Ermənistanın müdafiə qabiliyyəti tamamilə zəifləyib
Ermənistanın istər siyasi, istərsə də iqtisadi sahədə əldə etdiyi geriləmələr artıq çoxdan bəllidir. Ölkədə müşahidə olunan dərin iqtisadi böhran bir tərəfdən Ermənistanın coğrafi cəhətdən qeyri-əlverişli mövqedə yerləşməsi ilə əlaqələndirilirsə, digər tərəfdən Ermənistan hakimiyyətinin yürütməkdə olduğu səmərəsiz siyasətlə də əlaqələndirilməkdədir. Dövlətin işğalçılıq siyasəti və bu siyasət nəticəsində yaranan durum ölkəni bütün iqtisadi və digər üstünlüklərdən məhrum edib. Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması ölkəni regionda gedən bütün qlobal layihələrdən kənarda qoyub.
Yalnız xaricdən gələn ianələr hesabına hələ ki, dolanan Erəmənistanın bu böhranlı vəziyyəti onun hərbi qüvvələrinə də təsirsiz ötüşməyib. Ordunun düşdüyü acınacaqlı vəziyyət müharibə vəziyyətində olan ölkənin əhalisini də təngə gətirib. Ölkə vətəndaşlarının hərbi xidmətdən yayınması, ali məktəblərə daxil olmaq üçün orta məktəbi bitirmiş erməni gənclərinə imkan verilməməsi, fərarilik hallarının artması, əsgərlərin, xüsusilə də, Dağlıq Qarabağda xidmət edən erməni əsgərlərinin öz problemlərini artıq açıq şəkildə bəyan etməsi bunu deməyə əsas verir. Vəziyyətin bu həddə gəlib çatması orduda xidmət edən əsgərləri öz postlarını tərk edərək düşmən dövlətin ərazisinə keçməyə vadar edir. Öz ölkəsinin sərhədlərini keçərək xidmət etdiyi postunu boş qoymasına səbəb kimi acınacaqlı vəziyyəti göstərmələri əsgərlərə necə baxılmasını göstərmiş olur. Dəfələrlə Azərbaycan ərazisinə keçən əsgərlər Ermənistan hakimiyyətinin yeritdiyi siyasətdən narazı olduqlarını və bu siyasətin ölkəni uçuruma apardığını qeyd edirlər. Onların öz ölkələrinə qayıtmaq istəməmələri də məhz bundan irəli gəlir.
Ermənistan ordusunun düşdüyü acınacaqlı vəziyyət təkcə Azərbaycana keçən əsgərlər tərəfindən deyil, eyni zamanda, bəzi rəsmi və qeyri-rəsmi orqanları tərəfindən də təsdiq edilir. Bəzi erməni siyasətçiləri, həqiqətən də, Ermənistan ordusunda dərin böhranın yer aldığını və bunun günü-gündən dərinləşdiyini etiraf edirlər. Bu fikirlər sadəcə fikir kimi qalmır, eyni zamanda, konkret faktlarla əsaslandırılır. Ermənistanın ümumi büdcəsinin azalması, orduya müstəqillik qazanıldıqdan sonra, demək olar ki, heç bir təchizatın və müasir döyüş avadanlıqlarının alınmaması onun geridə qalmasını şərtləndirən başlıca amillərdir. Bunları nəzərə alaraq, Ermənistan və Rusiya politoloqlarının Ermənistan ordusunun Azərbaycan ordusu ilə müqayisədə xeyli geri olduğunu və müharibə başlayacağı təqdirdə, Azərbaycan ordusunun uğur qazanmasının qaçılmaz olduğunu xüsusilə vurğulayırlar.
Texniki cəhətdən gerilik Ermənistan ordusunun digər qeyri-texniki məsələlərdə də geriləməsinə səbəb olmaqdadır. Əsgərlərin döyüş qabiliyyətinin zəif olması "dedovşina" hallarının çoxalması, əsgərlərə qarşı zorakılıqların tətbiq edilməsi və digər neqativ halların çoxalması ilə birbaşa əlaqədardır. Hətta tez-tez orduda əsgərlərin ölümü ilə nəticələnən atışmaların baş verməsi də müşahidə olunmaqdadır ki, bu da heç bir demokratik prinsiplərə uyğun gəlmir. Çox maraqlıdır ki, beynəlxalq qurumlar tərəfindən də Ermənistana qarşı bununla bağlı heç bir təzyiq göstərilmir və yaxud müvafiq qətnamələr tətbiq edilmir. Bunu da məsələlərə ikili standartlar baxımdan yanaşmanın bir göstəricisi kimi qəbul etmək olar.
Ermənistanın hərbi durumunun bu qədər acınacaqlı bir vəziyyətə düşdüyü və müdafiə qabiliyyətinin zəiflədiyi bir vaxtda hökumətin yeritdiyi siyasət heç də bu vəziyyətlə uyğunlaşmır. Əslində, bu vəziyyətdən nəticə çıxarıb yeritdiyi işğalçı, qeyri-konstruktiv, qeyri-səmərəsiz, qonşularla düşmən münasibətindən əl çəkib, ona təklif olunan hər hansı bir təkliflə razılaşmalı olması daha məqsədəuyğundur ki, Ermənistan da hər vəchlə bundan boyun qaçırmağa çalışır. Belə olan vəziyyətdə ölkəni başına almış böhran daha da dərinləşə və Ermənistan ordusu daha pis vəziyyətə düşə bilər. Ermənistan hakimiyyəti təcili olaraq bütün bunları nəzərə almalı və müvafiq nəticələr çıxarmalıdır.