PDF Oxu

Araşdırma

  • 12

Ermənistan Madrid prinsiplərini bəyənmir

Ermənistan Madrid prinsiplərini bəyənmir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ötən həftə yenidən aktuallaşıb. Belə ki, həmsədərlərin region səfəri və Ermənistanda keçirdikləri görüşlər münaqişənin həlli prosesində yeni meyillərin yarandığını deməyə əsas verir. Ermənistanın münaqişənin həllinə mane olması və mövcud status-kvonun saxlanılımasına cəhd göstərməsi özünü Madrid prinsiplərinin yenilənmiş variantının müzakirəsi zamanı da açıq şəkildə göstərdi.
Azərbaycan tərəfinin Madrid prinsiplərinə hə deməsinedən sonra Ermənistanın göstərəcəyi mövqe, əslində, əvvəlcədən bəlli idi. Münaqişənin həllinə mane olmağa çalışan Ermənistanın bu prinsiplərə də qarşı çıxacağı ehtimal olunurdu. Belə də oldu. Həmsədrlərin bu günlərdə Ermənistana səfəri zamanı aparılan danışıqlarda Madrid prinsiplərinin 4 bəndinin Ermənistan tərəfindən bəyənilmədiyi aşkar olunub. Əslində, münaqişənin hər hansı bir yolla həllinə razı olmayan Ermənistanın bu prisiplərlə razılaşması da təəccüblü olardı. Danışıqlarda uğur əldə olunmasına bu qədər yaxınlaşdığımız bir vaxtda və Minsk Qrupu tərəfindən də təklif olunan Madrid prinsiplərinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına və münaqişənin dinc yolla həllinə imkan verdiyi bir vaxtda Ermənistanın bundan boyun qaçırması heç bir məntiqə uyğun deyil. Ermənistan tərəfinin konkret hansı bəndlərlə razılaşmadığı açıqlanmasa da, güman etmək olar ki, onların arasında Dağlıq Qarabağın status ilə bağlı bənd yer alır. Çünki bu məsələ keçirilən danışıqlarda həmişə müzakirə predmeti olmuş və prisipial məsələlər sırasında yer almışdır. Azərbaycanın bu məsələ ilə bağlı razılığa gəlməsi isə Ermənistanın mütləq ona qarşı çıxmasından xəbər verir. Ermənilər heç bir vəchlə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması və ona yalnız Azərbaycan daxilində muxtariyyət verilməsinin mümkün olduğunu başa düşmək, yaxud bunu qəbul etmək istəmir.
Ümumiyyətlə, danışıqlarda özünün qeyri-konstruktiv mövqeyi ilə seçilən Ermənistan dövlətinin ötən həftə özünü münaqişənin həllində konstruktiv tərəf kimi göstərməsi də müşahidə olundu. Ermənistan prezidenti Serj Sarkisyan çıxışlarından biri zamanı Azərbaycanı zor tətbiq edilməməsi və hərbi gücdən istifadə edilməməsi ilə bağlı saziş imzalamağa çağırıb. Çox məntiqsiz və özündə heç bir siyasi əhəmiyyət daşımayan bu təklif, sözsüz ki, Ermənistan prezidentinin özünü təmizə çıxarmaq üçün növbəti bir həmləsi idi. S.Sarkisyanın imzalamaq istədiyi bu razılaşma, əslində, müqavilə formasında olmasa da mövcuddur və Azərbaycan tərəfi illərdir bunun öz yerini tapması üçün çalışır. Danışıqlarda daha konstruktiv mövqe nümayiş etdirən Azərbaycana belə bir təklifin edilməsi gülünc və absurddur. Bəlkə ermənilər Azərbaycanın öz torpaqlarını hərbi yolla azad edə biləcəyi haqqında bəyanatlarından sonra qorxuya düşüblər? Düzdür, Azərbaycan münaqişənin sülh yolu ilə həllini istəyir və bunun üçün çalışır. Lakin bu, o demək deyil ki, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərini təmin etmək üçün hərbi qüdrətindən istifadə edə bilməz. Ölkə başçısının da dediyi kimi, əgər münaqişə sülh yolu ilə, danışıqlar yolu ilə öz həllini tapmazsa, Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edcəkdir.
Dağlıq Qarabağ münaqişəsinin həllində yaranan digər bir meyil isə danışıqlar prosesində üçüncü tərəfin - Dağlıq Qarabağ icmasının iştirakı barədə meyillərdir. Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyan həmsədrlərlə keçirilən görüşdə qondarma Dağlıq Qarabağ Respublikasının iştirakı olmadan münaqişənin hərtərəfli və yekun həllinin mümkün olmamasını qeyd edib. Dağlıq Qarabağ icmasının və yaxud qondarma Dağlıq Qarabağ Respublikasının aparılan danışıqlarda iştirakı yolverilməzdir. Çünki bu münaqişə, konkret olaraq, iki tərəf, iki ölkə - Azərbaycan və Ermənistan arasında aparılır və Dağlıq Qarabağ ərazisi də Azərbaycanın tərkibinə daxildir. Həməsədərlərin, xüsusilə, Fransanın və Ermənistan tərəfinin son zamanlar bu tipli bəyanatlar və təkliflərlə çıxış etməsi müşahidə olunmaqdadır. Lakin Azərbaycan tərəfinin bu məsələyə sərt münasibəti belə bir meyilin yaranmasının qarşısını alıb.
Danışıqlar prosesinin bu istiqamətdə inkişafı onun gələcək perspektivlərinə də təsir göstərir. Belə ki, münaqişənin həllində Ermənistanın göstərdiyi mövqe onun daha da uzanmasına və mövcud status-kvonun saxlanılmasına yönəldilib. Onun belə mövqeyi və beynəlxalq hüquqa riayət etməməsi Azərbaycanı danışıqlar prosesindən çəkilməyə və daha sərt üsullardan - hərbi yoldan istifadə etməyə məcbur edə bilər. Belə olan halda isə, Azərbaycanın bu təbii hüququna heç bir beynəlxalq qurum etiraz edə bilməz və Azərbaycanı bunda günahlandıra bilməz.

Digər xəbərlər