PDF Oxu

Araşdırma

  • 6

Ermənistan: siyasi-iqtisadi böhranın real nəticəsi- hərbi fiasko

Ermənistan: siyasi-iqtisadi böhranın real nəticəsi- hərbi fiasko
Son vaxtlar dünyada və regionda baş verən hadisələr Ermənistanın siyasi, iqtisadi və sosial durumunu ağırlaşdırıb. Böhran işğalçı ölkənin ən çox önəm verdiyi sahədə- hərbidə öz dağıdıcı təsirini daha çox göstərib. Ordu quruculuğu prosesində Ermənistan getdikcə daha böyük çətinliklərlə üzləşir. Ölkənin sosial, iqtisadi, maliyyə sektorunda yaranmış dərin çatlar, eləcə də siyasi müstəvidə hakimiyyətdəki oliqarxların bütün opponentlərinə qarşı qəddarcasına münasibətləri bu problemlərin daha da dərinləşməsinə səbəb olub.
Yaranan durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır. Bu yerdə Ermənistan ordusunun durumunu analiz etməyə dəyər.
Bu gün Ermənistan ordusu olduqca ağır böhran yaşayır ki, bunu faktlar sübut edir. Məsələ burasındadır ki, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2008-ci ilə nisbətən 2009-cu il ərzində təxminən 30 faiz artıb.
Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunda mənəvi-psixoloji durum son aylarda daha kəskin böhran həddinə çatıb. Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən, "Əsgər Anaları" cəmiyyəti maraqlı faktlar açıqlayıblar.
Bu qurumlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2008-ci illə müqayisədə 2009-cu ildə 25 faiz artıb.
Ötən il düşmən düşərgəsində 2000-ə yaxın hadisə baş verib. Bunlardan 100-dən çoxu fərarilik, 200-ə yaxını hərbi hissəni özbaşına tərketmə, 50-ə qədəri intihara cəhd, 500-dən çoxu rüşvətalma, 400-ə qədəri döyülmə və işgəncə, 40-dan çoxu zorlama, 70-dən çoxu ölüm faktı olub. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Təkcə ötən il Ermənistan silahlı qüvvələrində 200-dək hərbi qulluqçu həlak olub ki, bunlardan 120-dən çoxu qeyri-döyüş vəziyyətində ölüb.
Ümumilikdə isə, göstərdiyimiz dövr ərzində Ermənistan ordusunda həlak olan hərbi qulluqçuların 80 faizinin ölümü qeyri-döyüş itkisi hesab edilir.
Ən biabırçı məlumatlar isə ondan ibarətdir ki, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir. Aparılan yoxlamalar zamanı Ermənistan ordusunun kütləvi şəkildə homoseksualizm bəlasına duçar olduğu aşkarlanıb. Bu cür faktları konkretləşdirməyin mümkünsüzlüyünü erməni rəsmiləri özləri də etiraf edirlər. Durum o həddə çatıb ki, hazırda ordu komandanlığının göstərişi ilə belə halların daha da genişlənməməsi və aşkar olunmuş şəxslərin ordudan tərxis olunmaları məqsədilə xüsusi hərbi həkim komissiyası yaradılıb.
Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrıseçkilik və "dedovşina" hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağ ordusunda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması çoxdan heç kəsi təəccübləndirmir.
Beləliklə, Ermənistan siyasi hakimiyyətində Ermənistandan olanlarla Qarabağdan olanlar arasında baş verən çəkişmə orduda da özünü açıq şəkildə büruzə verir. Belə ki, hərbi qulluqçularla Qarabağdan olan erməni hərbçiləri arasında davam edən ayrı-sekçilik və qruplaşma problemləri ölkə ictimaiyyətinin ciddi müzakirə mövzusudur.
Ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunduğu, fiziki təzyiqlərə məruz qalmaları çoxsaylı cinayət faktlarına əsas verib. Hətta Ermənistandan olan hərbçilərin Qarabağdan olan hərbçilər tərəfindən zorlandığı barədə də faktlar ortaya çıxmaqdadır.
Erməni ordusunun şəxsi heyəti arasında az qala gündəlik normaya çevrilməkdə olan homoseksualizm faktları ötən illərə nisbətən 2009-cu ildə daha da çoxalıb. Durum o qədər acınacaqlı hal alıb ki, ordu rəhbərliyinin göstərişi ilə xüsusi hərbi həkim komissiyası yaradılıb. Hərbi təhsil sahəsində də durum da pisləşib. Ali hərbi məktəblərdə oxumaq istəyənlərin sayı kəskin azalıb.
Ermənistan silahlı qüvvələrində hərbi qulluqçuların sağlamlıq durumu da ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsidir. Əsgərlərin anti-sanitariya şəraitində xidmət aparması da sağlamlıq məsələsində ciddi əngələ çevrilib. 2009-cu il ərzində 3000 nəfərədək hərbi qulluqçu regional və mərkəzi hospitala yerləşdirilib.
Bundan başqa, 2007-2009-cu illər ərzində Ermənistan ordusunun şəxsi heyəti arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dizenteriya xəstəliklərinin sayı 2 dəfə artıb. Bütün bunlar Ermənistan və Qarabağda yerləşən hərbi hissələrdə baş verən bu və ya digər hadisələrin yalnız bir qismidir.
Xarici dövlətlərə köç dalğasının davam etməsi nəticəsində ölkədə gənclərin sayca azalmasını nəzərə alaraq, ordunun mövcudluğunu qorumaq üçün "könüllü əsgəri xidmət" qanununa istinad olunmaqdadır. Könüllü əsgəri xidmətdə olanların əksəriyyəti savadsız və imkansız vətəndaşlardan ibarətdir. Onlara ayda 250-300 dollar civarında maaş verməklə guya ordunun formalaşması kimi təbliğatlar aparılır.
Vazgen Sarkisyan və Armenak Xanferyants adına hərbi məktəblərin müdavimləri ilə görüşündə müdafiə naziri Seyran Ohanyan ordudakı problemlərin yetərincə olduğunu etiraf etməklə yanaşı bildirib: "Dövlətin mövcudluğu indiki iqtisadi və maliyyə böhranlarına görə təhlükə altındadır. Bu problemləri dəf etməyin bircə yolu qalıb ki, bizlər erməni milliyyətçiliyini gənclər arasında üstün səviyyədə inkişaf etdirək.
Hazırda orduda artilleriya, tank, aviasiya, hava hücumundan müdafiə, tibbi xidmət və digər sahələr üzrə 4 min nəfər zabit heyəti çalışır. Onların hamısı olduqca ağır maddi və sosial həyat tərzi şəraitində yaşamağa məcburdur. Bizlər bütün bunlara dözməliyik. Çünki 1918-ci il tarixdə ilk dəfə olaraq, Ermənistan adlı dövlətin yaranmasına nail olmuşuq. Bunu diqqətə alıb, hər cür çətinliklərə və ağırlıqlara dözməliyik".
Yerevandakı "ArmeniaNow.com" internet qəzetinin redaktoru Qayane Abramyan ordu ilə bağlı araşdırmalarında qeyd edir: "Orduya hərbi səfərbərliklə bağlı yaranmış problemləri həll etmək üçün rəhbərlik tələbələrin "əsgəri möhlət" hüququnu ləğv etmək istəyir. Çünki tələb olunan hərbi səfərbərlik üçün planı doldurmaq mümkün deyil. Ordu komandanlığı buna görə əsas da tapıb: "Azərbaycan ordusunda döyüş ruhunun yüksəldiməsi prosesi gücləndirilibdir". Halbuki ali məktəb müəllimlərinin və valideynlərin fikrincə, tələbələrin "əsgəri möhlət" hüququndan məhrum olması onların elmi biliklərə yiyələnmələrinə ciddi şəkildə mənfi təsir göstərəcək".
MSX-nin əhalinin məskunlaşma və demoqrafik vəziyyəti üzrə idarə rəisi Karina Kumcyan mətbuat konfransında: "Son 10 ildə ölkədə demoqrafik durum fəlakətli həddə çatıb. Əsgəri yaş həddinə çatanların sayı hərbi səfəbərliklə bağlı tələb olunan normativlərə görə mənfi dərəcəyə enib. Prosesin belə davam edəcəyi təqdirdə, yaxın 10-15 ildə hərbi səfərbərliklə bağlı orduya çağırılanların sayı orta hesabla 60-70 faiz azalacaq. Baxmayaraq ki, silahlı qüvvələrlə bağlı bütün məlumatlar hərbi sirr olaraq saxlanılmalıdır, bu yöndə həyəcan təbilini çalmaq mənim vətəndaşlıq borcumdur".
Sosioloq Anait Simonyanın tədqiqatlarına görə, Ermənistan ordusunda hərbi xidmətdən yayınanların 65 faizindən çoxu hərbi komissarlıqlara rüşvət verməklə guya ali təhsil aldıqları barədə "əsgəri möhlət" arayışını təqdim edir. Universitetlərdə tələbələr arasında aparılan araşdırmalardan məlum olub ki, onrların 30 faizindən çoxu məhz əsgəri xidmətə getməmək üçün ali təhsil almaq məcburiyyətindədir. A.Simonyanın fikrincə, "əsgəri möhlət" qanununun ləğvini gündəmə gətirən mafiyanın məqsədi rüşvətin miqdarını artırmaq və eyni zamanda, bu prosesə daha çox vətəndaşı cəlb etməkdir.
2000-2007-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışmış, indi isə Daşnaksütyun partiyasının idarə heyətinin üzvü olan general-mayor Artur Aqabekyan hərbi səfərbərliklə bağlı bildirib ki, orduya cəlb olunan 18 yaşlı erməni gənclərin böyük əksəriyyəti fiziki cəhətdən yararsızdır. O, sözlərinə əlavə edir: "Ölkədə demoqrafik durumun ildən-ilə ağırlaşması ordu üçün fəlakətə çevrilib. Buna görə də peşəkar ordunun formalaşdırılmasına üstünlük verilməlidir. Ancaq təəssüflər olsun ki, dövlət büdcəsi peşəkar ordunun formalaşması üçün yetərli deyil".
Onun bu fikrinə dəstək verən general-mayor Kamo Koçunts açıqlamasında onu da vurğulayıb ki, 2005-ci ildən etibarən professional ordunun yaradılması üçün 8 min nəfərlik heyətin əsgəri xidməti istiqamətində layihə hazırladıq. Nəticədə məlum oldu ki, bu qədər könüllü əsgərin maaşla təmin olunması üçün dövlətin imkanları, demək olar ki, yoxdur.
İstefada olan general-mayor Arkadi Ter-Tadevosyan ordudakı problemləri diqqətlə təhlil edərkən, gəldiyi qənaət belədir: "İndiki şəraitdə ordu və ictimaiyyət arasında təzadlı münasibətlər dərinləşməkdədir. On minlərlə müxalifət tərəfdarı mitinqlərdə məhz ordu tərəfindən təhdid olunmalarına görə "orduya xidmət Serj Sarqsyan hərbi xuntasına xidmət deməkdir" fikrilə övladlarını mümkün olan bütün vasitələrlə əsgəri xidmətdən yayındırmaqdadır.
Bizim müşahidələrimizə görə, ordu və cəmiyyət arasında yaranmış uçurumu bərpa etmək mümkün deyil. Ordudakı vandalizm siyasəti gənclərin hərbi xidmət psixologiyasına mənfi təsir edən əsas amillərdən biridir. Dağlıq Qarabağ uğrunda müharibədə bizlər 6 min nəfər əsgərimizi itirmişik və bir o qədər də döyüşçümüz ömürlük əlil qalıb".
Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Göründüyü kimi, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, belə davam edərsə, Ermənistan ordusu ən qısa zamanda dağılacaq. Çünki artıq işğalçı orduda durum dözülməz həddə çatıb. Cəbhənin bu biri tərəfində isə, tamam başqa bir mənzərə var. Bu mənzərəni oxucularımıza tam olaraq çatdırmağa ehtiyac belə yoxdur, nədən ki, xalqımız öz ordusunun necə bir qüdrətə və döyüş əzminə mailk olduğunu yaxşı bilir. Bu səbəbdən də, ermənilər üçün də belə məlumatları təqdim etməyə ehtiyac yoxdur.
Azərbaycan ordusunun gündən-günə güclənməsi fonunda işğalçı ölkənin hərbi böhran keçirməsi Yerevan üçün yaxşı perspektiv bəd etmir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusu regionda ən güclü ordudur və bu ordu sülh danışıqları nəticə vermədiyi zaman öz sözünü deyəcək.

Digər xəbərlər