“Azərbaycan Dəmir Yolları” QSC və Dünya Bankı arasında görüş keçirilib
Dünən "Azərbaycan Dəmir Yolları" QSC-də Dünya Bankının nümayəndələri ilə ikitərəfli görüş keçirilib. Görüşdə "Dəmir Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi Layihəsi" istiqamətində görülən işlər, layihənin hazırkı durumu və gələcək vəzifələr müzakirə olunub.
Tədbiri giriş sözü ilə Səhmdar Cəmiyyətinin baş mühəndisi Qurban Nəzirov açaraq bildirdi ki, dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub. O, vurğuladı ki, hazırda Dünya Bankı ilə 450 milyon dollar kreditin alınması istiqamətində danışıqlar aparılır: "Alınacaq vəsaitə sabit cərəyandan dəyişən cərəyana keçid, işarəvermə və rabitə təsərrüfatının yenidən qurulması, yeni lokomotivlərin alınması, 240 km yolun əsaslı təmiri, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Dəmir yolunun Layihə İşçi Qrupu tərəfindən bütün texniki tapşırıqlar öz həllini tapıb".
Missiyanın rəhbəri Jerald Olivye öz çıxışında bildirdi ki, görüşün əsas məqsədi kredit sənədləri imzalandıqdan sonra layihənin sürətli icrası məqsədi ilə onun bütün əsas komponentlərinin vəziyyətini nəzərdən keçirməkdən ibarətdir: "Missiya həm də layihənin qüvvəyə minməsi üçün atılacaq addımları nəzərdən keçirəcək. Dünya Bankının layihəsi tenderlər əsasında həyata keçiriləcək".
Qeyd edək ki, Dünya Bankının missiyası bir həftə ərzində Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müvafiq xidmət və birliklərində görüşlər keçirəcək.