PDF Oxu

Araşdırma

  • 6

Ermənistan regional təhlükəsizliyin təminatına mane olur

Ermənistan regional təhlükəsizliyin təminatına mane olur
Məlum olduğu kimi, bu günlərdə Türkiyə-Ermənistan protokollarının ratifikasiyası ilə bağlı olaraq, protokollar Ermənistan parlamentinə təqdim olundu. Lakin həmişə olduğu kimi, ermənilər bu dəfə də protokollara baxmaqdan və onu ratifikasiya etməkdən boyun qaçırdılar.
Ermənistan prezidenti Serj Sarkisyanın, bir müddət bundan öncə, alovlu çıxış edərək, protokolları parlamentin ratifikasiyasına verəcəyi ilə bağlı çıxışı hələ yaddan çıxmayıb. Onun dünya ictimaiyyəti qarşısında belə bir bəyanatla çıxış etməsinin arxasında özünü konstruktiv ölkə kimi göstərməsinin durduğu bildirilmişdi. Belə də oldu. Protokolların parlamentə təqdim olunmasına baxmayaraq, parlament onun müzakirəsini təxirə saldı.
Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların tez-tez diqqət mərkəzində olması və bu barədə müxtəlif yönümlü mülahizələr bu protokolların ratifikasiyasını da tezləşdirməyə rəvac vermiş olur. Türkiyə bu barədə konstruktiv olsa da, Ermənistan getdikcə öz mövqeyini daha da radikallaşdırmağa çalışır. Türkiyənin Ermənistanla sərhədləri açmasının müqabilində yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəməsi Ermənistanı məsələdən boyun qaçırmağa sövq edir. Ermənistan öz işğalçılıq meyillərindən əl çəkmək istəmədiyi üçün, hətta özü üçün daha çox xeyirli ola biləcək bir məsələdən də çəkinir. Ermənistan parlamentinin isə bu günlərdə Türkiyə ilə imzalanmış protokolları ratifikasiya etməməsi də buna sübut ola bilər. Ermənilər bəhanə olaraq, protokolların ilk dəfə Türkiyə parlamentində ratifikasiya olunmasının vacibliyini nəzərə çatdırırlar. Bu isə, tamamilə qeyri-mümkündür. Çünki Türkiyə Ermənistan qarşısında bəlli şərtlər qoyub və bu şərtlər yerinə yetirilmədən Türkiyə protokolları ratifikasiya etməyəcək.
Ermənistanın belə bir mövqe ilə çıxış etməsini digər bir amillə də əlaqələndirirlər ki, bu da Ermənistanın, sadəcə olaraq, münasibətlərin normallaşdırılması prosesini ləngitməsi kimi qiymətləndirilir. Yəni Ermənistan protokolların ratifikasiyasının müddətini uzatmaqla öz məqsədlərinə nail olmaq istəyir. Belə ki, məlum olduğu kimi, gələn həftə ABŞ Konqresində qondarma erməni soyqırımının müzakirəsi daha sonra isə, mart ayı ərzində ABŞ prezidenti Barak Obamanın bununla bağlı çıxışı gözlənilir. Ermənistanın ən azı bu vaxtadək prosesi uzatması, ehtimal olunur ki, onun bundan sonrakı mövqeyi də məhz bu dövr başa çatdıqdan sonra bəlli olacaq. Ermənistan rəhbərliyi isə, hər il olduğu kimi, bu il də ABŞ rəhbərliyindən qondarma soyqırımı tanınmasını gözləyir. Bu günlərdə prezident Sarkisyan da belə bir bəyanatla çıxış edib.
ABŞ-ın isə hər il keçirilən artıq ənənə halını almış Konqresdəki müzakirələri və Obamanın çıxışında soyqırımı ifadəsinin işlədilməsi gözlənilmir. Ən azından bu ABŞ-ın milli maraqlarına xidmət etmir. Əlbəttə, erməni lobbisi təkcə son ildə deyil ötən illərdə də bu soyqırımının tanınması üçün əlindən gələni etmiş, ABŞ parlamenti və rəhbərliyinə təzyiq göstərmək üçün bütün vasitələrdən istifadə etmişdir. Lakin bütün bunlara baxmayaraq, ötən il yeni prezident Obamanın soyqırımı ifadəsini işlətməsinə gözləntilər çox olsa da, bu, baş tutmadı. Cari ildə də belə halın müşahidə olunması gözlənilmir. Yuxarıda da, qeyd etdiyimiz kimi, ABŞ-ın öz milli maraqları var və o bu maraqlardan Ermənistana görə imtina etmək fikrində deyil. Xüsusilə də, Türkiyə ilə bağlı siyasətində ABŞ Türkiyəni itirə bilməz. ABŞ-ın Yaxın Şərqdə ən böyük müttəfiqi olan Türkiyənin haqlarının tapdalanması və ona qarşı belə bir qərarın çıxarılması ABŞ üçün heç də səmərəli sayılmır. Bu Türkiyənin ABŞ-la müttəfiqliyinə zərər yetirməklə yanaşı, ABŞ-ın Yaxın Şərqdəki yeganə müttəfiqini və nüfuzunu itirməsinə də səbəb olacaq. Bütün bunları nəzərə alaraq, ABŞ-ın belə bir mövqe sərgiləməsi nəzərdə tutulmur. Yəni ermənilərin bununla bağlı da gözləntiləri boşa çıxır.
Bəs görəsən, Ermənistan bundan sonra nəyə ümid edəcək? Türkiyə ilə münasibətlərin daha da pisləşəcəyi təqdirdə, Ermənistan yenidən ona himayədarlıq edən dövlətlərin əlinə baxmağa davam edəcək ki, bu himayədəralığın da nə vaxta qədər davam edəcəyi bilinmir. Göründüyü kimi, Ermənistan rəhbərliyinin yeritdiyi siyasət heç bir məntiqə uyğun gəlmir və ölkənin gələcəyini təhlükə altına qoymuş olur. Ölkənin gəlcəyini təhlükə altına qoymaqla yanaşı, regional təhlükəsizliyin təminatı üçün də ciddi əngəllər yaratmış olur. Onu bu yoldan çəkindirməyin isə bir yolu var ki, o da beynəlxalq səviyyədə Ermənistana və onun işğalçılıq siyasətinə qarşı təzyiqin gücləndirilməsidir.

Digər xəbərlər