BMT-nin cinayət mühakiməsi üzrə 12-ci konqresi keçiriləcək
Birləşmiş Millətlər Təşkilatının (BMT) cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi üzrə 12-ci konqresi bu il aprelin 12-19-cu arası Braziliyanın Salvador şəhərində keçiriləcəkdir. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən "Səs"-ə verilən məlumata görə, konqresin mövzusu "Qlobal problemlərin qarşısının alınması üçün hərtərəfli strategiyalar: Cinayətkarlığın qarşısının alınması, cinayət mühakiməsi sistemləri və onların dəyişən dünyada inkişafı"dır.
12-ci konqresin gündəliyində 8 əsas məsələ, uşaqlar, gənclər və cinayət, terrorizmin qarşısının alınması və azaldılması ilə bağlı beynəlxalq vasitələrin ratifikasiyası və həyata keçirilməsi ilə bağlı texniki yardımların göstərilməsi, cinayətkarlığın qarşısının alınması işində BMT-nin göstərişlər toplusunun hazırlanması, insan alveri və qeyri-qanuni miqrasiyaya dair cinayət mühakiməsinin cavab tədbirləri: transmilli mütəşəkkil cinayətkarlıq əlaqələri, BMT-yə məxsus və mövcud digər beynəlxalq vasitələrə əsaslanaraq, çirkli pulların yuyulması əleyhinə yönəlmiş beynəlxalq əməkdaşlığın inkişafı, kibercinayətlər də daxil olmaqla, cinayətkarlıqla mübarizədə cinayətkarlar və müvafiq qüvvələr tərəfindən elm və texnologiyalardan istifadədə hazırkı vəziyyət, cinayət tərkibli problemlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, mühacirlər, mühacir işçilər və onların ailələrinə edilən zorakılıqlara qarşı cavab tədbirlərinin görülməsi salınıb.
Konfrans zamanı 5 məşğələnin keçirilməsi də nəzərdə tutulur. Məşğələlər qanunun aliliyi naminə beynəlxalq cinayət mühakiməsi haqda təlim, cinayət mühakiməsi sistemində məhbuslara qarşı münasibət sahəsində BMT-nin və digərlərinin təcrübəsi haqda sorğu, şəhər cinayətlərinin qarşısını almaq üçün praktiki yanaşmalar, narkotik qaçaqmalçılığı və təşkil edilmiş digər cinayətlər arasında əlaqə: beynəlxalq əlaqələndirilmiş cavab, cəzaçəkmə müəssisələrində həddən artıq çox adamın saxlanmasına qarşı strategiya və sınaqdan keçmiş təcrübə mövzularında olacaq.
İctimai informasiya məhsulları ilə yanaşı, konqres üçün mətbuat vəsaitləri hazırlanır. Mətbuat vəsaitinə konqresin proqramında olan əsas məsələləri əhatə edən 8 bülletenin, konqres haqqında əsas faktları özündə ehtiva edən 1 "Suallar və cavablar" bülleteninin, son 11 konqresi əhatə edən xüsusi hazırlanmış A4 kitab versiyalarının, konqres haqqında 1 broşuranın (ilkin versiyada olan proqram, jurnalistlər üçün ilkin məlumatlar da daxildir), konqresin rəsmi proqramının hazırlanması daxildir.