Ermənistan irəli sürülən şərtlərlə razılaşmalıdır
Türkiyənin baş naziri R.T.Ərdoğanın ABŞ-a səfəri və orada səsləndirdiyi fikirlər Ermənistanda da birmənalı qarşılanmayıb. Onun Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan etməsi erməni siyasi dairələrində də narahatçılığa səbəb olub. Belə ki, Ermənistan tərəfi yenidən öz qeyri-konstruktiv mövqeyini nümayiş etdirərək, bu prosesdə heç bir ilkin şərtin irəli sürülməsinin mümkün olmadığını bildirib. Başda Ermənistan prezidenti olmaqla hökumət belə bir şərtin irəli sürüləcəyi təqdirdə, prosesin uzanacağı və yenidən əvvəlki mərhələyə qayıdılacağını bəyan ediblər.
Ermənistan tərəfinin belə bir bəyanat verməsi təbii bir haldır. Çünki bundan əvvəl də biz belə hallarla tez-tez rastlaşmışıq. Turkiyə ilə münasibətlərini normallaşdırmağa can atan ermənilər öz işğalçılıq siyasətini də möhkəmləndirməyə can atırlar. Türkiyə hökuməti tərəfindən onlara verilən vədlərə əsaslanan Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda da öz radikal mövqeyini gücləndirməkdə idi. Lakin Türkiyə hökumətinin Dağlıq Qarabağ məsələsində göstərdiyi səy və bu məsələdə hətta ABŞ qarşısında israrlı olması ermənilərin də ümidlərinin puç olmasına səbəb oldu.
Bu gün Ermənistan hökumətinin çox böyük bir böhran içərisində olduğunu nəzərə alsaq, demək olar ki, o istər-istəməz ona qarşı irəli sürülən şərtlərlə razılaşacaq. Çünki Ermənistanın artıq bir dövlət kimi mövcudluğu sual altındadır. Dövlət büdcəsinin əvvəlki illərə nisbətən daha az olması, ölkədə böyük bir işsizlər ordusunun yaranması, əhalinin sosial vəziyyətinin çox pis olması, orduda yaranan neqativ hallar və s. bu kimi hallar Ermənistanın düşdüyü ağır vəziyyəti təsvir etmək üçün kifayətdir. Hətta vəziyyət elə bir həddə çatmışdır ki, ölkə rəhbərliyi öz idmançılarını beynəlxalq yarışlarda təmsil etmək üçün göndərməyə pulu çatmır. Bunu, ölkənin müvafiq qurumları açıq şəkildə, maliyyə problemləri ilə bağlı olduğunu bildiriblər.
Ermənistanda yaranan acınacaqlı vəziyyətlə əlaqədar bir çox misallar gətirmək olar. Bu günlərdə Ermənistanda təşkil olunan "Bizim Şuşa" adlı telemarafonda Azərbaycanın əzəli torpaqları olan Şuşa şəhərinin sosial-iqtisadi infrastrukturunun və ümumilikdə, şəhərin bərpa edilməsi üçün pul vəsaitinin yığılması həyata keçirilib. Qeyd edək ki, bu telemarafonda ölkənin oliqarxları iştirak etməyib. Prezident Adminstrasiyasından isə, ümumilikdə, layihə üçün 8 min dollar vəsait ayrılıb. Məbləğin belə bir biabırçı həddə olması da, əlbəttə ki, ölkədə olan böhranlı vəziyyətlə əlaqədardır. Bu hadisə bir daha Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir.
Ermənistanın belə bir vəziyyətdə işğalçılıq siyasətini davam etdirməsi heç bir məntiqə sığmır. Onun Türkiyənin münasibətləri normallaşdırmaq əvəzində irəli sürdüyü Dağlıq Qarabağın işğaldan azad edilməsi şərti ilə də razılaşmaması, heç bir halda, Ermənistanın düşdüyü durumla uyğun gəlmir. Əlbəttə, belə bir siyasi strategiya ilə Ermənistan dövləti heç bir uğura nail ola bilməz. Onun tənəzzülü göz qabağındadır və bu vəziyyət getdikcə dərinləşməkdədir. Əgər Ermənistan dövləti ona verilən şanslardan istifadə etməzsə və yenidən öz qeyri-konstruktiv barışmaz mövqeyini davam etdirərsə, onda onun daxilində olan böhranlı vəziyyətin qarşısını heç bir qüvvə ala bilməyəcək.