Rəbiyyət Aslanova: "İnformasiya Psixoloji Təhlükəsizliyi" haqqında qanunun layihəsi hazırlanır"
"Mən istəyərdim ki, bu gün jurnalistlərimizin çoxu analitik yazılar yazsın. Xalq haqqında nəzəriyyələr artıq iflasa uğrayıb. Cəmiyyətin gələcək istiqamətini müəyyən etməsi üçün yeni ideyalara, fikirlərə ehtiyac var. Bu baxımdan düşüncə böhranını dəf etmək üçün də yeni ideyalar ortaya qoymaq lazımdır". Bu sözləri SİA-ya Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova açıqlamasında deyib. O bildirib ki, düşüncə böhranını yaradan əsas amillərdən biri cəmiyyətin müxtəlif informasiya viruslarına məruz qalmasıdır: "Düşüncə böhranı nədən irəli gəlir? Bu gün hər bir cəmiyyət, eləcə də Azərbaycan cəmiyyəti müxtəlif informasiya viruslarına məruz qalır. Burada insanların düşüncəsinə yayılan, onun milli düşüncəsini dəyişdirən viruslardan söhbət gedir. Ona görə, bu məkanı, yəni insan zəkasının düşüncə məkanını qorumaq üçün "İnformasiya Psixoloji Təhlükəsizliyi" haqqında qanunun qəbul edilməsinə ehtiyac var".
Onun sözlərinə görə, əgər cəmiyyətdə milli düşüncəyə, mənəviyyata, tarixə xələl gətirə bilən hər hansı bir ideyalar yayılırsa və bu insanların şüuruna hakim kəsilirsə, bunun qarşısı alınmalıdır. Qloballaşan dünyada insanı milli sərvətlərdən, mənliyindən, kimliyindən uzaqlaşdıran ideyaların qarşısını almaq üçün "İnformasiya Psixoloji Təhlükəsizliyi" haqqında qanunun lazımlı olduğunu dilə gətirən millət vəkili parlamentdə belə bir təklifin irəli sürüldüyünü də qeyd edib: "Bu təklif mənim tərəfimdən irəli sürülüb. Hazırda bizim komitədə layihənin hazırlanması ilə bağlı işlər gedir. Biz layihənin hazırlanmasında müxtəlif dövlətlərdə qəbul olunan bu tipli qanunlardan da istifadə edəcəyik. Şimaldan, cənubdan, şərqdən, qərbdən Azərbaycan insanına, gəncinə edilən təsirlərin, təzyiqlərin qarşısının alınmasında bu qanun çox vacibdir. Çox istərdik ki, bu qanun cari il Milli Məclisdə müzakirəyə çıxarılsın".
Dünyanın 32 ölkəsində belə bir qanunun qəbul olunduğunu deyən R.Aslanovanın fikrincə, öz torpağını təkcə torpaq kimi deyil, mənəviyyat məkanı kimi qoruyan, milli-mənəvi müqavimət qüvvəsini ortaya qoymaq iqtidarında olan ölkələr sabaha addımlaya biləcək dövlətlərdir.