Türkiyə Azərbaycanın mövqelərini ön planda saxlayacaq
Bu günlərdə Türkiyə baş nazirinin ABŞ-a edəcəyi səfər və türk səfirin Birləşmiş Ştatlarda öz işini davam etdirmək üçün dönməsi xəbəri ilə Türkiyə-ABŞ və Türkiyə-Ermənistan münasibətləri yenidən gündəmə gəlib. Türkiyə baş nazirinin əvvəlcə ABŞ-da keçiriləcək "nüvə sammiti"nə qatılmayacığı barədə verdiyi bəyanat və bundan bir müddət sonra gedəcəyi ilə bağlı fikrini dəyişməsi ikitərəfli münasibətlər prosesində yeni yanaşmaların yaranmasına səbəb olub. Bundan başqa, bu günlərdə R.T.Ərdoğan Ermənistana da elçi göndərməklə Ermənistan prezidentinə məktubunu çatdırmağı tapşırıb. Belə olan təqdirdə, baş verən hadisələrə yanaşmalar və proseslərin şərhi də birmənalı deyil.
ABŞ-da keçiriləcək "nüvə sammiti"ndə iştirak etmək üçün Türkiyə və Ermənistan dövlət başçılarının dəvət olunması, məhz ABŞ tərəfindən tərtib olunmuş ssenari kimi qələmə verilməkdədir. Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını hər kəsdən çox istəyən və bunun üçün öz üzərinə düşən məsuliyyəti artıqlaması ilə yerinə yetirən ABŞ bundan sonra də tərəflərin yaxınlaşdırılması üçün əlindən gələni edəcəyini nümayiş etdirməkdədir. Onun "nüvə sammiti" ilə əlaqədar ABŞ-a çağırılmış Türkiyə və Ermənistan nümayəndələrinin görüşdürüləcəyi və ABŞ-ın da iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı verilən məlumatlar bunu deməyə əsas verir. Əlbəttə ki, bu görüşlərin də əsas müzakirə mövzusunun, məhz Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və protokolların ratifikasiya edilməsi olacağı gözlənilir. Burada Türkiyə və Ermənistanın göstərəcəyi mövqe və ABŞ-ın onların mövqelərinə hansı təsiri göstərəcəyi hələ də müəmmalı qalmaqdadır.
Yuxarıda qeyd etdiyimiz kimi, onu da nəzərə almaq lazımdır ki, Türkiyə baş naziri öz elçisi ilə Ermənistan prezidentinə məktub da göndərmişdir ki, bu məktubun da məzmunu qeyri-müəyyən olaraq qalmaqdadır. Ehtimal etmək olar ki, bu məktubun da əsas mövzusu Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və bu prosesdə əsas şərt kimi irəli sürülən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən ibarətdir. Görünür, R.T.Ərdoğan ABŞ-a səfər etməzdən öncə, Ermənistanla münasibətlərə aydınlıq gətirmək və bu məsələni Vaşinqtondan əvvəl iki ölkə arasında müzakirə etmək istəyindən belə bir addım atıb.
Türkiyə baş nazirinin ABŞ-a səfəri ilə bağlı istər türk, istərsə də, Azərbaycan ictimaiyyətində müxtəlif fikirlər dolaşmaqdadır. Onun əvvəlcə getməyəcəyi ilə bağlı verdiyi sərt bəyanatdan sonra yenidən "nüvə sammiti"nə qatılması ilə bağlı fikrini dəyişməsi, türkiyəli səfirin ABŞ-da öz işini davam etdirməsi ilə bağlı da bu cür fikir müxtəlifliyi Türkiyənin yeritdiyi siyasət barədə müəyyən şübhəli məqamlar doğurmaqdadır. Burada əsas iki məqam nəzərdən keçirilməkdədir. Birinci məqam ondan ibarətdir ki, Türkiyənin öz prinsipial mövqeyini dəyişməsi nəticəsində belə bir qərara gəlməsi ehtimal olunur. Onun ABŞ qarşısında qoyduğu şərtdən və Türkiyə-Ermənistan münasibətlərinin əsas şərtindən - Dağlıq Qarabağın işğaldan azad edilməsindən geri çəkilməsi kimi qiymətləndirənlər də var. Konqresin soyqırımı ilə bağlı qəbul etdiyi qərardan sonra R.T.Ərdoğanın ABŞ-a səfəri ilə bağlı bu ehtimal şərh edilir. Türkiyə ictimaiyyətində dolaşan fikirlər də bunu deməyə əsas verir. Belə ki, Türkiyədə yayılan məlumatlara görə, ABŞ tərəfindən edilən təzyiq nəticəsində Türkiyənin öz mövqeyindən geri çəkilməsi ehtimal olunur. Ermənistanla münasibətlərdə də öz prinsipial mövqelərindən geri çəkilməsi burada əsas məsələ kimi göstərilir. ABŞ-da keçiriləcək görüşlərdə də Türkiyəyə edilən təsir və təzyiq nəticəsində onun öz mövqeyindən dönəcəyi ehtimal edilir.
Digər bir yanaşmaya görə, isə məhz Türkiyə baş nazirinin ona olan təzyiq və təsirlərə cavab vermək üçün ABŞ-a gedəcəyi güman edilir. Onun öz mövqeyini nümayiş etdirmək üçün keçiriləcək görüşlərdə iştirak edəcəyi gözlənilir. Bu sıradan Türkiyənin ABŞ-a Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı narahatçılığını da çatdırması gözlənilir. Onun Minsk Qrupunun həmsədrlərindən olan ABŞ-a Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində öz köməyini göstərməsini istəyəcəyi də ehtimal edilir. Bu yanaşma daha çox Azərbaycan ictimaiyyətində qəbul olunur və onun reallaşacığı gözlənilir. Çünki Türkiyənin birinci variantdan istifadə edərək, Dağlıq Qarabağ münaqişəsində güzəştə getməsi, nəinki Azərbaycanın, eyni zamanda, Türkiyənin özünün də milli dövlət mövqeyinə zərər vurmuş olacaq. Bu, Türkiyənin qazanmış olduğu nüfuzu da aşağı salmış olacaq. Öz sözünün üstündə durmaması Türkiyənin geosiyasi cəhətdən də əldə etmiş olduğu üstünlüyü itirməsi ilə nəticələnə bilər. Bütün bunlar bir daha Azərbaycan Respublikası Prezident Adminstrasiyasının nümayəndə heyətinin Türkiyənin baş naziri ilə keçirilən görüşündə də bu məsələ bir daha öz təsdiqini tapdı.