PDF Oxu

Araşdırma

  • 6

Ermənistan siyasi və iqtisadi böhran məngənəsində

Ermənistan siyasi və iqtisadi böhran məngənəsində
Son aylar dünyada yaşanan maliyyə böhranı fonunda Ermənistanın özünü necə apardığını izləmək maraq doğurur. İqtisadiyyatı, istisnasız olaraq, Moskvadan tənzimlənən Ermənistanın düşdüyü durumu qısaca xarakterizə etməli olsaq, ilk növbədə, siyasi böhran əlamətini görərik. Azərbaycanın diplomatik uğurları sonucunda çətin duruma düşən Ermənistanın siyasi-diplomatik fiaskosu göz önündədir.
Keçmiş xarici işlər naziri Vardan Oskanyan yaranmış duruma görə hakimiyyəti ittiham edib. O deyib ki, məhz Ermənistan iqtidarının yürütdüyü yarıtmaz siyasət nəticəsində ölkə iqtisadiyyatı məhvə doğru gedir. Onun fikrincə, proseslər ötən il daha da sürətlənib və nəticədə iqtisadiyyatda ciddi geriləmələr vardır: "Ermənistanda belə bir vəziyyət ötən əsrin 90-cı illərinin əvvəllərində qeydə alınıb.
Əslində, bizi narahat edən iqtisadiyyatın bu şəkildə bərbad vəziyyətə düşməsi deyil, odur ki, tendensiyanın belə davam etməsi təhlükəli nəticələr doğura bilər. Böhran elə "dağıntılar" törədə bilər ki, sonradan onun "bərpası" mümkün olmayacaq. 2009-cu ildə artıq bu proses başlayıb və Ermənistan tənəzzülə doğru sürətlə irəliləyir".
Sabiq xarici işlər naziri Ermənistanda ictimai-siyasi vəziyyətin dözülməz həddə çatdığını da bildirib. Onun fikrincə, problemlər öz həllini tapmaq əvəzinə, daha da dərinləşib. Ölkədəki siyasi hakimiyyət demokratik inkişafa mane olur, demokratik fikirli insanlara qarşı təxribatlar törədir və planlarını çox iyrənc vasitələrlə həyata keçirir. Oskanyan Ermənistanın beynəlxalq ictimaiyyət arasında da xeyli nüfuzdan düşdüyünü deyib.
O, belə hesab edir ki, buna səbəb hakimiyyətin xarici siyasət kursunu düzgün müəyyənləşdirməməsidir: "Nəticədə bölgəmizdə cərəyan edən proseslərə təsir etmək imkanından məhrum olmuşuq. Ərazisi kiçik və heç bir təbii resursları olmayan Ermənistan üçün bu, çox təhlükəli haldır. Əvvəllər diplomatik fəallığımız hesabına bəzi uğurlar qazanmışdıq. Lakin indi diplomatik aktivliyimiz də xeyli zəifləyib. Məhz bunun nəticəsidir ki, regionda gedən proseslər bizim iradəmizdən kənarda cərəyan etməyə başlayıb".
Erməniləri ən çox narahat edən məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda müəyyən irəliləyişlərin əldə olunmasıdır. Ermənistan milli təhlükəsizlik nazirinin keçmiş müavini Qurgen Yeqiazaryanın fikrincə, bu məsələdə Azərbaycanın mövqeyi xeyli güclənib. O, hesab edir ki, beynəlxalq dairələr münaqişənin rəsmi Bakının tələbləri çərçivəsində həlli məsələsində birgə razılığa gəliblər: "Razılığa əsasən, Azərbaycanın ermənilərin nəzarətində olan rayonları boşaldılacaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar geri qayıdacaq. Bu zaman Azərbaycan tərəfi Dağlıq Qarabağ ərazisində azərbaycanlıların sayının ermənilərdən çox olmasına çalışacaq. Təbii ki, beynəlxalq aləm də buna göz yumacaq. Bundan sonra referendum keçiriləcək və səsvermənin nəticələrinə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq".
Ermənistan milli təhlükəsizlik nazirinin keçmiş müavininin fikrincə, bütün bunların qarşısını almaq üçün yeganə çıxış yolu ölkədə hakimiyyət dəyişikliyinin reallaşmasıdır. Bunun üçün növbədənkənar prezident və parlament seçkiləri keçirilməli və sosial dayaqları güclü olan partiya hakimiyyətə gəlməlidir: "Ölkə beynəxalq güc mərkəzlərinin əlində oyuncaq olan iqtidardan xilas olmalıdır. Yalnız bundan sonra hər sahədə nəzərə çarpan ciddi geriləmənin qarşısı alına bilər".
Ölkədə yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edən müxalifət isə, deyəsən, hakimiyyət dəyişikliyində qərarlıdır. Erməni mənbələrinin yaydığı məlumatlara əsasən, bu günlərdə İrəvan şəhərində kütləvi mitinqlər keçirilir. Lakin hakimiyyət bütün vasitələrdən istifadə edərək, bu barədə xəbərlərin yayılmasının qarşısını alır. Məlumatda o da bildirilir ki, Ermənistanın bütün rayonlarında, xüsusən, şimal bölgələrində etiraz aksiyaları intensiv hal alıb.
Mitinqlərdə çıxış edənlər hakimiyyətin yürütdüyü daxili və xarici siyasətə qarşı kəskin etirazlarını bildirirlər. Növbəti belə mitinqlərdən biri də ötən həftə Talin, Aparan və Aştarak şəhərlərinin mərkəzi küçələrində keçirilib. "Texutun müdafiəsi qrupu", "İrs" partiyası və bu partiyanın deputat fraksiyasının üzvləri Ermənistanla Türkiyə arasında imzalanan protokollara və "Madrid prinsipləri"nə etirazlarını bildiriblər.
İqtisadi böhran məngənəsində boğulan Ermənistanı daha böyük təhlükələr gözləyir. Bir sıra erməni ekspertlər belə hesab edirlər ki, hökumət ciddi tədbirlər görməsə, durum tam nəzarətdən çıxa bilər. Bəziləri isə indi ölkənin yeganə ümidinin xaricdən göstəriləcək yardımlara qaldığını deyirlər.
Bu yerdə Qərbin iqtisadi dairələrinin ən nüfuzlu ekspert rəyi sayılan Böyük Britaniyanın "Ekonomist" jurnalının mülahizələrini qeyd etmək yerinə düşər. Ermənistanın iqtisadi mənzərəsini dərindən təhlil edən jurnalın qənaətinə görə, nə qədər ki, bu ölkə qonşuları ilə münasibətləri sahmanlamayacaq, onun iqtisadi inkişafından, o cümlədən, böyük investisiyaların gəlməsindən danışmaq real olmayacaq.
Jurnal qeyd edir ki, Azərbaycan və Türkiyə tərəfindən qapıları bağlanmış Ermənistanda əhalinin alıcılıq qabiliyyətinin MDB üzrə ən aşağı həddə olması təəccüb doğurmur. Hazırda Ermənistana yönəldilən xarici investisiyaların həcmi ildə cəmi 100 mln dollar təşkil edir ki, onun da yarıdan çoxu xaricdə yaşayan erməni biznesmenlərinin payına düşür. Ermənistanın müstəqil dövlət olduğu 19 il ərzində ölkədə hansısa iri investisiya layihəsinin gəlmədiyini vurğulayan jurnal, hətta Yerevanın strateji tərəfdaşı olan Rusiyanın da bu baxımdan istisna olmadığını vurğulayır.
Ermənistan rəsmiləri hamı ilə əlverişli əlaqələrin qurulduğu barədə nə qədər ucuz təbliğat aparsalar da, gerçəkdə özlərini aldatmaqla məşğul olduqlarının fərqindədirlər. Ermənistan başa düşür ki, məhz Azərbaycan və Türkiyə ilə münasibətləri qurmadan getdikcə daralmaqda olan böhran və iflas çevrəsindən çıxa bilməyəcək.
Son günlər Ermənistanın rəsmilərinin dilindən səslənən çıxışlar siyasi-diplomatik burulğanda qalan Yerevanın isterik davranışından xəbər verir. Bu isteriyadan qurtulmağın isə bircə yolu var- Ermənistan bir dövlət kimi gələcəyini göz önündə tutaraq, indiyədək yeritdiyi aqressivliyə, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə son qoymalıdır. Çünki bu siyasətin Ermənistana praktik olaraq, heç nə vermədiyi gün kimi aydındır.

Digər xəbərlər