PDF Oxu

Araşdırma

  • 10

Türkiyə Rusiya ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Türkiyə Rusiya ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Artıq 2010-cu ilin ilk günlərindən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ətrafında aparılan danışıqların davam etdirilməsi ilə bağlı müxtəlif məlumatlar verilir.
Münaqişənin daimi olaraq diqqət mərkəzində saxlanılması çox mühüm bir haldır. Bu məsələ ilə bilavasitə məşğul olanlar və eyni zamanda, məsələnin həllində maraqlı olan ölkələr problemə kifayət qədər diqqət ayırırlar. Əlbəttə, bu da son nəticədə münaqişənin daha tez və sülh yolu ilə həllini gündəmə gətirmiş olur. Regionda münaqişə ocaqlarının qalmamasında maraqlı olan qüvvələr də Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə can atır və bu istiqamətdə münaqişə tərəflərinə əllərindən gələn yardımı göstərməkdən çəkinmirlər.
Münaqişə ilə bağlı 2009-cu ildə keçirilmiş danışıqların davamı kimi, 2010-cu ildə də danışıqların davam etdirilməsi və prezidentlər arasında yeni görüşlərin keçirilməsi nəzərdə tutulur. Əlbəttə ki, ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə. Yeri gəlmişkən, onu da qeyd edək ki, Minsk Qrupu hələ ötən ildən tərəflərə münaqişənin həllində rəhbər sənəd kimi göstərilən Madrid prinsiplərinin yenilənmiş variantının tərəflərə təqdim edilməsi və onların bu sənəd ətrafında öz fikirlərini bildirmələri üçün keçirilən görüşləri əhəmiyyətli hesab edir. Ötən müddət ərzində, hətta bu sənəd ətrafında tərəflərin hansısa bir ortaq mövqeyə gəlinməsinə nail olunmasa da, bir sıra məsələlərdə razılıq əldə olunub. Lakin Dağlıq Qarabağın statusu və Laçın dəhlizindən necə istifadə olunması kimi prinsipial məsələlər hələ də açıq olaraq qalmaqdadır. Təəssüf ki, bu məsələlərdə razılığın əldə olunmasına nail olunmamasının əsas səbəbi Ermənistan tərəfinin göstərdiyi qeyri-konstruktiv mövqedir. Onun işğalçılıq siyasətindən əl çəkməməsi, torpaqlarmızın işğaldan azad olunmasınını qarşısını almaqla yanaşı, danışıqların da tezliklə başa çatmasını və sülhün əldə olunmasını əngəlləyir. Yəni münaqişənin həllində bir çox məsələlər razılaşdırıldığı halda, Ermənistanın belə inad etməsi problemin həllinin daha da uzadılmasına səbəb olur.
Minsk Qrupunun isə vasitəçi kimi, yalnız görüşlər keçirməklə kifayətlənməsi, onun işinin öhdəsindən tam gələ bilmədiyinin göstəricisidir. Təşkilat münaqişənini həlli ilə bağlı tərəflərə heç bir tövsiyə vermir, onların mövqelərinin uzlaşdırılmasında heç bir yardım göstərmir. Yalnız görüşlər təşkil etməklə bütün digər məsələləri tərəflərin öz boynuna qoymaqla işini bitmiş hesab edir. Lakin əslində, burada təmsil olunan dövlətlər dünya siyasətində söz sahibi olan dövlətlərdir və hər halda, Ermənistanın mövqeyini yumşaltmasında bu işğalçı ölkəyə təsir və təzyiq göstərə bilərlər. Təsadüfi deyil ki, artıq ictimaiyyətdə də Minsk Qrupuna və onun problemin həllindəki vasitəçiliyinə inam azalıb. Yəni bu görüşlərdən hər hansı bir nəticə gözləmək artıq qeyri-mümkün bir hala çevrilib. Ekspertlər də prezidentlərin görüşlərindən çox, bu məsələdə maraqlı olan tərəflərin - böyük dövlətlərin verəcəyi qərarları əsas sayırlar. Görünür, məhz buna görədir ki, keçiriləcək növbəti görüşdən də heç bir nəticə gözlənilmir. Çünki artıq 2009-cu ildə keçirilmiş altı görüşdən heç bir nəticə hasil olmayıb. Azərbaycan dövləti isə yalnız sülh yolu ilə torpaqlarımızın işğaldan azad edilməsini əlində rəhbər tutaraq, danışıqlara gedir. Lakin prezidentimizin də bəyan etdiyi kimi, bu danışıqlardan heç bir nəticə hasil olmazsa, onda Azərbaycan hərb variantına əl atacaq ki, bu da Azərbaycanın ən təbii haqqıdır. Əlbəttə, Azərbaycan diplomatiyası ötən illərdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin əldə olunması üçün bir sıra əhəmiyyətli uğurlar əldə etsə də, son nəticədə bu da sülhün əldə olunmasına səbəb olmayıb. Buna da böyük dövlətlərin regionda olan maraqları səbəb olub desək, yanılmarıq.
Yuxarıda da qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə təkcə münaqişə tərəfləri deyil, eyni zamanda, münaqişənini həllində maraqlı olan digər dövlətlər də diqqət ayırırlar. Belə ki, qonşumuz və strateji müttəfiqimiz olan Türkiyə dövləti günü-gündən regionda artan nüfuzundan istifadə etməklə, münaqişənin həllinə maksimum dərəcədə yardım göstərməyə çalışır. O, hətta dövlət səviyyəsində böyük dövlətlərin qarşısında Azərbaycan torpaqlarının işğaldan azad edilməsini əsas şərt kimi qoymaqdan çəkinmir. O, bunu istər ABŞ, istərsə də Rusiya qarşısında tələb kimi ortaya qoyur. Türkiyənin baş naziri R.T.Ərdoğanın ABŞ-a ötən ilin sonunda gerçəkləşən səfərində verdiyi bəyanat da, məhz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını əsas məsələ kimi önə çəkir.
Bir neçə gün bundan sonra, daha dəqiq desək, yanvar ayının 12-də baş nazir R.T.Ərdoğanın Rusiyaya səfəri zamanı da Rusiyanın baş naziri Vladimir Putinlə görüşü zamanı da Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə mövzusu olacağı gözlənilir. Hətta Türkiyə mətbuatının verdiyi məlumata görə, Ankara Rusiyadan Dağlıq Qarabağın qaytarılmasında Ermənistana təzyiq göstərməsini istəyəcək. Bunun əvəzində isə Türkiyə Ermənistanla sərhədləri açmağı öz öhdəsinə götürmüş olacaq. Əslində, onun Ermənistanla münasibətlərini normallaşdırmasının əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsi dayanır. Qeyd edək ki, Türkiyə baş nazirinin Rusiyaya səfəri zamanı, yəni yanvar ayının 12-də Ermənistan konstitusiya məhkəməsində "erməni açılımı" məsələsi müzakirə olunacaq. Bu proseslərin eyni vaxta düşməsini də təsadüfi hesab etmək olmaz. Hər halda, onların hər ikisinin bir-birilə bağlı olduğunu qeyd etmək kifayətdir.

Digər xəbərlər