PDF Oxu

Araşdırma

  • 4

Ermənistanda siyasi-iqtisadi böhran dərinləşir

Ermənistanda siyasi-iqtisadi böhran dərinləşir
Son aylar siyasi, iqtisadi, sosial və hərbi böhran keçirən Ermənistanın özünü necə apardığını izləmək maraq doğurur. Siyasi kursu və iqtisadiyyatı, istisnasız olaraq, Moskvadan tənzimlənən Ermənistanın düşdüyü durumu qısaca xarakterizə etməli olsaq, ilk növbədə, siyasi böhran əlamətini görərik. Azərbaycanın diplomatik uğurları sonucunda çətin duruma düşən Ermənistanın siyasi-diplomatik fiaskosu göz önündədir.
Bu günlərdə isə, Ermənistanda yenidən ara qarışıb, məzhəb itib. Martın 1-də erməni müxalifəti iki il bundan öncə, baş verən qanlı mart hadisələrinin növbəti ildönümünü qeyd etmək üçün küçələrə çıxıb. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının aksiyası prezident seçkiləri zamanı həlak olanların xatirəsini yad etməklə başlayıb. Aksiyanı açan Erməni Ümummilli Hərəkatının İdarə Heyətinin üzvü Aram Manukyan bildirib ki, Erməni Milli Konqresi (EMK) mart hadisələri zamanı həlak olanların xatirəsinə abidə ucaltmaq niyyətindədir. Bununla bağlı müvafiq müsabiqə keçiriləcək.
Aksiya zamanı "Xalqın hakimiyyəti" ictimai təşəbbüs qrupu müxalifət sıralarına qoşulduğunu bəyan edib. "Biz indiki hakimiyyətə dözə bilmərik, Sarkisyanın istefasını tələb ediirik" - deyə hərəkatın rəhbəri Zoya Tadevosyan vurğulayıb. Aksiya iştirakçıları onun sözlərinin ardınca "İstefa", "Sona kimi mübarizə" şüarlarını səsləndiriblər. Aksiyanı aparan Aram Manukyan bildirib ki, onlara qızıl məmulatları istehsalçıları da qoşulub.
Həlak olanlardan birinin anası Alla Xaçatryan bildirib ki, "1 mart tariximizin ən qanlı səhifəsidir". EMK-nin iqtisadi qrupunun nümayəndəsi Vaaqn Xaçatryan isə çıxışında bildirib ki, "böhran şəraitində hakimiyyət xalqa kömək etməlidir, amma biz bunun əksini görürük". Onun sözlərinə görə, Ermənistanda kasıbların sayı 90 min nəfər də artaraq, 890 minə çatıb.
Aksiyada çıxış edən EMK-nin koordinatoru Levon Zurabyan may ayı ərzində Ermənistan qanunverici məclisinin yenidən təşkil olunmasını, iyul ayından sentyabr ayına kimi isə növbədənkənar parlment və prezident seçiklərinin keçirilməsini tələb edib. O bildirib ki, müxalifət mübarizəni aktivləşdirməyi və daha sərt addımlar atmağa hazırlaşır.
"Respublika" Partiyasının lideri Aram Sarkisyan isə Serj Sarkisyanın yeganə uğuru kimi iki illik prezident kürsüsündə qalmasını göstərib. Aksiyada Ermənistan Milli Konqresinin lideri, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan da çıxış edib. Qeyd edək ki, mitinq-yürüşlə başa çatıb. Müxalifətin aksiyasına bütün liderlər - "İrs" Partiyasının lideri Stepan Safaryan, "Respublika"nın lideri Aram Sarkisyan, David Şahnazaryan və Ararat Zurabyan iştirak edib.
Hakimiyyət isə aksiyanın genişmiqyaslı olmaması üçün güclü səy göstərib. Belə ki, səhər saat 8:00-dan Vanadzor-Yerevan, Spitak-Yerevan, Taşir-Yerevan, Alaverdi-Yerevan istiqamətlərində mikroavtobusların hərəkəti dayandırılıb. "Armeniya todey"in yaydığı məlumata görə, növbəti dəfə polis bölmələri heç bir əsas olmadan postlarda avtomobilləri saxlayıb və bununla da, ölkə vətəndaşlarının sərbəst hərəkətinə maneçilik törədilib.
"Ermənistan hakimiyyətin yarıtmaz daxili və xarici siyasəti tezliklə növbədənkənar parlament seçkilərinin keçirilməsini şərtləndirir". SİA-nın məlumatına görə, bu sözləri Erməni Milli Konqresinin (EMK) koordinatoru Levon Zurabyan "news.am" saytına açıqlamasında deyib. O bildirib ki, Ermənistandakı siyasi, iqtisadi və sosial durum növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsini tələb edir. L.Zurabyan diqqətə çatdırıb ki, müvəffəqiyyətsizliklə nəticələnən siyasət, getdikcə dərinləşən böhran fonunda, indiki iqtidar hakimiyyətdə qalmamalıdır.
"Dağlıq Qarabağla bağlı situasiyanın həm Azərbaycanda, həm də Ermənistanda siyasi iqlimə təsir göstərdiyinə şübhə yoxdur". Bunu məşhur şahmatçı, Rusiyanın "Həmrəylik" demokrat hərəkatının lideri, milliyyətcə erməni olan keçmiş bakılı Harri Kasparov deyib.
Ermənistanda de-fakto hakimiyyətin Qarabağda hərbi gücə əsaslanan qüvvələrin əlində olduğunu deyən Kasparov hesab edir ki, hazırda Ermənistanda "müəyyən demokratik prosedurlar"dan istifadə edən hərbi diktatura rejimi hökm sürür.
"Bir məqam da şübhə doğurmur: Ermənistanda nə qədər ki Qarabağ müharibəsindən əmələ gəlmiş bu klan hakimiyyətdə olacaq, heç bir real dəyişiklik baş verməyəcək", deyə Kasparov qeyd edib.
Siyasi proseslərin məngəsəndən qurtulmayan Ermənistan həm də borc bataqlığında boğulur. Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Ermənistanın ümumi dövlət borcu ümum daxili məhsulun (ÜDM) 38 faizini təşkil edir ki, bunun da 28 faizi hökumətin xarici borcunun payına düşür. Bu barədə Ermənistanın maliyyə naziri Tiqran Davtyan parlamentin Daşnaktsütyun fraksiyasının deputatı Qrayra Karapetyanın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bu il Ermənistanın ümumi dövlət borcu ÜDM-nin 45 faiz səviyyəsinə çatacaq. Bu da iqtisadi maliyyə böhranının nəticələrinin yumşaldılması üçün ölkəyə xarici kredit vəsaitlərinin cəlb edilməsi ilə izah olunur.
"Ölkənin ümumi dövlət borcunun risk zonası həm beynəlxalq kriteriyalar, həm də Ermənistan qanunvericiliyi üzrə ÜDM-nin 60 faizini təşkil edir. Odur ki, hazırda biz risk zonasında deyilik və Ermənistanın dövlət borclarını nəzarətdə saxlayırıq", deyə T. Davtyan bildirib.
Erməni Milli Konqresinin (EMK) nümayəndəsi, iqtisadçı, Yerevanın keçmiş bələdiyyə sədri Vahagn Xaçaturyan Milli Mətbuat Klubunda etdiyi çıxışında iqtidarın heç zaman xalqı düşünmədiyini bildirib. SİA-nın "news.am" internet saytına istinadən verdiyi məlumata görə, erməni iqtisadçısı qeyd edib ki, hakimiyyət təbii qazın qiymətini artırmaqla insanların ciblərinə girmək və onları talan etmək məqsədi güdür.
O, Rusiyadan alınan təbii qazın da çox baha olmadığını diqqətə çatdırıb: "Xalqa xidmət etmək heç zaman iqtidarın gündəliyində olmayıb. Rusiyanın Ermənistana min kubmetr təbii qazı 180 dollara satmasına baxmayaraq, vətəndaşlara 350 dollardan satılması qəbuledilməzdir. İllərin təcrübəsi göstərir ki, təbii qazın qiymətinin artması bəzi insanlara əlavə gəlir gətirib. İndidən heç bir şey deyilməsə də, təbii qazın qiymətinin artmasından çıxış edərək, demək olar ki, bu ilin sentyabr-oktyabr aylarında elektrik enerjisinin qiymətləri də artacaq".
Mətbuat konfransına qatılan "Xalq İqtidarı" İctimai Birliyin koordinatoru Movses Aristakesyan vurğulayıb ki, dövlət təbii qazın qiymətinin atmasının qarşısını almaq istiqamətində hər hansı bir addım atmaq niyyətində deyil: "Əksinə, təbii qazın satışını həyata keçirən "Armrusgasard"ın siyasətini dəstəkləyir. Əgər kimsə bu iqtidarla oyuna girirsə, artıq bu oyundan çıxmaq hüququna malik deyil. Oyunda qalmağı və yaxud çıxması qərarını iqtidar verir".
"Ötən il Ermənistan iqtisadiyyatı üçün proqnozlaşdırılan vəziyyətin acınacaqlı olduğu müşahidə edildi. Təhlilər və müşahidələr göstərir ki, Ermənistanda iqtisadi böhranın fəsadları aradan qalxmaq əvəzinə daha da dərinləşir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan Mərkəzi Bankının sabiq sədri Baqrat Asatiryan bildirib.
O, qeyd edib ki, rəsmi açıqlamalarda ölkə iqtisadiyyatının 14,4% gerilədiyi bildirilir: "Ümumi daxili məhsul (ÜDM) istehsalı dollarla müqayisə edilsə, bu rəqəm 23% həddindədir. Bu, danılmaz faktdır ki, 2009-cu ildə Ermənistanda əhalinin yaşayış səviyyəsi 30% pisləşib. 2010-ci ildə iqtisadi artım gözlənilmir və ölkənin iqtisadi durumu mənfiyə doğru daha da dərinləşir".

Digər xəbərlər