PDF Oxu

Araşdırma

  • 9

Azərbaycana separatist təzyiqlər haradan qaynaqlanır?

Azərbaycana separatist təzyiqlər haradan qaynaqlanır?
Son vaxtlar xaricdən maliyyələşdirildiyi və idarə edildiyi heç kəsdə şübhə doğurmayan radikal separatçı qruplaşmalar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönələn fəaliyyətə keçiblər. Müxtəlif qanunsuz aksiyalar keçirməyə cəhd edən bu qruplar, din amilindən istifadə etməklə, ölkədə mövcud olan dini və milli tolerantlığa mənfi münasibət sərgiləməklə iğtişaşalar törətməyə cəhd göstərirlər. Lakin Azərbaycan hüquq-mühafizə orqanları bu qanunsuz fəaliyyətin qarşısını əzmlə alıb və ölkədə sabitliyin pozulmasına imkan verməyib. Bu fakt isə, bəzi qonşu ölkələrdə heç də razılıqla qarşılanmayıb.
Azərbaycan Respublikası region ölkələri ilə münasibətlərini dostluq, mehriban qonşuluq, səmimilik, səmərəli əməkdaşlıq prinsipləri əsasında qurur. Azərbaycan heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir və öz daxili məsələlərinə, xarici siyasət prioritetlərinə istənilən müdaxilənin, maneçilik törətmək cəhdlərinin qarşısını almaq iqtidarındadır.
Azərbaycan hüquqi, sivil, dünyəvi dövlət kimi, insan hüquqlarının müdafiəsinə böyük əhəmiyyət verir, ölkəmizdə etiqad azadlığı və dini fəaliyyətə hörmətlə yanaşılır, tolerantlıq mühitinin pozulmasına yönəlmiş əməllərin qarşısı dərhal alınır.
Təəssüf ki, bəzi region ölkələri Azərbaycanın dost və səmimi münasibətindən sui-istifadə edir, müxtəlif vasitələrdən, o cümlədən, din amilindən yararlanaraq daxili vəziyyəti süni şəkildə gərginləşdirməyə istiqamətlənmiş hadisələrə dəstək verməyə çalışırlar.
Ölkədə yaradılmış demokratik şəraitdən yararlanmağa çalışan bir sıra qüvvələr separatçılıq əməllərini həyata keçirmək, milli, dini situasiyanı gərginləşdirmək cəhdində bulunurlar. Nəzarətlərində bəzi qəzet, jurnal və çox sayda internet saytları olan bu qüvvələr fəalsurətdə anti-Azərbaycan təbliğatına başlayıblar. Heç kəsə sirr deyil ki, bu cür qüvvələr xaricdən dəstək alırlar və ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Son vaxtlar bu cür cəhdlərin sayında artım müşahidə olunur.
Məsələn, fevralın 13-də Hacı Sultanəli məscidindən ibadətdən çıxan və özlərini "dindarlar" kimi qələmə verən təxminən 60-70 nəfərdən ibarət şəxs qeyri-qanuni aksiya keçirməyə cəhd edib və ictimai qaydaları kobud surətdə pozaraq, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq ediblər.
Dinlə əlaqəsi olmayan, müəyyən dairələrin təsirinə düşən şəxslərin məqsədli şəkildə planlaşdırılan və cəmiyyətdə qarışıqlıq yaratmağa xidmət edən cəhdlərinin qarşısı alınmış, günahkar şəxslər müəyyənləşdirilərək saxlanılmışlar.
Lakin bu etirazlar təkcə Azərbaycanla məhdudlaşmayıb. İranın "Ənsar-e Hezbollah" adlı qrupunun 40 nəfərə yaxın üzvü fevralın 16-da Azərbaycanın Təbriz şəhərinin Baş Konsulluğu qarşısında aksiya keçirib, Azərbaycanda aksiyanın qarşısının alınmasını pisləyib, Azərbaycanı, onun rəhbərliyini, xalqını təhqir edib, radikal dini şüarlar səsləndirib, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alıb və hədələyici şüarlar səsləndiriblər.
Maraqlıdır ki, Təbrizdə Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiyada Azərbaycan əleyhinə ünvanlanmış bəyanatın sonunda dəstəyə görə İranın rəsmi dövlət qurumlarına minnətdarlıq bildirilir. Bu, İranın hakimiyyət orqanlarının Azərbaycana qarşı təxribat xarakterli aksiyaların keçirilməsində rolu olduğunu göstərir.
Bununla da həmin aksiyanın arxasında İran İslam Respublikasının bəzi dairələrinin dayandığı haqqında bu günə kimi cəmiyyətdə müzakirə edilən rəy artıq təsdiqini tapmaqdadır. Gözlənildiyi kimi, hadisədən dərhal sonra ölkədə fəaliyyət göstərən iranpərəst təşkilatların rəhbərləri mətbuatda etiraz bəyanatı veriblər.
Burada bir maraqlı məqama toxunmamaq olmaz. Aksiya zamanı Azərbaycanı ABŞ və İsraillə yaxın münasibətlər qurmaqda ittiham edən qüvvələr, nədənsə, I Qarabağ müharibəsinin ağır vaxtlarında ölkələrinin Ermənistana hər cür yardım göstərdiyini, bu yardımların indiyədək davam etdiyini və nəticədə müsəlman qardaşlarına qarşı törədilən haqsızlığa göz yumduqlarını unudurlar.
Azərbaycana qarşı tələb irəli sürənlər, görəsən, nəyə görə öz hökumətlərindən Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla geniş əməkdaşlıqdan çəkinməyi tələb etmirlər? İki ölkə arasında iqtisadi, siyasi, hərbi əməkdaşlıq ən yüksək səviyyədədir. Halbuki İsraillə əməkdaşlıq etməkdə günahlandırılan Azərbaycanın bu ölkədə heç səfirliyi də yoxdur.
Özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış islam mədəniyyəti abidələri, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?
Ermənistanla ən yaxın əlaqələr quran, Yerevana güclü iqtisadi dəstək verən, Ermənistanın rəsmi şəxslərini böyük hörmətlə qəbul edən İran rəhbərliyi Azərbaycan xalqından necə yaxşı münasibət gözləyə bilər? Burada yadınıza bir faktı yada salmaq istəyirəm. Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan 1993-cü ildə, savaşın qızğın vaxtında, Ermənistan parlamentində etdiyi çıxışında bunu etiraf etmişdi: "Əgər İran 3-cə gün belə yardımlarını dayandırsa, Ermənistan məhv olar". Əlavə şərhə ehtiyac varmı?!
Burada bir məqama da toxunmamaq olmaz. İranın da üzv olduğu İslam Konfransı Təşkilatının qəbul etdiyi "Ermənistanın Azərbaycan qarşı təcavüzü haqda" adlı qətnamədə qeyd olunur ki, İKT üzvü olan bütün dövlətlər təcavüzün nəticələri aradan qaldırılanadək, öz siyasi, iqtisadi və digər imkanlarından istifadə etməklə, işğalçı dövlətə təzyiq göstərməlidirlər. Lakin görünən odur ki, İran bu qətnaməyə imza atmasına baxmayaraq, orada qeyd olunan prinsiplərə riayət etmir, əksinə, Ermənistanla siyasi, iqtisadi, hətta hərbi əlaqələri getdikcə gücləndirir.
Bəzi ölkələrdən fərqli olaraq, öz ərazisində qanunlara və demokratik prinsiplərə riayət edən, insan hüquqlarına hörmətlə yanaşan Azərbaycan nədə günahlandırıla bilər? Azərbaycan bütün dünyada tolerantlığın ən yüksək formada olduğu nümunəvi ölkə kimi qiymətləndirilir.
Bəli, Azərbaycan hökuməti öz vətəndaşlarının hüquqlarını milli, dini, cinsi, irqi və sosial fərq qoymadan qoruyur. Ölkədə bütün kateqoriyalardan olan azlıqların səbəst fəaliyyətinə və inkişafına dövlət yardım edir. Lakin bu, o demək deyil ki, hansısa ölkə bundan istifadə edib, pul gücünə ələ aldığı adamlar vasitəsilə bu durumu gərginləşdirməlidir.
İranda Azərbaycan vətəndaşları həbs olunanda, bu ölkədə Azərbaycan əleyhinə ermənilərin geniş və azad fəaliyyət göstərdikdə, Azərbaycanda heç də İran əleyhinə hansısa bir etiraz aksiyası keçirilməyib. Hətta İranda azərbaycanlıların hüquqlarının pozulması, onlara təzyiqləri rəhəbər tutaraq, İranın Bakıda səfirliyi qarşısında etiraz aksiyası keçirmək istəyən təşkilatlara icazə verilməyib.
Yalnız ona görə ki, Azərbaycan İranı dost və qardaş ölkə hesab edir. Rəsmi Bakı, digərləri ilə olduğu kimi, İranla da mehriban qonşuluq münasibətlərinin inkişaf etməsinə, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə çalışır. Belə bir şəraitdə, rəsmi Tehran Azərbaycanın Konsulluğu qarşısında davamlı aksiyanın keçirilməsini, Azərbaycanın ən sərt şəkildə təhqir edilməsini necə izah edə bilər?
Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, İran hakimiyyəti "Səhər" televiziya kanalının Azərbaycanı, Azərbaycan hakimiyyətini davamlı şəkildə tənqid və təhqir etdiyinə göz yumur. Bütün bunlar İranın müxtəlif vasitələrlə Azərbaycanın daxili işlərinə və xarici siyasətinə təsir göstərmək cəhdləri kimi başa düşülür. Bunlar İranın rəsmi dairələri tərəfindən cavablandırılması vacib olan məsələlərdir.
İran da daxil olmaqla, heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və buna yol verilməyəcək. Azərbaycanın demokratik, müstəqil və sivil bir ölkə olmasını nəzərə alsaq, o zaman təbii olaraq, dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq etmək, tolerantlıq ənənələrinə xələl gətirmək və etiqad azadlığından sui-istifadə etmək cəhdlərinin qarşısı bundan sonra da qanunla müəyyən edilmiş qaydada alınmalıdır.
Azərbaycan regionda söz sahibi olan güclü dövlətdir. Azı 4 min illik dövlətçilik tarixi olan bu dövlət heç bir xarici qüvvə və daxili separatçı qüvvələr tərəfindən öz yolundan döndərilə bilməz. Bu səbəbdən də, öz ərazisində hər hansı qanunsuz hərəkətin qarşısını almaq dövlətin birbaşa müstəsna hüququdur.
Diqqətinizi daha bir məsələyə cəlb etməyə ehtiyac duyuruq. İranın separatizmi təbliğ edən, heç bir etik normalara, peşə prinsiplərinə cavab verməyən formada fəaliyyət göstərən "Səhər" telekanlı və digər çoxsaylı media orqanları daim belə bir fikir yaratmağa çalışırlar ki, Azərbaycan vaxtilə İranın tərkibində olub və bu səbəbdən də, yenidən İranın tərkibinə qatılmalıdır. İndiki dünyada bu, olduqca gülünc bir iddiadır.
Əvvəla, tarixə nəzər salsaq, görərik ki, nəinki bölgədə, eləcə də, bütün dünyada ən qədim dövlət Azərbaycan olub. Təkcə son minillikdə onlarla müxtəlif imperiya və dövlətlər yaradan bir xalq daim öz qonşuları ilə mehriban yaşamağa çalışıb. Lakin xarici müdaxilələr nəticəsində tarixi müəyyən dövrlərində Azərbaycan əraziləri, müvəqqəti olaraq, bəzi imperiyaların tərkibinə qatılıb.
Bu, heç kimə, onu deməyə əsas vermir ki, həmin dövrü əsas gətirib, başqa dövlətə qeyri-rəsmi də olsa, ərazi iddiaları irəli sürülsün. Bu məntiqlə İtaliya və Türkiyə xeyli müstəqil dövlətə ərazi iddiaları irəli sürməlidir. Eləcə də, Azərbaycanın özü. Azərbaycan öz tarixi torpaqlarının, bir sıra dövlətlərin tərkibində olmasına baxmayaraq, heç zaman bu iddiada olmayıb. Azərbaycan, sadəcə olaraq, 20 il öncə beynəlxalq səviyyədə rəsmən tanınmış ərazilərinin işğalına son qoyulmasını tələb edir.
Beləliklə, bölgədə və Azərbaycanda gedən son proseslərdən görünür ki, Azərbaycanın güclənməsi, müstəqil siyasət yürütməsi və ölkədaxili situasiyanın normal olması bəzi xarici dövlətlərə sərf etmir. Buna görə də, müxtəlif yollarla ölkədaxili sabitliyi pozmaq, milli, dini ayrıseçkiliyi qızışdırmaq, separatizmi təbliğ etməklə Azərbaycanı çətin durumda qoymağa çalışırlar.
Lakin qeyd edək ki, Azərbaycan hakimiyyəti bu kimi halların qarşısını qətiyyətlə almaq iqtidarındadır. Cəmiyyətimiz isə, bu cür hallara qarşı mənfi münasibət bəsləyir. Bunu nəzərə aldıqda, inamla söyləmək olar ki, bu cür əməllərlə heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan güclü, möhkəm dövlət sisteminə, xalq həmrəyliyinə malik olan dövlətdir. Bu dövləti nə xarici, nə də daxili təzyiqlərlə zəiflətmək mümkün deyil.

Digər xəbərlər