“Demokratik" ölkənin qeyri-obyektiv hesabatı
ABŞ Dövlət Departamentinin "Narkotiklərə Nəzarət Strategiyası 2010" və 2009-cu ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı son hesabatları reallığı əks etdirməyən, qeyri-obyektiv, mənbəyi bəlli olmayan məlumatlar əsasında hazırlanmış sənədlərdir. "Narkotiklərə Nəzarət Strategiyası 2010" hesabatında iddia edilir ki, guya Azərbaycanda 300 min nəfər narkoman var və onların 30-35 faizi tələbələrdir. Belə çıxır ki, Azərbaycanda 120 min tələbənin, o cümlədən də, qız tələbələrin hər dördündən üçü narkomandır. Bu cür məsuliyyətsiz iddialar ABŞ kimi dövlətin nüfuzuna xələl gətirir və hesabatların qeyri-obyektiv olduğunu təsdiq edir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson etiraf edib ki, hesabatda göstərilmiş statistika qeyri-rəsmi mənbələrdən əldə edilib. Hesabatı nəzərdən keçirəndə ortaya çaxsaylı suallar çıxır. Görəsən, şəffaflıq məsələlərini, yeri gəldi-gəlmədi, xatırladan ABŞ səfirliyi belə "məlumatlı" mənbələrin adlarını niyə açıqlamır? Dövlət Departamentinin hesabatında qərəzli və yoxlanılmamış məlumatların yerləşdirilməsi ABŞ-ın obyektivliyinə şübhə yaratmırmı?
Görəsən, Dövlət Departamenti ABŞ-da narkomaniyanın geniş yayılması, bu bəla ilə mübarizədə ABŞ-ın müvafiq orqanlarının fəaliyyətinin qeyri-effektivliyi barədə niyə heç nə demir? Yaxud Əfqanıstanın işğalından sonra bu ölkədə narkotik plantasiyaların ərazisinin və ixrac edilən narkotikin həcminin artmasına niyə münasibət bildirilmir?
Dövlət Departamentinin 2009-cu ildə insan haqları ilə bağlı hesabatında da analoji xətt hiss olunur, qərəzə və qeyri-obyektivliyə yol verilir. Yaxşı olardı ki, Dövlət Departamenti İraqdakı Əbu Qreyb həbsxanasında cinayətləri və işgəncə faktlarını yaxşı araşdırsın, bütün cinayətkarları cəzalandırsın. Əfqanıstandakı Bəhram və ABŞ administrasiyasının vədlərinə baxmayaraq, hələ də qapadılmayan Quantanamo həbsxanasında işgəncələrə münasibət bildirilmir.
C.Buşun baş siyasi strateqi sayılan Karl Rouf bu günlərdə təqdimatı keçirilən "Cəsarət və nəticələr" adlı kitabında ABŞ istintaq orqanlarının müttəhimlərə verdiyi amansız işgəncə faktlarını açıqlamış, terrorçuluqda şübhəli bilinən şəxslərə işgəncə verildiyini etiraf etmiş və bundan qürur duyduğunu bildirmişdi. Dünya ictimaiyyəti bunu necə başa düşməlidir?
Azərbaycanda bloggerlərin həbsini siyasiləşdirən Dövlət Departamenti ABŞ-da bloggerlərə qarşı kampaniya təşkil edilməsi və onların fikirlərinə görə həbs faktlarını niyə şərh etmir? Öncəki yazılarımızda ABŞ-da onlarla bloggerin həbs olunması haqda məlumat vermişik. Nəyə görə ABŞ digər ölkələrin daxili işlərinə kobud müdaxilələr, qeyri-dövlət strukturlarının vasitəsilə həmin ölkələrin maraqlarına zidd fəaliyyəti, çevriliş cəhdləri barədə mətbuatda irəli sürülən məlumatlara münasibət bildirmir?
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) yüksək vəzifəli məmuru etiraf edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi onların əməliyyatlarına yardım göstərən üçüncü tərəflərin pul vəsaitləri və müqavilələrlə təmin olunmasında USAİD-dən istifadə edir. Bu barədə İspaniyanın "Rebelion" qəzetində Yeva Qolingerin "Mərkəzi Kəşfiyyat İdarəsi USAİD-dən pərdələnmək üçün istifadə edir" adlı məqaləsində bildirilib.
Məqalədə göstərilib ki, uzun illər USAİD-də çalışan və regional proqramlara məsul olan məmur bildirib ki, MKİ bu təşkilatın adından müqavilələr bağlayır, özü isə bu prosesdən kənarda qalır: "Üç ay əvvəl MKİ-nin iki agenti USAİD-in çoxmilyonlu sərmayə yatırdığı Afrika ölkələrindən birində ifşa olunub. Bu əməkdaşlar ölkədən çıxarılıblar.
"New-York Times" qəzetinin yazdığına görə, MKİ və Pentaqonun podratçı şirkəti olan Development Alternatives, Inc. (DAI) təşkilatının əməkdaşı Kubada müxalifət qruplarına təbliğat materialları verərkən yaxalanıb.
ABŞ Dövlət Departamentinə bağlı olan USAİD-in Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri yeni xəbər deyil. 1974-cü ildə ABŞ Konqresi USAİD-in şöbələrindən birini bağlayıb. MKİ bu şöbədən Latın Amerikası, Asiya və Yaxın Şərqdə milyonlarla polisin təlimi, maliyyələşdirilməsi və silahlandırılması üçün istifadə edib.
İctimai Təhlükəsizlik Bürosu (Office of Public Safety "OPS") 1957-ci ildə prezident Eyzenhauer tərəfindən xarici ölkələrdə polis qüvvələrinin yaradılması və onlara təlim keçirilməsi məqsədilə yaradılıb. MKİ-nin məxfi materialları göstərir ki, İctimai Təhlükəsizlik Bürosunun fəaliyyəti USAİD üçün ayrılan milyonlarla vəsait hesabına maliyyələşdirilib, lakin onun həyata keçirdiyi əməliyyatlar bu casus qurumu tərəfindən koordinasiya olunub".
Daha sonra qəzet yazır ki, Vyetnam müharibəsi zamanı USAİD Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə minlərlə vyetnamlının ölümünə səbəb olan "Feniks" əməliyyatı çərçivəsində maddi yardımın bölüşdürülməsinə cavabdehlik daşıyıb: "Haitidə USAİD-i 2004-cü ildə prezident Jan Bertran Aristidə qarşı dövlət çevrilişi cəhdində günahlandırılan təşkilatları maliyyələşdirməkdə ittiham ediblər. 2002-ci ilin iyununda USAİD Venesuelada Keçid Dövrünə Yardıma dair Təşəbbüs Bürosu açıb, bu büro vasitəsilə prezidentə Çavesə qarşı müxalif olan qüvvələrə milyonlarla dollar yardım göstərilib.
USAİD-in Venesueladakı fəaliyyətinə dair iki min səhifədən artıq məxfi materialla tanışlıq müxalifət qruplarına strateji dəstək verilməsi və onların maliyyələşdirməsi üsulları barədə aydın təsəvvür yaradır. Bu məqsədlə Venesuelada müxalifət partiyalarının mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş proqramlar həyata keçirilir, ölkədə anti-hökumət hərəkatının konsolidasiyası məqsədilə ssenarilər hazırlanır.
Bu il Boliviyanın Çapare və El Alto vilayətlərinin sakinləri USAİD əməkdaşlarını onların daxili işlərinə qarışmaqda ittiham edərək, təşkilatın yerli nümayəndəliyinin fəaliyyətini dayandırmağa nail olublar. Sentyabrda isə prezident Evo Morales USAİD-in ölkəni parçalamağa çalışan separatçı qruplara milyonlarla dollar pul verməsini əsas gətirərək bu qurumla imzalanmış rəsmi müqavilənin ləğv olunduğunu bəyan edib".
Məqalədə daha sonra USAİD-in fəaliyyətinə görə, bir çox ölkələrdən çıxarılması ilə bağlı faktlar sadalanıb: "2005-ci ildə USAİD təmsilçiləri təxribatçı fəaliyyətə görə, Eritreyadan da qovulublar. Son 5 il ərzində Efiopiya, Rusiya və Belorus öz ərazilərində USAİD nümayəndələrinin fəaliyyətini dayandırıblar.
ABŞ Baş Mühasibat İdarəsinin 2006-cı il üçün hazırladığı hesabatda Kubaya Yardım Proqramı çərçivəsində USAİD-ə ayrılan pulların xərclənməsi ilə bağlı problemlər aşkarlandığı qeyd olunur. Kubada "demokratiyanın inkişafı" üçün nəzərdə tutulan milyonlarla dollar vəsait mərkəzi qərargahı Mayamidə olan Kuba əksinqilabçı təşkilatlarının hesablarında peyda olub, həm də bu fakt heç bir mühasibat hesabatında öz əksini tapmayıb.
Jurnalist Jan-Ji Allard bildirir ki, USAİD-in fəaliyyətinə dair ən bariz hallar Uruqvayda müşahidə olunub. 70-ci illərin sonlarında bu ölkədə USAİD vəsiqəsi daşıyan Den Antoni Mitrione adlı amerikalı təlimatçı peyda olub. Onun vəzifəsi yerli polis əməkdaşlarına müxtəlif işgəncə üsulları ilə bağlı təlim keçmək idi. Bütün bu fəaliyyət Latın Amerikasında solçu hərəkatın məhvinə yönəldilmiş gizli proqram çərçivəsində gerçəkləşdirilib".
"Əgər əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi USAİD-dən pərdələnmək məqsədilə istifadə edir, agentliyin əməkdaşları isə heç bir şübhə doğurmurdusa, bu gün USAİD-in anti-qiyamçı tədbirlərə cəlb olunması tam şəffaf prosesdir. Bu tədbirlər Vaşinqtonun düşmən hesab etdiyi dövlət və hərəkatlara qarşı yönəlib. Statusun yeniləşməsi qurumun humanitar yardım göstərmək kimi ilkin funksiyasını dəyişdirərək, USAİD-i rəsmi olaraq hərbi quruma çevirmiş olur"-deyə yazıda bildirilib.
Göründüyü kimi, ayrı-ayrı ölkələrdə narkomaniya, insan haqları ilə bağlı vəziyyət barədə hesabatlar yayan ABŞ-ın özündə kifayət qədər problemlər mövcuddur. Yaxşı olardı ki, qərəzli yanaşma və əsassız iddialarla müşahidə olunan hesabatlarda ABŞ-ın özündə də baş verən hüquq pozuntuları, cinayətlər və digər neqativ hallar əksini tapaydı.
"Dövlət Departamenti mövqeyinə yenə sadiq qalaraq, Azərbaycanda insan haqlarının vəziyyətini kəskin şəkildə tənqid edir",- bunu "Trend"ə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. Millət vəkilinin sözlərinə görə, ötən illər ərzində Dövlət Departamenti Azərbaycanın inkişafı, milli qanunvericiliyin təkmilləşdirilməsində beynəlxalq təcrübədən bəhrələnməklə bağlı heç bir normal analiz verməyib.
"Ona görə də belə hesabatlar açıqlanmazdan əvvəl biz bilirik ki, öz qeyri-obyektiv və qərəzli mövqelərini ortaya qoyacaqlar. Bu, birmənalıdır və yenə də təkrarlandı. Hesabat, hətta əvvəlkilərdən qat-qat qeyri-obyektivdir", - millət vəkili əlavə edib.
Komitə sədri deyib ki, hesabatı hazırlayan ekspertlərin Azərbaycandakı vəziyyət barədə heç bir məlumatının olmadığı bir daha sübut olunur. "Məsələn, hesabatda yazılır ki, siyasi partiyalar öz qəzetlərini çap etməyə və hüquq müdafiəçiləri öz işlərini görməyə davam edə bilsələr və buna görə də repressiyaya məruz qalmaq qorxusu keçirməsələr də, hökumət bəzi hallarda məmurların və hökumətin addımlarını tənqid edən şəxsləri cəzalandırıb. Müxalifət partiyaları özləri etiraf edirlər ki, qəzetlərini çap edirlər. Hüquq müdafiəçiləri də öz işlərini görürlər. Azərbaycanda mətbuat azadlığı da tam gerçəkləşib",- Aslanova vurğulayıb.
Onun fikrincə, məmurlar tənqid olunsalar da, qəzetlərin heç bir fəaliyyəti məhdudlaşmır. "Azərbaycanda məmurları tənqid edən qəzetlər nə vaxt cəzalandırılıblar? Bu gün Azərbaycandakı müxalifət qəzetlərinin monitorinqi keçirilərsə, məlum olar ki, neçə ildir yazmalarına baxmayaraq, heç kəsi narahat edən yoxdur. Hətta həm biz, həm də cəmiyyət yazılan yalanlara da alışmışıq. Biz bilirik ki, bunların heç bir mənəvi senzuraları da yoxdur",- Aslanova xatırladıb.
Komitə sədri hesabatda polis məntəqələrində, həbsxanalarda bəzi adamların dünyasının dəyişməsi ilə bağlı faktlara da münasibətini açıqlayıb. "Əgər insanlar bilsəydilər ki, həbsxanada nə qədər qalsalar da, heç vaxt dünyalarını dəyişməyəcəklər, onda hamı həbsxanada oturardı. Hər kəsin öz qədər-qisməti var. Heç kəs dünyasını harada dəyişəcəyini müəyyən edə bilmir. Azərbaycan haqqında iftiralar uyduran həmin mötəbər mənbə kimdir ki, Dövlət Departamenti onlara xüsusi önəm verir",- Aslanova vurğulayıb.
"Hesabatda qeyd edilir ki, guya Azərbaycanda vətəndaşların öz hakimiyyətini dinc şəkildə dəyişdirilməsi məhdudlaşdırılıb. Nə qədər gülməli arqumentdir. Prezident seçkilərində insanlar öz iradələrini ortaya qoyublar. Belə bir hesabat isə Azərbaycanın hər bir vətəndaşının hüququnu pozur. Çünki Azərbaycan vətəndaşı seçkilərdə öz hüququnu gerçəkləşdirib. Əgər vətəndaşın hakimiyyəti dəyişmək fikri olmayıbsa, deməli, gedib öz prezidentini də istəyinə uyğun seçib. Mən şəxsən bu fikirləri bir vətəndaş kimi özümə qarşı təhqir hesab edirəm",- Aslanova xatırladıb.
Beləliklə, ABŞ Dövlət Departamentinin son hesabatlarının qərəzli və qeyri-obyektiv olduğu məlum olur. Dünyanı idarə etmək iddiasında olan ölkənin obyektiv olmaqdan, ikili standartlardan yanaşma prinsipindən imtina etməkdən başqa yolu var.