"Azərbaycan Dəmir Yolları" QSC-də Xocalı faciəsi qurbanları yad edildi
Dünən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi. İlk öncə, keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan cəmiyyətin sədr müavini Qurban Nəzirov Xocalı faciəsinin baş vermə səbəbləri və o zaman ölkədə mövcud olan siyasi durum haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Xocalı faciəsinin qanlı tarixinə qısa ekskurs etmək yerinə düşərdi: "Bilirsiniz ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinin ən qanlı olaylarından biri baş vermişdir. Həmin gecə erməni quldurları o vaxtkı Rus imperiyasının 366-cı rus alayının birbaşa köməyi ilə Xocalıda soyqırım törətmişdilər. Xocalı faciəsi ilə bağlı verilən rəsmi məlumatlarda bildirilir ki, həmin gecədə 613 nəfər həlak olub. 1275 nəfər isə əsir götürülərək aparılıb. Daha dəhşətli bir fakt da ondan ibarətdir ki, həmin gün 8 ailə bütün üzvləri ilə birgə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 487 nəfər yaralanıb. Tarixi həqiqətləri dünyaya çatdırmaq üçün belə tədbirlərin intensiv keçirilməsi çox vacibdir". Qeyd edək ki, həmişə olduğu kimi, polad magistralın əməkçiləri də anım mərasimlərinə qatılıb. İri dəmir yolu qovşaqlarında, ayrı-ayrı idarə və müəssisələrdə keçirilən mərasimlərdə Xocalı faciəsi zamanı həlak olanların, bütövlükdə, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi anıldı, xeyrat süfrələri açıldı.