"SOS" Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının "Gələcək bizik" adlı tədbiri keçirildi. Tədbirdə çıxış edən assosiasiyasının milli direktoru Gülarə Hümbətova kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlara və yeniyetmələrə, sosial statusundan asılı olmayaraq, qayğı göstərildiyini, onların ailə mühitində böyüyərək tərbiyə almasının, sonradan məşğulluğunun təmin edildiyini vurğuladı. Sonra burada tərbiyə alan gənclərin "Gələcək bizik" mövzusunda çəkdiyi, onların sosial problemlərinin həlli yollarını əks etdirən qısa videoçarxlar nümayiş etdirildi.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Yeganə Cəfərova və Fərqanə Məmmədxanova tədbirdə çıxış edərək, bildirdilər ki, Avropa Sosial Xartiyasının (yenidən işlənmiş) müvafiq maddəsi uşaq və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsini ehtiva edir. Qeyd olundu ki, son dövrlər respublikamızda insan hüquqları sahəsində əldə olunan ən böyük nailiyyətlərdən biri də ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planıdır. Planın müvafiq bəndlərində dövlət orqanları qarşısında uşaq hüquqlarının daha səmərəli müdafiəsi və təbliği ilə bağlı vəzifələr qoyularaq, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilibdir.