PDF Oxu

Araşdırma

  • 15

Vilayət Əliyev: “Tələbələrə kreditlərin verilməsi dövlətin təhsilə qayğısından irəli gəlir”

Vilayət Əliyev: “Tələbələrə kreditlərin verilməsi dövlətin təhsilə qayğısından irəli gəlir”

Azərbaycanda istər humanitar, istərsə də, iqtisadi sahədə uğurlar əldə edilməkdədir. Respublikamızda iqtisadiyyatın sürətli inkişafı, ilk növbədə, düzgün, məqsədyönlü iqtisadi siyasətin nəticəsidir. Uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, ölkə vətəndaşlarının sosial müdafiəsi gücləndirilir. Regionların sosial-iqtisadi inkişafı gücləndirilir. Yəni neftdən gələn gəlirlər digər sektorların inkişafına yönəldilir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasından irəli gəlir. Arxada qalan 2009-cu il də ölkə iqtisadiyyatı üçün, ümumiyyətlə, respublikamız üçün uğurlu illərdən oldu. Beynəlxalq maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf tempindən geri qalmadı. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın uğurlu iqtisadi siyasəti qeyd olunur. Bundan əlavə, həmin qurumların proqnozlarına görə, 2010-cu ildə ölkəmizdə iqtisadi inkişaf 7.4% olacaq və iqtisadiyyatın inkişafına görə, gələn il Azərbaycan keçmiş sovet ölkələri arasında ən sürətlə inkişaf etmiş respublika olacaq. Ötən il iqtisadiyyatın, digər sahələri olduğu kimi, aqrar sektorda inkişaf etdirildi. Təbii ki, dövlətin, ölkə rəhbərliyinin diqqəti və qayğısı olmadan iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı inkişaf edə bilməz. Ancaq Prezident İlham Əliyev cənablarının diqqəti və ümümiyyətlə, ölkə rəhbərliyinin qayğısı nəticəsində kənd təsərrüfatının inkişafının şahidi olduq. Bunun nəticəsi olaraq, ÜDM-də artım müşahidə olundu.
Ulu öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi, "Təhsil millətin gələcəyidir". Millətin, ölkənin gələcəyi olan təhsilə, istər ümummilli liderimiz Heydər Əliyevin dönəmində, istərsə də Prezident İlham Əliyevin, hər zaman ölkə rəhbərliyi diqqətlə yanaşıb. Ölkənin iqtisadi inkişafı nəticəsində dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsait ildən-ilə artırılır. Son illər ərzində bu sahədə uğurlar əldə edilməkdədir. İstər orta və ali məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərimizin əmək haqlarının artırılması, milli təhsilimizin dünya standartlarına uyğunlaşdırılması və s. kimi nailiyyətlər dövlətimizin təhsilə diqqət və qayğısından irəli gəlir. Bu sahədə əldə edilən uğurlardan biri də 2009-cu ildə "Təhsil haqqında" qanun layihəsinin qəbul edilməsidir. Məsələyə münasibətini öyrəndiyimiz YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev qeyd etdi ki, ölkə təhsili bu gün uğurlu addımlarla irəliləməkdədir.

- 2009-cu il Azərbaycanda təhsili sistemi hansı hadisələrlə yadda qaldı?

- 2009-cu il Azərbaycan təhsili ilə bağlı çox mühüm uğurlarla yadda qaldı. Uzun müddətdir ki, bizim gözlədiyimiz "Təhsil haqqında" qanun 2009-cu ildə Milli Məclisdə müzakirə edildi və qəbul olundu. Həmçinin, ötən il Azərbaycanda "Boloniya" sisteminə, dünya təhsil sisteminə inteqrasiya ilə əlaqədar müntəzəm işlər aparıldı. Ötən il Azərbaycan təhsilində kəmiyyətdən daha çox kefiyyətə üstünlük verilməsi ilə yadda qaldı. 2009-cu ildə Azərbaycanın bütün məktəblərində və o cümlədən, ali məktəblərdə müəllimlərə "ilin müəllimi", "ilin alimi" kimi xüsusi fəxri adlar verildi. 2009-cu il Azərbaycanda yubileyləri taman olan ali təhsil ocaqlarının yubileylərinin qeyd olunması ili kimi yadda qaldı. Ötən il, həmçinin, təhsil ocaqlarının yenidən qurulması, onların təmiri, avadanlıqlarla təmin olunması və pedaqoji kadrların kefiyyətinin artırılması ili kimi yadda qaldı. Bir sözlə, Azərbaycan təhsili bu gün çox düzgün yolla addımlayır və bizim əsas vəzifəmiz Azərbaycan Respublikasının gələcəyi üçün çox savadlı müəllim kadrlarının və digər kadrların hazırlanması olmalıdır. Bu istiqamətdə də işimiz uğurla gedir.

- "Təhsil haqqında" Qanunun qəbul edilməsindən sonra təhsil sahəsində hansı yeniliklər baş verdi?

- Qeyd olunan qanunun qəbulundan sonra, ölkə təhsilində çox yeniliklər baş verdi. Bu yenilik də ondan ibarətdir ki, müəllimlər işlərini yenidən qururlar. Ən böyük yenilik ondan ibarət oldu ki, təhsilin aspirantura pilləsi dokturanura ilə əvəzləndi. Bundan əlavə, "elmlər namizədi" alimlik dərəcəsi "fəlsəfə doktoru" ilə əvəzləndi. Təhsilmizin işıqlandırılması üçün yazılan məqalələrin və dərsliklərin, tərtib olunan proqramların müasir tələblərə cavab verməsi istiqamətində çox böyük işlər gedir. Ona görə də, hesab edirəm ki, Azərbaycan təhsili uğurlu bir yoldadır və bu istiqamətdə də işlər davam etdiriləcək.

- Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi ölkə ictimaiyyəti, o cümlədən, ziyalılar tərəfindən geniş müzakirə edildi. Siz necə düşünürsünüz, elm sahəsində islahatların aparılmasına ehtiyac varmı?

- Mütəmadi olaraq, elm və təhsillə bağlı ölkə Prezidenti müəyyən sərəncamlar verir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, elm və təhsil sahəsində işlərin qurulması ilə bağlı milli proqram hazırlanıb. Prezident Administrasiyasının rəhbəri, akedemik Ramiz Mehdiyevin məlum məqaləsi də böyük rezonansa səbəb oldu. Bu məqaləni çox dəyərli hesab edirəm. Təbii ki, elm sahəsində də müəyyən problemlər mövcuddur. Hesab edirəm ki, təhsil sahəsi ilə yanaşı, elm sahəsində də islahatlar aparılmalıdır. Azərbaycan AMEA-da struktur islahatlarının aparılması da vacib məsələlərdəndir. Onu da qeyd edim ki, ölkə gənclərini düzgün istiqamətləndirmək lazımdır. Müharibə vəziyyətində olan bir ölkənin gəncləri vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar.

- Ödənişli əsaslarla təhsil alan tələbələrə dövlət kreditlərinin verilməsi qeyd olunur. Bu, təhsilimizə, tələbələrə nə kimi təsir edəcək?

- Dövlətimiz tələbə-gənclərə hər cür şərait yaradır. Ödənişli əsaslarla təhsil alan tələbələrə dövlət kreditlərinin verilməsi müsbət haldır. Bu, dövlətin təhsilə qayğısından irəli gəlir. Təəssüf ki, indi təyinat məsələsi yoxdur. Yəni bəzi rayonlarımızda müəllim çatışmamazlığı problemi var. Hesab edirəm ki, bu problem yəni, müəllim çatışmazlığı problemi də öz həllini tapacaq. Onu qeyd etmək istəyirəm ki, ölkə rəhbərliyi hər zaman təhsilimizin inkişafına diqqət ayırmaqdadır. Heç şübhəsiz ki, tələbələrə kreditlərin verilməsi də bu istiqamətdə atılan uğurlu addımlardandır. Yəni bu, həm təhsilimizin inkişafına, həm də gənclərə müsbət təsir göstərəcək.

Digər xəbərlər