PDF Oxu

Araşdırma

  • 10

A(H1N1) qripinə qarşı immunlaşdırma tədbirləri görüləcək

A(H1N1) qripinə qarşı immunlaşdırma tədbirləri görüləcək
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Səs"ə verilən məlumata görə, dünyanın bir sıra inkişaf edən ölkələrinin, o cümlədən Azərbaycanın sifarişinə cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatı A(H1N1) qripinə qarşı vaksinlər ianə etmişdir.
Azərbaycanda immunlaşdırma tədbirlərinin həyata keçirilməsində Səhiyyə Nazirliyinə bir sıra beynəlxalq təşkilatlar dəstək vermişdir: ABŞ- nın Beynəlxalq İnkişaf Agentliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Rostropoviç-Vişnevskaya Fondu, Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Ümumdünya Səhiyyə Təşkilatı.
Ölkədə pandemik A(H1N1) qripinə qarşı vaksinasiya tədbirlərinin aparılması üçün 2010-cu ilin 8 və 15 yanvar tarixlərində peyvənd materialları (172000 doz vaksin, müvafiq sayda şprislər və digər ləvazimatlar) gətirilmişdir. Peyvənd materialları yanvarın 29-dək Respublikanın şəhər və rayonlarına paylanılaraq yerlərə çatdırılıb. A(H1N1) pandemik qripindən qorunmaq üçün peyvənd olunacaq prioritet qruplar Səhiyyə Nazirliyi tərəfindən təyin edilmişdir: Tibb müəssisələrinin işçiləri, o cümlədən səhiyyə, nəqliyyat (su, hava, dəmir yolu) və digər nazirliklərin müalicə-profilaktika idarələrinin tibb və digər işçiləri. İlkin olaraq dövlət tibb müəssisələrinin işçiləri vaksinlərlə təmin olunurlar. Bu, onları yoluxmadan qorumaq və pandemik qrip dövrü ərzində səhiyyə sisteminin davamlı işləməsini və tibbi xidmət göstərməsini təmin etmək məqsədi daşıyır.
Hamiləliyin 3-cü trimestrində olan hamilə qadınlar - Yeni A(H1N1) qripi hamilə qadınlar üçün təhlükəli ola bilər. Dünyanın bir sira ölkələrində aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bu xəstəliyə tutulmuş hamilə qadınların reanimasiya şöbəsinə qəbul olunması halları ümumi əhali arasında yeni A(H1N1) qripi ilə xəstələnmiş şəxslərə nisbətən 10 dəfə çoxdur. Hamiləliyin ikinci və üçüncü trimestrində olan qadınlar üçün bu xəstəlik daha çox təhlükə törədir.
Ağ ciyərlərinin xroniki xəstəlikləri olan şəxslər - Dünyada aparılan müşahidələr göstərir ki, ağ ciyərlərinin xəstəlikləri olan insanlar çox ağır formada A(H1N1) qripi ilə xəstələnə bilərlər. Bu insanlar A(H1N1) qripi virusuna yoluxduqları halda onlarda əsas xəstəliklərinin ağırlaşmaları, pnevmoniyanın inkişafı və ölüm təhlükəsi yarana bilər. 14-17 yaşlı yeniyetmələr (8-11-ci sinif şagirdləri) - pandemik A(H1N1) qripi əsasən gənclərdə müşahidə olunduğu üçün bu qrupun vaksinasiyası pandemik qripin əhali arasında yayılmasını azaldacaq.
Vaksinin pandemik qripdən qorunmaq üçün effektli vasitə olduğuna baxmayaraq onun miqdarı məhduddur. İnsanlar əllərini mütəmadi olaraq sabunla yumaqla, öskürərkən/asqırarkən ağzı dəsmal ilə tutmaqla, özünü xəstə hiss etdikdə işə və ya dərsə getməmək və evdə qalmaqla özlərini və başqalarını yoluxmadan qoruya bilərlər.

Digər xəbərlər