PDF Oxu

Araşdırma

  • 9

Bu il ölkə mətbuatı üçün əlamətdar illərdən oldu

Bu il ölkə mətbuatı üçün əlamətdar illərdən oldu

2009-cu il Azərbaycan mətbuatının inkişafı üçün nə kimi əlamətdar hadisələrlə yadda qaldı? Sizcə, bu il yaradılan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının fəaliyyətinin müstəqilləşməsində, maliyyə problemlərinin qismən həllində nə kimi rol oynadı? Bu və ya digər suallarmızla qəzet baş redaktorlarına müraciət etdik.

Asəf Abbasov, "Azad Azərbaycan" qəzetinin baş redaktoru:

- Hər şeydən öncə, qeyd etmək istərdim ki, Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir. Təbii ki, bu inkişaf, bütün sahələrə olduğu kimi, kütləvi informasiya vasitələrinə də öz müsbət təsirini göstərir. Bildiyiniz kimi, bir qayda olaraq, KİV-lər vətəndaşların bütün sahələrdə problemlərinin həlli üçün və həmin problemlərin işıqlandırılmasında önəmli rol oynayır. Həyat tərzi yüksək olan cəmiyyətdə hüquqi, siyasi, mədəni səviyyə də birmənalı qaydada yüksək olmalıdır. Əlbəttə ki, məhz Azərbaycan dövləti bütün bu qeyd etdiklərimizi həyata keçirmək üçün əlindən gələni əsirgəmir. Danılmaz faktdır ki, bu yöndə dövlətimiz tərəfindən bir çox işlər həyata keçirilib. KİV-lərin də bu sahədə böyük rolu olub. Dövlət qarşısında dayanan problemlərin ictimaiyyətə və həmçinin, ictimiayyətin problemlərinin aidiyyəti dövlət qurumlarına çatdırılmasında KİV-lərin üzərinə çox böyük məsuliyyət düşür. Bunun üçün KİV nümayəndəsi, ilk növbədə, həmin problemin özünü ətraflı bilməlidir. Ümumiyyətlə, KİV nümayəndəsi ölkədə baş verən siyasi, iqtisadi, sosial və mədəni proseslərin hamısından xəbərdar olmalıdır. KİV-lərin fəaliyyəti həm də Azərbaycan vətəndaşının düşüncə tərzini formalaşdırır. Köhnədənqalma və bu gün formalaşan mentalitet media nümayəndələri tərəfindən ictimaiyyətə dolğun çatdırılmalıdır. Ümumiyyətlə, KİV insan haqları, mədəni, siyasi cəmiyyətin yaranması sahəsində elə maarifləndirici işlər görməlidir ki, vətəndaşların bilgisi artsın. Həmçinin, qəbul olunmuş qanunlar tam təfsilatı ilə cəmiyyətə çatdırılsın. Təbii ki, Azərbaycan KİV-lərinin fəaliyyəti bu gün elə bir zirvədədir ki, biz bu il, yəni 2009-cu ildə KİV-in bütün fəaliyyətini əlamətdar hadisə kimi qiymətləndirə bilərik.
1995-ci ildə Konstitusiyanın qəbul edildiyi gündən başlayaraq, Azərbaycan milli qanunvericiliyinin inkişafında, insan hüquqlarının qorunması sahəsində mühüm işlər görülüb. Bütün bu illər ərzində qəbul edilən qanunlar nəticəsində ayrı-ayrı demokratik təsisatların, institutların yaranması Azərbaycanda insan hüquqları üzrə çox mühüm addımlar oldu. 1998-ci ildə insan hüquqlarının qorunması ilə bağlı Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərman bu məsələdə yeni mərhələnin başlamasından xəbər verirdi. Əlbəttə ki, qəbul edilən bütün qanunlar, bir qayda olaraq, ictimaiyyətə KİV-lər vasitəsilə çatdırılır. KİV-lərin ictimiayyətlə dövlət arasındakı maarifləndirici əlaqələrin, bilavasitə dövlət tərəfindən qəbul edilmiş qanunların vaxtlı-vaxtında çatdırılmasında media işçilərinin maddi vəsaiti geniş olmalıdır. Məhz bu səbəbdən son vaxtlar media işçilərinin normal fəaliyyəti üçün Azərbaycan dövləti xüsusi önəmli addımlar atdı. İlk olaraq Mətbuat Günü münasibətilə dövlət tərəfindən Azərbaycanın aparıcı informasiya vasitələrinə mükafatlar ayrıldı. Daha sonra bu işin davamı olaraq, KİV-lərə Dəstək Fondu yaradıldı və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı həyata keçirildi. Bütün bunlar ondan xəbər verir ki, qeyd etdiyim kimi, Azərbaycan KİV-inə xüsusi önəm verilir və böyük əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə Azərbaycan mediası dünyanın ən inkişaf etmiş dövlətlərinin mediası sırasına keçəcək. Yəni Azərbaycanın əldə etdiyi uğurlar KİV-lərin də inkişafına müsbət təsir edəcək, həm dövlətimiz, həm də ayrı-ayrı ölkələrdə yaşayan vətəndaşlarımız bundan layiqincə bəhrələnəcəklər.

Xoşqədəm Bəxşəliyeva, "Üç Nöqtə" qəzetinin baş redaktoru:

- Mənim üçün bu il Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə yadda qalan bir il oldu. Fikrimcə, sözügedən fonda çox ehtiyac var idi. Çünki bir çox qəzetlər, o cümlədən, "Üç Nöqtə" qəzeti də həmin yardımdan işçilərinin sosial problemlərinin həllinə kömək edib. Eyni zamanda, qəzetin texnikasının dəyişilməsinə sözügedən vəsaitdən istifadə edilib. Yəni KİV-lərə birdəfəlik yardım ayrılması və Mətbuata Yardım Fondunun yaradılması baxımından, mən 2009-cu ili Azərbaycan mətbuatı üçün uğurlu il kimi hesab edirəm.
Düşünürəm ki, bu fondun yaradılması Azərbaycan mətbuatının problemlərinin qismən də həll olunmasına xidmət edir. Bildiyimiz kimi, bu gün Azərbaycan mətbuatının çox ciddi iqtisadi problemləri var. Ancaq sözügedən fondun yaranmasından sonra mətbuatımıza bir qədər köməklik olunur. Yəni bizim bir çox qəzetlər bu fonda layihələr təqdim edib. Həmin fonddan qalib olmuş qəzetlərə bu layihələrin həyata keçirməsi üçün ayrılan vəsait Azərbaycan mətbuatının inkişafına, qismən də olsa, yardım edəcək. Əgər biz mətbuatımızın daha yaxşı inkişaf etməsini və qəzetlər arasında rəqabətin olmasını istəyiriksə, onda reklamların verilməsi, eyni zamanda, bu tipli yardımların edilməsi çox lazımdır.

Digər xəbərlər