Ermənistan ordusu dağılmaq ərəfəsindədir
Ordu quruculuğu prosesində Ermənistan yeni çətinliklərlə üzləşib. Ölkənin sosial, iqtisadi, maliyyə sektorunda yaranmış dərin çatlar, eləcə də siyasi müstəvidə hakimiyyətdəki oliqarxların bütün opponentlərinə qarşı qəddarcasına münasibətləri bu problemlərin daha da dərinləşməsinə səbəb olub.
Ermənistan Milli Statistika Xidmətinin (MSX) rəsmi açıqlamasında bildirilir ki, son 10 ildə ölkəni orta hesabla 1 milyon 435 min nəfər tərk edib. Xaricdə işləməklə ailəsini dolandırmaq istəyənlərin əksəriyyəti imkan düşən kimi ailələrini də mühacirətə aparırlar. Erməni əmək miqrantları daimi yaşamaq üçün İspaniya, Argentina, Kanada, Rusiya, Polşa, Avstraliya, Braziliya kimi dövlətlərə üstünlük verir.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti Ənvər Börüsoy hesab edir ki, Ermənistanda xristian dininin katolik, babtist, lüteran, protestant, qara metal yevangelist, adventist, kalvinist, ştundist, mavi xaç, Yəhva şahidləri, ortodoks və digər təriqət və məzhəblərinə qarşı çox ciddi təpkilər yaşanılmaqdadır: "Belə ki, ermənilərə məxsus qriqorian təriqətinə məxsus Apostol kilsəsi öz monopoliyasını qoruyub saxlamaq üçün hakimiyyəti və cəmiyyətin digər təbəqələrini daim səfərbər edib. Digər xristian məzhəb və təriqətlərinə "milli xəyanət" damğası vurularaq, yasaq olunması barədə məhkəmə qərarlarının çıxarılmasına da nail olunur".
Ekspertin sözlərinə görə, hüquqşünas Lev Marqaryan bildirib ki, Nikita Xruşşovun 1950-ci illərdə cinayət-prosessual qanunlarına əlavə etdiyi 244-cü maddə Ermənistan məhkəmələrində hələ də tətbiq olunur. Xristian qardaşlığından dəm vuran Eçmiadzin kilsəsi dini prosesləri özünün monopoliyasında saxlamaq üçün bu addımları atır. Xüsusilə orduda qriqorian kilsəsinə mənsub olmayan gənclərə qarşı daha sərt cəzalar verilir.Ekspertlərin fikrincə, bu gün Ermənistan cəmiyyətində qriqorian təriqətindən uzaqlaşaraq digər təriqət və məzhəblərə önəm verənlərin sayı orta hesabla 280 min nəfərdən artıqdır. Onların çoxu hakimiyyət dairələrinin təzyiq və təqiblərindən qorxaraq inanclarını gizlətməyə məcburdur.
Ə.Börüsoy qeyd edir ki, orduda bütün dünya ermənilərinin katolikosu 2-ci Qareginin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Vartanes Abramyan və Paryur Avetisyan kimi keşişlərin rəhbərlik etdikləri 30 nəfərlik keşişlər qrupunun verdiyi arayışlar sayəsində əsgərlərin və zabitlərin dini mənsubiyyəti də müəyyənləşdirilir.
Yerevandakı "ArmeniaNow.com" internet qəzetinin redaktoru Qayane Abramyan ordu ilə bağlı araşdırmalarında qeyd edir: "Orduya hərbi səfərbərliklə bağlı yaranmış problemləri həll etmək üçün rəhbərlik tələbələrin "əsgəri möhlət" hüququnu ləğv etmək istəyir. Çünki tələb olunan hərbi səfərbərlik üçün planı doldurmaq mümkün deyil. Ordu komandanlığı buna görə əsas da tapıb: "Azərbaycan ordusunda döyüş ruhunun yüksəldiməsi prosesi gücləndirilibdir". Halbuki ali məktəb müəllimlərinin və valideynlərin fikrincə, tələbələrin "əsgəri möhlət" hüququndan məhrum olması onların elmi biliklərə yiyələnmələrinə ciddi şəkildə mənfi təsir göstərəcək".
MSX-nin əhalinin məskunlaşma və demoqrafik vəziyyəti üzrə idarə rəisi Karina Kümcyan mətbuat konfransında: "Son 10 ildə ölkədə demoqrafik durum fəlakətli həddə çatıb. Əsgəri yaş həddinə çatanların sayı hərbi səfəbərliklə bağlı tələb olunan normativlərə görə mənfi dərəcəyə enib. Vəziyyətin belə davam edəcəyi təqdirdə yaxın 10-15 ildə hərbi səfərbərliklə bağlı orduya çağırılanların sayı orta hesabla 60-70 faiz azalacaq. Baxmayaraq ki, silahlı qüvvələrlə bağlı bütün məlumatlar hərbi sirr olaraq saxlanılmalıdır, bu yöndə həyəcan təbilini çalmaq mənim vətəndaşlıq borcumdur".
İstefada olan general-mayor Arkadi Ter-Tadevosyan ordudakı problemləri diqqətlə təhlil edərkən gəldiyi qənaət belədir: "İndiki şəraitdə ordu və ictimaiyyət arasında təzadlı münasibətlər dərinləşməkdədir. On minlərlə müxalifət tərəfdarı mitinqlərdə məhz ordu tərəfindən təhdid olunmalarına görə "orduya xidmət Serj Sarqsyan hərbi xuntasına xidmət deməkdir" fikrilə övladlarını mümkün olan bütün vasitələrlə əsgəri xidmətdən yayındırmaqdadır.
Bizim müşahidələrimizə görə, ordu və cəmiyyət arasında yaranmış uçurumu bərpa etmək mümkün deyil. Ordudakı vandalizm siyasəti gənclərin hərbi xidmət psixologiyasına mənfi təsir edən əsas amillərdən biridir. Dağlıq Qarabağ uğrunda müharibədə bizlər 6 min nəfər əsgərimizi itirmişik və bir o qədər də döyüşçümüz ömürlük əlil qalıb".
Azərbaycan ordusunun gündən-günə güclənməsi fonunda işğalçı ölkənin hərbi böhran keçirməsi Yerevan üçün ayaxşı perspektiv bəd etmir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusu regionda ən güclü ordudur və bu ordu sülh danışıqları nəticə vermədiyi zaman öz sözünü deyəcək.