Qala divarlarının şimal-şərq hissəsində maddi-mədəniyyət nümunələri aşkarlanıb
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən "Səs" qəzetinə bildirilib ki, son dövrlərdə İçərişəhərdə aparılan abadlıq işlərinin miqyası genişlənib. İçərişəhərin formalaşmış planlaşma strukturuna, tarixi-memarlıq görkəminə xələl gətirilmədən görülən işlər burada yerləşən qədim abidələrin gözəlliyini üzə çıxarır, yeni arxeoloji materialların aşkar olunmasına kömək edir. Hazırda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qoruq ərazisindəki binaların dam və fasadlarının təmiri, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi həyata keçirilir.
Aparılan işlər zamanı bir sıra maraqlı artefaktlar aşkar edilmişdir. Qala divarlarının şimal-şərq hissəsindəki konservasiya olunmuş abidələrin yerləşdiyi ərazi abadlaşdırılarkən, erkən orta əsrlərə aid tağlı tikilinin qalığı üzə çıxmış, həmçinin, orta əsrlərə aid xeyli maddi-mədəniyyət nümunələri aşkar olunub. Arxeoloji materiallar içərisində saxsı qab qırıntıları və əczaxanada istifadə olunduğu güman edilən şüşə qablar daha çoxdur. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tapıntı aşkar olunduğu yerlərdə iş dayandırılmış və Milli Elmlər Akademiyasına məlumat verildikdən sonra bir qrup tanınmış arxeoloq tərəfindən əraziyə baxış keçirilib.
Aşkar edilmiş tapıntılar İçərişəhərin müvafiq muzey komplekslərində nümayiş etdirilmək üçün yerləşdiriləcək.