (50 faizdən yuxarı);
- "Konversbank" (müxtəlif məlumatlara görə, 30 faizdən 50 faizə qədər);
- Kaputan Sevan kompleksi - 100 faiz (Artak Voskanyan vasitəsilə);
- "Nairi" tibb mərkəzi (səhiyyə naziri Arutyun Kuşkyanla birlikdə 50 faiz);
- Brendlər (Emporio Armani, Stefano Riksi və digərləri);
- "BiŞin" tikinti şirkəti (100 faiz);
- "Dauntaun Yerevan" tikinti şirkəti (böyük oğlu Sedrak Köçəryan vasitəsilə);
- "N2" teleşirkəti - 50 faiz (şəriklər Samvel Mayrapetyan və indiki baş nazirin müavini Armen Gevorkyan);
- "Star" mağazalar şəbəkəsi (30 faiz Sedrak Köçəryana - Robert Köçəryanın böyük oğluna məxsusdur);
- "Noy" konyak-şərabçılıq kombinatı - 50 faiz (şəriki Haqik Çarukyan);
- "Zvartnots" hava limanı - 50 faiz (30 illik icarə, şəriki Argentina vətəndaşı Eduardo Ernekyandır);
- "Armpoçt" - 50 faiz (böyük oğlu Sedrak Köçəryan vasitəsilə, digər şərik Argentina vətəndaşı Eduardo Ernekyandır);
- Mobil telefonlar idxalı - bazarın 80 faizi;
- Moskvada iri ticarət kompleksi (şəriki Samvel Karapetyan);
- Moskvada kazino (Şakro ilə birlikdə);
- Toyota şirkətinin Ermənistandakı nümayəndəliyi.
Bundan başqa, Robert Köçəryan müstəqil direktor kimi Rusiyanın "Sistem" AFK müəssisəsinin Direktorlar Şurasının tərkibinə daxildir". Robert Köçəryan, eyni zamanda, Rusiyanın AFK "Sistema" şirkətinin Direktorlar Şurasının üzvüdür. Ekspertlər hesab edirlər ki, Robert Köçəryan əvvəl sahibi və ya payı olduğu şirkət və müəssisələri çoxdur:
- "K-telekom" ("Vivasel" ticarət markası);
- OOO aqromüəssisəsi (1870 hektar);
- Yerevanda yerləşən Qolden Palas Hotel (real sahibi 83 faiz payla Sedrak Köçəryan olub);
- Araratsement - 33 faiz;
- "Konversbank" (böyük oğlu Sedrak Köçəryan vasitəsilə).
"Konversbank" vasitəsilə beynəlxalq terrorizmlə əlaqəli olan bir sıra firma və bankların pulları (800-900 milyon dollar) "yuyulduğu" üçün ABŞ xüsusi xidmət orqanlarının nəzarətinə götürülüb. Bununla bağlı yaranmış qalmaqal bankın prezidenti S.Nasibyanın istefasına və aktivlərin Eduard Ednikyana satılmasına gətirib çıxarıb: "Lakin kifayət qədər əsas var ki, Sedrak Köçəryanın bankda olan paylarının satılması barədə sövdələşmə yalançı xarakter daşıyır. Real olaraq, o, "Konversbank"ın şəriki olaraq qalır".
Nəşrlərdə bütün bunlarla yanaşı, vurğulanıb ki, Prezident Serj Sarkisyan ona etibarlı olan şəxslər, o cümlədən, qardaşı Aleksandr və kürəkəni Mikael Minasyan vasitəsilə aşağıdakı müəssisə və şirkətləri idarə edir:
- "Fleş" şirkətinin aktivləri - (şəriki Barsek Beqlaryandır);
- Yanacaqdoldurma şəbəkələri;
- Dağlıq Qarabağda 3 şərabçılıq kombinatı;
- Şərabçılıq zavodu (Ermənistanda satılan şərabın üçdə biri məhz bu zavodun payına düşür);
- "Ararat" bankı;
- "Ararat" restoranlar şəbəkəsi (30 ədəd);
- "MİKA" şirkətinin aktivləri (şəriki Mixail Baqdasarovdur);
- "Armavia" aviaşirkəti;
- "MİKA" şirkətinin yanacaq, benzin, aviakerosin, dizel yanacağı idxalı ilə bağlı bölməsi;
- "MİKA" futbol klubu (40-50 milyon dollar dəyərində qiymətləndirilir);
- "MİKA-sement";
- "MİKA house" tikinti şirkəti (Yerevanda 5-dən artıq elitar evlər);
- Moskvada mehmanxana-restoranlar kompleksi;
- Londonda xüsusi ev;
- VTB bank (300 min dollara alıb 28 milyon dollara satıb);
- "Cazve" kofeenlər şəbəkəsi; müdafiə naziri olarkən Bolqarıstanda özəl istehsalçılardan alınan atıcı silahların üçüncü dünya ölkələrinə satılmasında vasitəçi olub;
- Kürəkəni M.Minasyan vasitəsilə "ArmenAkob" və "Ay TV" teleşirkətlərinin sahibidir...
... Şərhə ehtiyac yoxdur...
Belə dövlət sistemində hansı çiçəklənmədən söhbət gedə bilər?!", - deyə Smbat Qaraxanyan bildirir.
"Artıq eks-prezident Robert Köçəryanın və hazırkı dövlət başçısı Serj Sarkisyanın var-dövləti və maliyyə aktivləri haqqında çox danışılıb. Bu informasiyaların Rusiyada, eləcə də, Ermənistanda böyük rezonans doğurmasını söyləmək artıq olardı. Necə düşünmək olar ki, belə bir kasıb ölkədə yerli olmayan var-dövlət əldə edəsən, cəmiyyətin həyat fəaliyyətinin bütün sferalarında hökm sürən total özbaşınalıq şəraitində çarlıq edəsən".
Bunu İqor Petrov Rusiyanın aparıcı mətbu orqanlarından olan "Versiya" qəzetində dərc edilən "Ermənistan soyğunçuları - prezidentlərin mülkiyyəti" adlı yazısında qeyd edib.
Müəllif vurğulayıb ki, bir çox oxucularda elə təəssürat yarana bilər ki, milli sərvətlərin talan edilməsi dövlət başçısı üçün görünməmiş bir haldır: "Amma Ermənistanın sabiq prezidenti Robert Köçəryan, elə indiki prezident Serj Sarkisyan əllərinə düşən fürsətdən lazımınca istifadə ediblər. Faktlar sübut edir ki, hazırda onlar elə korrupsion sistem formalaşdırıblar ki, orada vicdanlı insana yer yoxdur. Bu cür vəziyyətin ali varlıq Allah tərəfindən təklikdə yaratdığını düşünmək sadəlöhvlük olardı. Amma ölkə əhalisinin öz "qəhrəmanlarını" tanımaq hüququ var. Ona görə də, erməni bandokratiyasının digər rəsmi üzvləri, deputatları haqqında dərc etdiyimiz materialların davamını nəşr edirik".

(Ardı var)

Digər xəbərlər