Heydər Əliyev tarixin canlı əfsanəsi və “böyük siyasətin böyük qrossmeysteri”dir
Dekabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin vəfatından 6 il ötəcək. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdıb, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Bu gün ölkə gənclərinin müxtəlif sahələrdə əldə etdiyi uğurlar məhz Ulu Öndərin adı ilə bağlıdır. Onun qurub-yaratdığı müstəqil Azərbaycan, eləcə də, bərqərar etdiyi siyasi sabitlik, gənclərimizin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində gördüyü işlər bu gün öz bəhrəsini verməkdədir. Bizimlə söhbətində ölkənin ən aparıcı siyasi partiyası olan və aktivliyi ilə liderliyini qoruyub saxlayan hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil olunan gənclərimiz də Ümummilli Lideri hər zaman xoş hisslərlə xatırladıqlarını və Ona hər zaman minnətdar olacaqlarını bildirdilər.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Bəxtiyar Əsgərovun sözlərinə görə, 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-85-ci illərdə keçmiş ittifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxardı. Bu baxımdan müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin məhz həmin illərdə təməlinin qoyulduğunu söylədi. 1993-cü ilin yayında, müstəqilliyini təzəcə qazanmış Azərbaycan xalqının öz taleyini yenidən Heydər Əliyevə etibar etdiyini bildirdi. Bu, böyük qayıdış idi və Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, qətiyyəti, iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
B.Əsgərov onu da vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev əzmkar lider olub. Çünki bir insan ömrü ərzində bu qədər iş görmək hər adama nəsib olmur. O öz ömrünü ləyaqətlə başa vurmuş, xalqın qəlbində özünə əbədi abidə ucaltmışdır: "Dünyanın məşhur dövlət və ictimai-siyasi xadimləri də Heydər Əliyevi XX-XXI əsrlər siyasətinin canlı əfsanəsi və patriarxı sayır, onu "böyük siyasətin böyük qrossmeysteri" adlandırırdı. Sevindirici haldır ki, Ulu Öndərin ruhu və ideyaları, miras qoyub getdiyi kurs, işləyib- hazırladığı strategiya bizimlədir və Onun yolu ilə gedirik. Heydər Əliyev ölkədə təhsilin, elmin, səhiyyənin və mədəniyyətin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Bu baxımdan, tam əminliklə demək olar ki, müstəqil Azərbaycanda təhsilin qazandığı uğurlar məhz Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevin böyük tarixi rolu həm də bundadır ki, o, Azərbaycanın gələcəyini təmin edə bilən, ölkəni yaşadacaq güclü dövlətçilik qabiliyyətinə malik yeni nəsil formalaşdırıb. Bu nəslin ən istedadlı nümayəndəsi Ata Əliyevin yolunu ləyaqət və məsuliyyət hissi ilə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevdir. İlham Əliyev buna öz istedadı, zəhmətsevərliyi, uzaqgörənliyi, ağlı və zəkalılığı ilə nail olub".
Daha sonra açıqlama verən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev, milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsində gənclərin xüsusi rola malik olduğunu söylədi. İntellektual potensialı ilə hər zaman seçilən, daima irəliyə can atan gənclər dövlətlərin güclü ictimai bazası olmaqla yanaşı, cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək onunla birlikdə inkişaf etmişdir. Milli dövlətçilik tariximizə nəzər salanda bunun şahidi oluruq. Ordu quruculuğunda, sosial-iqtisadi, səhiyyə, elm, təhsil, mədəniyyət siyasətinin yürüdülməsində də gənclərə, onların əvəzolunmaz qüvvəsinə ehtiyac olmuşdur. Bu səbəbdən də Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətinin hər iki mərhələsində gənclər siyasətinə xüsusi önəm vermişdir. Gənclər və İdman Nazirliyinin təməlini qoymaqla kifayətlənməmiş intellektual potensialımızı möhkəmlətmək məqsədilə gənclərin bir çox qisminin Avropa dövlətlərində, MDB məkanında məşhur olan elm ocaqlarında təhsil almalarını təmin etmiş, idmançıları, sənət-söz adamlarını dövlət qayğısı ilə əhatə etmişdir.
B.Nəbiyevin bildirdiyinə əsasən, bu siyasət Ümummilli Liderimizin mənəvi və siyasi varisi Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Gənclər dövlətin dəstəyini alaraq dövlət strukturlarında, parlamentdə, ictimai-siyasi birliklərdə, qurum və təşkilatlarda nüfuz sahibi olaraq təmsil olunurlar: "Dövlət başçısı İlham Əliyev Ulu Öndərin əbədiyaşar ideyalarından güc alaraq Azərbaycanımızı yeni zirvələrə çatdırdı. Azərbaycan bu gün Qafqazda lider dövlətdir. Həm də dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı ən islahatçı dövlət kimi tanıyırlar. Bu, böyük tarixi qələbədir. Ölkəmizin müstəqilliyi günü-gündən möhkəmlənir və bu inkişaf sürətinin getdikcə artacağı şəksizdir. Çünki onun əsasında Ulu Öndərin ölməz ideyaları durur. Bu ideyalar Prezidentimiz İlham Əliyevin quruculuq istedadından güc alaraq müstəqil Azərbaycanımızı yeni-yeni zirvələrə çatdıracaq".