Yedinci qat" kitabının təqdimatı keçirilib
"Etüd" Kitab Evində yazıçı-publisist Laura Cəbrayıllının "Avrasiya Press" nəşriyyatında çapdan çıxmış "Yeddinci qat" kitabının təqdimatı olmuşdur.
Kitabda yazıçının esseləri və publisistik yazıları, o cümlədən, keçən əsrin 90-cı illərindən başlayaraq, qələmə aldığı və dövri mətbuatda çap olunmuş ədəbi portretləri, elm, ədəbiyyat və dövlət xadimləri ilə maraqlı müsahibələri, xatirələri yer almışdır.
Xalq yazıçıları İsa Hüseynov, Anar, Elçin, Əlibala Hacızadə və Sabir Əhmədov, xalq artistləri Rasim Balayev, Həsənağa Turabov, professor Xudu Məmmədov və başqa sənət fədailərinin ömründən bir neçə dəqiqəlik yaşantıları əbədiləşdirən bu kitab böyük maraqla qarşılanmışdır.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı-dramaturq Elçin Hüseynbəyli, "Azərbaycan" jurnalının redaktoru İntiqam Qasımzadə, tənqidçi Rüstəm Kamal, əməkdar artist Şamil Süleymanov, şairlər Vaqif Bayatlı, Qulu Ağsəs, Əlisəfa və başqaları "Yeddinci qat"ı təkcə L.Cəbrayıllının deyil, bütövlükdə, ədəbiyyatımızın və müasir publisistikanın uğuru adlandırmışlar. Kitabın redaktoru Umud Rəhimoğlu, məsul redaktoru Qulu Ağsəsdir. Sonda Laura Cəbrayıllı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.