Çoxuşaqlı analar pensiyaya vaxtından əvvəl çıxacaqlar
Çoxuşaqlı analar pensiyaya vaxtından əvvəl çıxa biləcəklər. Bununla əlaqədar "Əmək pensiyaları haqqında" Qanuna dəyişikliklər və əlavələr edilib. Qanun yanvarın 1-dən qüvvəyə minib. Qanunun 7-ci maddəsinə görə, 5 və daha çox uşaq doğaraq onları 8 yaşınadək tərbiyə etmiş, habelə minimum 10 il sığorta stajı olan qadınlar pensiyaya vaxtından əvvəl çıxa biləcəklər. Yeni qaydaya əsasən, hər uşağa görə pensiyaya çıxmaq üçün yaş həddi bir il azaldılır. Qeyd edək ki, yanvarın 1-dən qadınların pensiyaya çıxma yaşı 57-dən 60-a, kişilərin isə 62-dən 63-ə qaldırılmışdır. Belə ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir.