PDF Oxu

Araşdırma

  • 15

ABŞ Dövlət Departamentinin qərəzli hesabatı...

ABŞ Dövlət Departamentinin qərəzli hesabatı...
Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti hər il dünyada insan haqlarının pozulması ilə bağlı illik hesabatını açıqlayır. Bu dəfə də Dövlət Departamenti hesabatda Rusiya, Çin, Myanma, ŞKDR və Ermənistan kimi ölkələrdə insan haqlarının pozulduğu xüsusi qeyd elib. Hesabatda ölkəmizlə də bağlı əsassız məqamlar da yer alıb.
ABŞ Dövlət Departamentinin "Narkotiklərə Nəzarət Strategiyası 2010" və 2009-cu ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı son hesabatları reallığı əks etdirməyən, qeyri-obyektiv, mənbəyi bəlli olmayan məlumatlar əsasında hazırlanmış sənədlərdir. "Narkotiklərə Nəzarət Strategiyası 2010" hesabatında iddia edilir ki, guya Azərbaycanda 300 min nəfər narkoman var və onların 30-35 faizi tələbələrdir. Belə çıxır ki, Azərbaycanda 120 min tələbənin, o cümlədən, qız tələbələrin hər 4-dən 3-ü narkomandır. Bu cür məsuliyyətsiz iddialar ABŞ kimi dövlətin nüfuzuna xələl gətirir və hesabatların qeyri-obyektiv olduğunu təsdiq edir.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson etiraf edib ki, hesabatda göstərilmiş statistika qeyri-rəsmi mənbələrdən əldə edilib. Görəsən, şəffaflıq məsələlərini, yeri gəldi-gəlmədi, xatırladan ABŞ səfirliyi belə "məlumatlı" mənbələrin adlarını niyə açıqlamır? Dövlət Departamentinin hesabatında qərəzli və yoxlanılmamış məlumatların yerləşdirilməsi ABŞ-ın obyektivliyinə şübhə yaratmırmı?
Görəsən, Dövlət Departamenti ABŞ-da narkomaniyanın geniş yayılması, bu bəla ilə mübarizədə ABŞ-ın müvafiq orqanlarının fəaliyyətinin qeyri-effektivsizliyi barədə niyə heç nə demir? Yaxud Əfqanıstanın işğalından sonra bu ölkədə narkotik plantasiyaların ərazisinin və ixrac edilən narkotikin həcminin artmasına niyə münasibət bildirilmir?
Dövlət Departamentinin 2009-cu ildə insan haqları ilə bağlı hesabatında da analoji xətt hiss olunur, qərəzə və qeyri-obyektivliyə yol verilir. Yaxşı olardı ki, Dövlət Departamenti İraqdakı Əbu Qreyb həbsxanasında cinayətləri və işgəncə faktlarını yaxşı araşdırsın, bütün cinayətkarları cəzalandırsın. Əfqanıstandakı Bəhram və ABŞ administrasiyasının vədlərinə baxmayaraq, hələ də qapadılmayan Quantanamo həbsxanasında işgəncələrə niyə münasibət bildirilmir? C.Buşun baş siyasi strateqi sayılan Karl Rouf bu günlərdə təqdimatı keçirilən "Cəsarət və nəticələr" adlı kitabında ABŞ istintaq orqanlarının müttəhimlərə verdiyi amansız işgəncə faktlarını açıqlamış, terrorçuluqda şübhəli bilinən şəxslərə işgəncə verildiyini etiraf etmiş və bununla qürur duyduğunu bildirmişdir. Dünya ictimaiyyəti bunu necə başa düşməlidir?
Azərbaycanda bloggerlərin həbsini siyasiləşdirən Dövlət Departamenti ABŞ-da bloggerlərə qarşı kampaniya təşkil edilməsi və onların fikirlərinə görə həbsi faktlarını niyə şərh etmir? ABŞ-da da Hel Terner adlı bloqqer və radioaparıcının məhkum edilib.
Blogger keçən ilin iyununda Apellyasiya Məhkəməsi kollegiyasının 3 hakimini Çikaqo və onun Ouk-Park adlanan şəhərətrafı məhəlləsində odlu silah gəzdirilməsinə tətbiq olunan bəzi qadağaları aradan qaldırmadıqlarına görə hədələmiş və öz bloqunda yazmışdı: "Mən birbaşa və sərt deyəcəm: bu hakimlər ölümə layiqdirlər. Bu, milyonların öz azadlıqlarını realizə etməsi üçün kiçik qiymətdir".
Bunun ardınca həmin hakimlərin şəkillərini və yaşayış ünvanlarını bloqunda yerləşdirən Terner qısa zamanda həbs edilir. Bloggerə qarşı federal Apellyasiya Məhkəməsinin hakimlərini hədələmək maddəsi ilə iş qaldırılır. O, həmçinin, Konnektikut ştatında hakimlərin hədələnməsində ittiham edilir.
Daha sonra araşdırmalar göstərir ki, vaxtilə Federal Təhqiqatlar Bürosu Ternerin xidmətlərindən gen-bol istifadə edib. Belə ki, o, ultrasağçı təşkilatlar haqqında informasiyaya görə FTB-dən min dollar alıb və Braziliyaya ezamiyyətə göndərilib. Qeyd edək ki, Ternerə pul müqabilində azadlığa buraxılmasından imtina edilib.
2006-cı ildə Buş ailəsini tənqid etdiyinə görə, Vikram Buddhi adlı blogger həbs və məhkum edilmişdir. Özünü anarxist kimi təsvir edən 41 yaşlı sosial işçi Eliot Medison (Elliot Madison) sentyabrın 24-də Pitsburq şəhərində həbs edilmiş, ona qarşı tutulmaya və ya cinayət təqibinin həyata keçirilməsinə mane olma, rabitə vasitələrindən qanunsuz istifadə etmə və cinayətin alətinin özündə saxlanması ittihamları irəli sürülmüşdür. Pensilvaniya ştatının polisi bildirmişdir ki, Eliot Medison yanında kompüterlər və polis skanerləri olduğu zaman mehmanxana otağında tutulmuşdur. O, həmin avadanlıqdan Twitter sosial şəbəkəsi vasitəsilə polis əməkdaşlarının hərəkət etmələri barədə məlumatların yayılması üçün istifadə etmişdir.
34 yaşlı qadın, 12 yaşlı qızın anası Elişa Storm (Elisha Strom) bloqunda Virciniya ştatında yerli gizli polis əməkdaşları barədə məlumatların yayılmasında ittiham edilmişdir. Sentyabrın 2-də o, ədalət mühakiməsinin həyata keçirilməsində təqsirli bilinmişdir.
Əvvəl açıqlanmış faktlara əlavə olaraq, bu yaxınlarda Corciya ştatının sakini Nil Horslinin müğənni Elton Cona ölüm arzusu ilə videoçarxı internetə yerləşdirdiyinə görə həbs olunması da əlavə edilə bilər. Nəyə görə ABŞ digər ölkələrin daxili işlərinə kobud müdaxilələr, qeyri-dövlət strukturlarının vasitəsilə həmin ölkələrin maraqlarına zidd fəaliyyəti, çevriliş cəhdləri barədə mətbuatda irəli sürülən məlumatlara münasibət bildirmir?
Göründüyü kimi, ayrı-ayrı ölkələrdə narkomaniya, insan haqları ilə bağlı vəziyyət barədə hesabatlar yayan ABŞ-ın özündə kifayət qədər problemlər mövcuddur. Yaxşı olardı ki, qərəzli yanaşma və əsassız iddialarla müşahidə olunan hesabatlarda ABŞ-ın özündə də baş verən hüquq pozuntuları, cinayətlər və digər neqativ hallar əksini tapaydı.
Azərbaycan parlamenti üzvləri hesab edirlər ki, Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatı ölkəmizə göstərilən təzyiq vasitələrindən biridir. "Mən ABŞ kimi demokratik imicli, obyektiv siyasəti olan bir ölkənin belə bir hesabat yaymasına təəssüf edirəm" - deyə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, ABŞ xarici siyasət idarəsinin belə qeyri-obyektiv hesabat hazırlamasında bu ölkənin Azərbaycandakı səfirliyinin də rolu var: "Sanki bu ölkənin səfirliyi Azərbaycanın içərisində işləmir. Bundan başqa, hesabatda həm də Azərbaycan hökumətinə qarşı radikal müxalifətdə olan bir partiyanın şüarlarının əsas kimi götürüldüyü hiss edilir. Obyektivlik, məsələni hərtərəfli öyrənmək, Azərbaycandakı real vəziyyətin dəyərləndirilməsi qətiyyən hiss edilmir" - deyə millət vəkili əlavə edib.
Onun fikrincə, bu hesabat ABŞ hökumətinin, bu ölkənin Azərbaycandakı səfirliyinin ABŞ rəsmilərinə vaxtaşırı Azərbaycanla bağlı verdikləri bəyanatlarla da tamamilə əkslik təşkil edir: "Bir qayda olaraq, Azərbaycanla bağlı ABŞ rəsmilərinin, səfirliyin verdiyi bəyanatlarda ölkəmizdə demokratik inkişafın olduğu, beynəlxalq aləmlə inteqrasiyanın bütün elementlərinin gözlənildiyi vurğulanır. Bu hesabat isə həmin bəyanatların heç birinə uyğun gəlmir, digər tərəfdən, belə bir təəssürat yaranır ki, hesabat qərəzlidir, məqsədəuyğun şəkildə rənglər tündləşdirilib və Azərbaycan çox geridə qalmış, hətta demokratiya sözünün özü yasaq edilən bir ölkə kimi təqdim olunur".
Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev da hesabatla razılaşmadığını bildirib. Onun sözlərinə görə, Dövlət Departamaneti son illər ardı-arası kəsilmədən Azərbaycanla bağlı qeyri-dəqiq məlumatlar verir, öz hesabatlarında çox ziddiyyətli məlumatlardan istifadə edir: "Bir neçə gün bundan əvvəl də belə bir məlumat vermişdi ki, Azərbaycanda tələbələrin 30 faizə yaxını narkomandır. Bu, adi riyazi hesablamalara belə uyğun olmayan rəqəmdir.
Konkret 2008-ci ilin prezident seçkiləri haqqında deyilənlər də başdan-ayağa yanlış fikirdir. Hamı bilir ki, 2008-ci ildə hazırkı Prezident cənab İlham Əliyev çox böyük üstünlüklə demokratik bir seçkidə qalib gəlib. O ki qaldı, referenduma, mən bilmirəm, referendum nə vaxtdan insanlara hakimiyyəti dəyişməyə şərait yaradıb. 2009-cu ilin referendumunda da söhbət hakimiyyətin dəyişməsindən, kiminsə hakimiyyətə gətirilməsindən getmirdi. Orada yalnız Konstitusiyaya vacib dəyişikliklər oldu, xalq da bunu müdafiə etdi".
Həbsxanalarda vəziyyətə gəldikdə, Azay Quliyev hesab edir ki, bu sahədə qeyd edilənlər də vəziyyətə adekvat deyil: "Niyə Dövlət Departamenti diqqət yetirmir ki, Azərbaycan məhz penitensiar xidmətə ictimai nəzarət modeli baxımından, xüsusilə, Avropa məkanında xüsusi təcrübəyə malikdir? Niyə qeyd etmir ki, məhz Azərbaycan hökumətinin, Ədliyyə Nazirliyinin birbaşa təşəbbüsü ilə bu gün penitensiar xidmətə tanınmış hüquq müdafiəçilərindən ibarət ictimai nəzarət komitəsi fəaliyyət göstərir?"
A.Quliyev hesab edir ki, bu cür hesabatlarla, bu cür basqılarla həm Azərbaycandan, həm də Türkiyədən müəyyən güzəştlərə nail olmaq istəyirlər. "Amma hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Azərbaycanın əsas prioritet fəaliyyəti onun milli maraqlarının qorunması, Dağlıq Qarabağ məsələsində az da olsa, güzəştə yol verilməməsi, ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlmiş bir siyasətdir.
Kimsə düşünürsə ki, bu istiqamətdə hansısa təzyiqlərlə nəyəsə nail olmaq olar, o, səhv edir. Kimsə demokratiya və ədalət axtarışındadırsa, qoy, Ermənistanı işğalçı dövlət kimi ifşa etsin, Azərbaycan ərazilərinin boşaldılmasında konkret və səmimi bir mövqe nümayiş etdirsin". Azay Quliyev təəssüfləndiyini bildirib ki, Azərbaycanın strateji müttəfiqimiz olan ABŞ-ın bu sahədə son illərdəki siyasəti həm ABŞ-ın milli maraqlarına, həm də Azərbaycanla dostluq və əməkdaşlığının ümumi ruhuna uyğun gəlmir".
Beləliklə, ABŞ Dövlət Departamentinin son hesabatlarının qərəzli və qeyri-obyektiv olduğu məlum olur. Dünyanı idarə etmək iddiasında olan ölkənin obyektiv olmaqdan, ikili stndartlardan yanaşma prinsipindən imtina etməkdən başqa yolu da var.

Digər xəbərlər