PDF Oxu

Araşdırma

  • 16

Novruz bayramı Norveçdə qeyd olunacaq

Novruz bayramı Norveçdə qeyd olunacaq
Martın 19-da Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) Osloda, Norveçin sayca ikinci böyük kitabxanasında, "Azərbaycandan Musiqi" adlı Novruz konserti təşkil edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, bu tədbirə Oslo Universitetinin professor və müəllim heyəti, əcnəbi və yerli tələbələr iştirak edəcəklər.
Konsertdə Azərbaycan Respublikasının İdman və Gənclər Nazirliyinin dəstəyi ilə Ehtiram Hüseynov (xanəndə), Gülay Qadirova (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Əlipaşa Talıbov (nağara), Svetlana Əhmədova (piano), rəqqaslar Rəna İbrahimova və Ruslan Hacıyev, əsasən, norveçlilərdən ibarət auditoriya qarşısında canlı ifalarla çıxış edəcək. Azərbaycan milli musiqisinin zənginliklərini Norveç xalqına çatdıracaqlar.
Martın 20-də isə Norveçin ən məşhur konsert zallarından biri olan "Oslo Konserthus"da Azərbaycan Gəncliyi və Novruz konserti keçiriləcək. Azərbaycanın İsveçdəki və Norveçin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə reallaşan bu layihə Azərbaycan mədəniyyətinin Norveçdə tanıdılması, Azərbaycan gənclərinin bu ölkədə fəallığının artırılması, Norveçdə yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirməsi və eyni zamanda, milli adət-ənənələrimizin qorunub saxlanması məqsədi daşıyır.
NAYO-nun sədri Ramil Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinə bildirib ki, bu, Norveçdə yaşayan Azərbaycan icmasının və Azərbaycan gəncliyinin daha da geniş müstəvidə təbliği və gələcək fəaliyyətimizə müsbət töhfə verəcək layihələrdəndir. Konsertə Norveç hökumətinin nümayəndələri, xarici ölkələrin səfirliklərinin təmsilçiləri, ölkənin ictimai-siyasi və mədəniyyət xadimləri dəvət olunub.

Digər xəbərlər