PDF Oxu

Araşdırma

  • 12

Ermənistan vətəndaşları öz ölkələrini tərk edirlər

Ermənistan vətəndaşları öz ölkələrini tərk edirlər
Son günlərdə Ermənistan tərəfindən ölkəmizə əhalinin keçməsi ilə bağlı məlumatlar ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Düşmən ölkənin əhalisi tərəfindən belə bir halın müşahidə olunması Azərbaycan tərəfindən heç də birmənalı qarşılanmır. Bəziləri bunu Ermənistanda olan acınacaqlı vəziyyətlə əlaqələndirirsə, digərləri məsələyə başqa bir mövqedən yanaşaraq, ermənilərin öz vətəndaşlarını qəsdən Azərbaycan ərazisinə buraxdığını bildirirlər. Onların bunda məqsədinin ermənilərin Azərbaycan ərazisində müxtəlif cinayət əməlləri törətməsini ehtimal etmək olar.
Ermənilərin Azərbaycan ərazisinə keçməsi ilə bağlı tendensiyanın təkcə son günlərdə deyil, bundan bir müddət öncə də, müşahidə olunduğunu demək olar. Xatırladaq ki, keçən il ərzində düşmən ölkənin əsgərləri də Azərbaycan ərazisinə keçməklə buradan üçüncü bir ölkəyə keçmək istədiklərini bildirmişdilər. Erməni əsgərləri öz ölkələrindən qaçmalarının əsas səbəbi kimi orduda və ümumiyyətlə, Ermənistan ordusunda olan acınacaqlı vəziyyəti göstərirdilər. Bir daha öz ölkələrinə qayıtmaq istəməmələrini də onların qayıtdıqdan sonra daha böyük çətinliklərlə üzləşəcəyi ilə əlaqələndirirdilər. İndi isə əsgərlər deyil, adi vətəndaşlar Azərbaycan ərazisinə keçməyə başlayıblar. Ermənilər Azərbaycana keçmələrinin səbəbini açıqlamasalar da, Azərbaycana keçənin ailəli şəxs olduğunu nəzərə alsaq, demək olar ki, onların keçməsində hansısa bir məqsədlərinin olmaması, yalnız öz şəraitlərinin pis olması ilə əlaqələndirmək daha məqsədəuyğun olar. Ermənistanda olan böhranlı vəziyyət artıq hamıya məlumdur. Belə ki, bu böhran təkcə siyasi deyil, eyni zamanda, iqtisadi və sosial sahələri əhatə etməsi ilə də fərqlənir. Bunun nəticəsi kimi, Ermənistan əhalisinin vəziyyəti xeyli pisləşmiş və yoxsulluq səviyyəsi xeyli artmışdır. İşsizliyin artması erməni əhalisinin ölkədən kütləvi şəkildə köçüb getməsi üçün şərait yaratmış olur. Görünür, artıq vəziyyət o həddə gəlib çatıb ki, ermənilər öz vəziyyətlərinin ağır olmasına görə, hətta düşmən ölkənin də ərazisinə keçməyə risk edirlər.
Belə halların müşahidə olunması bir dövlət kimi Ermənistanın zəifliyindən xəbər verir. Onun öz əhalisinin ehtiyaclarını təmin etmək üçün lazımi qədər vəsaitə malik olmaması Ermənistanın beynəlxalq arenada onsuz da aşağı düşmüş imicinin daha da gözdən düşməsinə səbəb olur. Bu da, ilk növbədə, Ermənistan hakimiyyətinin səriştəsizliyi kimi qiymətləndirilə bilər. Sarkisyan hökumətinin yarıtmazlığı özünü bütün sahələrdə qabarıq şəkildə göstərməkdədir. Lakin bununla bərabər öz işğalçılıq siyasətindən və Dağlıq Qarabağ münaqişəsinin həllində barışmaz mövqeyindən çəkilməyən Ermənistanın belə bir mövqe göstərməsi onun siyasətinin heç də öz daxili vəziyyətinə uyğun olmadığının göstəricisidir. Bu gün Ermənistan öz vəziyyətini yaxşılaşdırmaq üçün qonşularla mehriban münasibət qurmaqdansa, daha böyük iddialarla çıxış edir. Ermənistan hökuməti artıq ona qarşı olan etiraz aksiyalarından bir nəticə çıxarmalı və siyasətində ciddi dəyişikliklər etməlidir. Belə olmayacağı təqdirdə, Ermənistandan daha çox əhali öz ölkəsini tərk edərək, digər dövlətlərin, hətta düşmən dövlətin də ərazisinə keçməkdə davam edəcək.

Digər xəbərlər