PDF Oxu

Araşdırma

  • 15

“Ermənistan korrupsiya və cinayətkarlıq içində boğulur"

“Ermənistan korrupsiya və cinayətkarlıq içində boğulur"

Son aylar dünyada yaşanan maliyyə böhranı fonunda Ermənistanın özünü necə apardığını izləmək maraq doğurur. İqtisadiyyatı, istisnasız olaraq, Moskvadan tənzimlənən Ermənistanın düşdüyü durumu qısaca xarakterizə etməli olsaq, ilk növbədə, siyasi və iqtisadi böhran əlamətlərini görərik. Azərbaycanın diplomatik və iqtisadi uğurları sonucunda çətin duruma düşən Ermənistanın fiaskosu göz önündədir. Beynəlxalq təşkilatlar öz hesabatlarında bunu qeyd ediblər. Artıq Rusiya və Ermənistan mediasında yayımlanan materiallar da dediklərimizi təsdiq edir.
Məqalələrdə qeyd olunur ki, Ermənistanda ictimai-siyasi proseslər, nəinki ölkənin özündə, hətta Rusiyada yaşayan çoxmilyonlu erməni diasporunda və ermənilərlə çoxəsrlik sıx əlaqələri olan Rusiya ictimaiyyətində də narazılıq yaradır. Statistikaya görə, Rusiyada işləyən Ermənistan vətəndaşlarının sayı 800 mindən çoxdur.
Maraqlısı budur ki, müxtəlif dövlət eşalonlarında bürokratiya dövlət maraqlarını şəxsi ambisiyalarla əvəz edən yüksək rütbəli məmurlar yer alıb. Bununla bərabər, öz hakimiyyətini leqallaşdıran təşkilatlanmış cinayətkarlıq piramidası hüquq-mühafizə orqanlarını, məhkəmə və parlamenti öz təsir dairəsinə alıb.
Bununla paralel, rəsmi olaraq, qeyri-şəffaf maliyyə-büdcə sistemi kölgə iqtisadiyyatını gücləndirib. Bu kölgə iqtisadiyyatının dövriyyəsi isə rəsmi dövlət büdcəsindən çoxdur. Belə hesab olunur ki, Serj Sarkisyanın hakimiyyətə gəlişindən sonra ali dövlət idarəetmə strukturlarında kəskin surətdə küçə-kriminal elementləri baş verir. Nəticədə cinayətkarlıq günü-gündən sürətlə artır.
Misal üçün, Erməni Milli Klubunun ("Miabanutyun") rəhbəri Smbat Karahanyanın Rusiya mediasında yayımlanan bəyanatında deyilir ki, Ermənistanda bu dövlət sistemi dədə-babadan belə davam edir. "Bu sistemin rəhbər simaları milli dövlətçiliyi, ərazi bütövlüyünü və sadə insanların maraqlarını müdafiə edə bilməz. Hakimiyyətin özünə kriminal oliqarxlar və daxili kreaturların əli ilə təzyiq olunur. Halbuki həmin qruplar öz sahibinin maraqlarına xidmət edirlər və onları əhalinin problemləri maraqlandırmır".
EMK rəhbəri bildirir ki, bu rejim milli maraqlara zidd olaraq, təsərrüfat-iqtisadi maxinasiyalar, hətta dramın kursu ilə bağlı süni oyunlar, əhalinin qazla təminatı məsələsində də total fırıldaqlar edir: "Məlumdur ki, ölkənin zavod və fabriklərinin səhmlərinin 85 %-i yuxarıda əyləşən məmurlara məxsusdur. Ölkənin gəlirlərinin 90 %-i onların əlindədir. Bu səbəbdən də, alınan xarici kreditlərin taleyini düşünmək çətin deyil".
S.Karahanyanın szölərinə görə, "təəccüblüsü budur ki, Ermənistan Təhsil Nazirliyinin "Daşnaksütyun" və "Orinas Erkir" partiyalarının üzvləri olan nümayəndələri 11 il ərzində başqalarına nisbətən rüşvət və korrupsiyaya qarşı mübarizə haqda daha çox danışırlar".
Məqalələrdə göstərilir ki, Ermənistanın çirkli kapitalı oliqarxlar və yüksək rütbəli məmurlar tərəfindən ölkədən çıxarılır və Avropaya yerləşdirilir. Həmin pullar xarici ölkələrdə gizlədilir və Cənubi Avropada, Balkanlarda, İsraildə və Türkiyədə daşınmaz əmlak alınır.
Rusiya və Ermənistan mediasında yazıldığına görə, erməni məmurları və oliqarxları tərəfindən çirkli pulların harada və necə yuyulması haqda ABŞ xüsusi xidmət orqanları tərəfindən xeyli faktlar aşkarlanıb.
"Forbs Armenia" jurnalının 2006-cı il dekabr sayında 10 ən varlı erməninin siyahısı açıqlanıb. Aralarında ən yüksək dövlət rəhbərlərinin olduğu siyahı belədir:
1. Qaqik Çarukyan- "Çiçəklənən Ermənistan" partiyasının sədri, "Multi-Group" konserninin rəhbəri,
2. Armen Avetsiyan- Gömrük Komitəsinin sədri,
3. Mixail Baqdasarov- "MİKA" şirkətinin prezidenti,
4. Qrant Vardanyan- "Grand Tobaco"nun prezidenti,
5. Sukiasyan ailəsi- "Sil" konserni,
6. Ervand Zaharyan- Yerevan meri,
7. Robert Köçəryan- Ermənistan prezidenti,
8. Serj Sarkisyan- müdafiə naziri,
9. Andronik Manukyan- rabitə və nəqliyyat naziri,
10. Davud Arutyunyan- ədliyyə naziri.

Xüsusilə, qeyd etmək lazımdır ki, bu siyahıda adları çəkilən 10 nəfərin hamısı de-yure icra strukturlarında çalışırdılar. İndiki prezident də daxil, bu adamlar guya aylıq əməkhaqqı ilə yaşayıblar.
Bu sistemin yaradıcısı 2-ci prezident Köçəryan (1998-2008) rəhbərliyi dövründə bu kiçik ölkənin bütün imkanlarını bir ələ yığa bilib. Belə hesab etmək olar ki, Köçəryan öz hakimiyyəti dövründə sövdələşməklə "partiya hakimiyyəti"nin yola gətirərək, özünə mənsub olan sektorlarda gəlir mənbələrinə nəzarət edib:
1. Vergilər,
2. Telekommunikasiya,
3. Tikinti,
4. Qaz təzhizatı,
5. Qiymətli daşların emalı və ona ixrac-idxal əməliyyatı,
6. Ümumi idxal,
7. Faydalı qazıntılar,
8. Aviasiya nəqliyyat infrastrukturu və s.

Həmin sahələrdən alınmış bütün aktivlər Köçəryanın nəzarəti altındadır. Hesablamalara görə, Köçəryan ailəsinin ümumi kapitalı azı 4 milyard dollar həcmindədir. Maraqlıdır ki, sonrakı prezident Serj Sarkisyan da öz həmkarından geri qalmayıb. Hakimiyyətdə olduğu müddətdə prezident ölkənin demək olar bütün sərvətlərini ələ keçirib.

İndiki Ermənistan prezidenti Serj Sarkisyanın nəzarətində olduğu məlum olan iqtisadi sektorlar:

1. Gömrük rüsumu,
2. Neft emalı, benzin və dizel idxalı,
3. Metal idxalı,
4. Qızıl məmulatlarının ixracı,
5. Aviayük və kompaniyalar sferası və s.
Ümumilikdə isə, Sarkisyan idxal-ixracın 35-40 faizinə şəxsən nəzarət edir.
Çox böyük ehtimallar hazırkı prezidentin sahib olduğu sektorların tam siyahısı deyil. Sarkisyanın dolayı yolla digər sahələri də ələ keçirdiyi də bildirilir.
Erməni Milli Klubunun başçısı Smbat Karahanyan Ermənistan prezidentlərinin sahib olduqları sahələri açıqlayır: "Dəqiqliyi ilə sizə deyə bilərəm ki, Ermənistanın birinci şəxsləri daha nələrə malikdirlər. Eks-prezident Robert Köçəryan 25 bank və şirkətin iri payda səhmlərinə malikdir.
Prezident Serj Sarkisyan isə, 18 müxtəlif şirkətlərin böyük payda səhmlərinə malikdir. Belə durumda Ermənistanın hansı inkişafından söhbət gedə bilər".
Sözsüz ki, Ermənistanın hazırkı durumu və eks-prezident Köçəryanın və hazırkı prezident Sarkisyanın böyük var-dövlətinin, maliyyə aktivlərinin olması haqda çox danışılıb. Bu informasiyalar, nəinki Ermənistanın özündə, hətta Rusiyada belə narazılıq yaradır.
"İnanmaq çətindir ki, onların kef diapozonu bu qədər genişdir. Bu necə mümkün ola bilər ki, Ermənistan kimi cılız və yoxsul bir ölkədə bu qədər böyük sərvətlər əldə edənlər var?"-EMK sədri deyir. Problem ondadır ki, ölkə, sadəcə, bir neçə nəfərin əlindədir. Bunu elan edən EMK-nın rəhbəri bu qənaətdədir.
Fakt odur ki, totalitar rejim şəratində yaşayan işğalçı ölkədə bütün sferalarda böyük narazılıq hökm sürür. Buradan belə qənaətə gəlmək olar ki, belə durumda yayımlanmış informasiyaların ictimaiyyət tərəfindən təsdiqi də gözlənilməz deyildi.
Son vaxtlar Rusiya və Ermənistan mediasında Ermənistandakı total maxinasiyalar haqda konkret fakt və rəqəmlərin ifadə olunduğu informasiyalar ictimaiyyəti əsil şoka saldı. Bu faktlar keçmiş və indiki prezidentlərin ölkəni soyub-talamaqda necə mahir olduqları haqda oxucularda təəssürat yaratdı. Aydın olur ki, Sarkisyan ölkənin sərvətlərinin talamaqda keçmiş həmkarından heç də geri qalmır.
2009-cu ilin yekunu ilə bağlı hesabatına görə, ÜDM-in azalmasına görə (-14,4 %) Ermənistan MDB ölkələri arasında birinci yeri tutur. Ekspertlərin fikrincə, iş şəxsi aktivlərin böyüklüyündə deyil, iş ondadır ki, korrupsiya və kriminalın hökm sürdüyü bir ölkədə ölkə rəhbərliyi buna müdaxilə edə bilmir.
Əslində, "müdaxilə etmir" desək, daha doğru olardı. Ermənistanda konstruktiv formada güc strukturları kriminallaşaraq, öz mənfəəti üçün iqtisadi sferada maliyyə fırıldaqları prinsipi ilə işləyir. Ölkədə belə bir cinayətkar piramida yaranıb.
Hökumət üçün erməni dramının kursunu süni şəkildə qaldırıb-endirmək özlərinə sərf edən formadan həyata keçirilir. Bununla da özlərinə yüksək məbləğdə valyuta ehtiyatı əldə edirlər. Bu cür ölkənin rəhbərliyi milli dövlətçilik prinsipləri ilə yanaşmaq adı altında guya sadə insanların maraqlarını qoruyur.
BMT-nin son hesabatına görə, ölkə əhalisinin yarısı yoxsul vəziyyətdə yaşayır. Əslində, buna yaşamaq demək də olmaz. Rusiyaya iş tapmaq ümidi ilə gedən ermənilərin dediyi kimi, bu, əsil işgəncədir. İş yerləri yox, maaşlar cüzi, bazar-dükanlarda bahalıq, qaz, elektrik, demək olar ki, yox. Bu səbəbdən də, "məzlum" ermənilər çıxış yolunu Rusiya, Gürcüstan və başqa ölkələrdə bir tikə çörək üçün "hamballıq" etməkdə görürlər.
Maraqlıdır ki, Ermənistanın özündə belə sabiq hökumət üzvləri də ölkənin fəlakətə sürükləndiyini etiraf edir və buna etiraz edirlər. Keçmiş xarici işlər naziri Vardan Oskanyanın sözlərinə görə, bütün sahələrdə ciddi geriləmələr var və ölkə iqtisadiyyatı məhvə doğru gedir: "Bu tendensiyanın belə davam etməsi təhlükəli nəticələr doğura bilər. Böhran elə "dağıntılar" törədə bilər ki, sonradan onun "bərpası" mümkün olmayacaq.
İndi Ermənistan tənəzzülə doğru sürətlə irəliləyir. Ərazisi kiçik və heç bir təbii resursları olmayan Ermənistan üçün bu, çox təhlükəli haldır. Əvvəllər diplomatik fəallığımız hesabına bəzi uğurlar qazanmışdıq. Lakin indi diplomatik aktivliyimiz də xeyli zəifləyib. Məhz bunun nəticəsidir ki, regionda gedən proseslər bizim iradəmizdən kənarda cərəyan etməyə başlayıb".
Erməniləri ən çox narahat edən məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda müəyyən irəliləyişlərin əldə olunmasıdır. Ermənistan milli təhlükəsizlik nazirinin keçmiş müavini Qurgen Yeqiazaryanın fikrincə, bu məsələdə Azərbaycanın mövqeyi xeyli güclənib.
O, hesab edir ki, beynəlxalq dairələr münaqişənin rəsmi Bakının tələbləri çərçivəsində həlli məsələsində birgə razılığa gəliblər: "Razılığa əsasən, Azərbaycanın ermənilərin nəzarətində olan rayonları boşaldılacaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar geri qayıdacaq. Bu zaman Azərbaycan tərəfi Dağlıq Qarabağ ərazisində azərbaycanlıların sayının ermənilərdən çox olmasına çalışacaq. Təbii ki, beynəlxalq aləm də buna göz yumacaq. Bundan sonra referendum keçiriləcək və səsvermənin nəticələrinə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq".
Avropa mediasında daim yazıldığı kimi, nə qədər ki, bu ölkə qonşuları ilə münasibətləri sahmanlamayacaq, onun iqtisadi inkişafından, o cümlədən, böyük investisiyaların gəlməsindən danışmaq real olmayacaq.
Ermənistan bir dövlət kimi, gələcəyini göz önündə tutaraq, indiyədək yeritdiyi aqressivliyə, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə son qoymalıdır. Çünki bu siyasətin Ermənistana, praktik olaraq, heç nə vermədiyi gün kimi aydındır.

Digər xəbərlər