Azərbaycan dövlətinin fəaliyyətinin əsas istiqamətlərini ictimai-siyasi sabitlik, Dağlıq Qarabağ probleminin həllini ardıcıl şəkildə həyata keçirmək təşkil edib. Ermənistanla danışıqların davam etdirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlarla iş və ikitərəfli əlaqələr sahəsində fəaliyyət daha da genişləndirilib, ən başlıcası isə, Dağlıq Qarabağ məsələsi BMT Baş Assambleyasına çıxarılıb. Bütün bunlar bir sıra nufuzlu beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən, BMT, ATƏT və Avropa Şurası tərəfindən Ermənistanı işğalçı dövlət, Dağlıq Qarabağı isə separatçı rejim kimi tanınmasına gətirib çıxarıb.
Bu və ya digər təkzibedilməz faktlar, əldə olunan uğurlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dönüş yarandığını, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə getdikcə daha artıq müdafiə olunduğunu, işğal olunmuş Azərbaycan torpaqlarının geri alınacağı günün getdikcə yaxınlaşdığını sübut edir. Azərbaycanın diplomatik mövqelərinin güclənməsi özünü təkcə beynəlxalq təşkilatların təcavüzkar tərəfə təsir göstərmək səylərini intensivləşdirməsi ilə şərtlənmir. Artıq fövqəldövlətlər də münaqişənin həllinin uzanmasına görə narahatlıqlarını açıq ifadə edirlər. Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylərin nəzərəçarpacaq dərəcədə güclənməsi, ATƏT-in Minsk Qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq, konkret həll formatına salınması da rəsmi Bakının mühüm siyasi üstünlüyüdür.
Azərbaycan dövlətinin münaqişənin həlli istiqamətində yeritdiyi siyasətin əsas mahiyyəti yenə də Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından tam əsassızlığını sübuta yetirmək, təcavüzkar ölkəni Cənubi Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etmək, ən nəhayət, Azərbaycanın iqtisadi, hərbi qüdrətini artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməkdən ibarət olmuşdur. Təcavüzkar dövlətin "Praqa prosesi", yəni "mərhələli həll" modeli ətrafında danışıqları davam etdirməsi rəsmi Bakının mühüm diplomatik nailiyyətlərindən biri kimi vurğulanmalıdır.
Bu cür dönməz xarici siyasət kursu ölkə Prezidenti İlham Əliyev qətiyyətlə həyata keçirir. Prezident İlham Əliyev münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini mümkün saydığını, sülh danışıqlarının da yalnız bu formatda aparıla biləcəyini qətiyyətlə vurğulayaraq, bir daha aydın və qətiyyətli mövqe ortaya qoymuşdur. "Bir daha bəyan edirəm, nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm" deyən dövlət başçısı Ermənistanla aparılan danışıqların nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün digər zəruri vasitələrdən, konkret hərb yolundan istifadə olunması məsələsinin ictimai müzakirəyə çıxarılacağını da açıq bəyan etmişdir. Daha konkret desək, ölkə Prezidenti İlham Əliyev Goranboy rayonuna səfəri zamanı qaçqın və məcburi köçkünlərlə görüşündə, Almaniyanın Münhen şəhərində Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılacaq danışıqların nəticə verməyəcəyi təqdirdə, hərbi variant üzərində düşünməli olacağını bildirib. Bu qətiyyətli bəyanatı ilə Ali Baş Komandan Azərbaycandan güzəşt umanlara sərt mesaj ünvanlamış, xalqın heç zaman ərazi itkisi ilə barışmayacağını bir daha izhar etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında diplomatik vasitələrlə həlli Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin prioritet vəzifələri hesab olunur. Diplomatik xidmət orqanlarının iştirakı ilə xarici işlər nazirliyində keçirilmiş müşavirədə dərin məzmunlu çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev erməni lobbisinin apardığı çirkin təbliğata qarşı əks-hücumun gücləndirilməsini mühüm vəzifələrdən biri kimi müəyyən etmişdir. Dövlət başçısı bu məqsədlə Azərbaycan diasporunun fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac olduğunu vurğulamışdır: "Erməni lobbisi bizim əleyhimizə çox fəal kampaniya aparır və bunu hiss edirik, görürük. Bəzi hallarda müxtəlif xarici mətbuat orqanlarında Azərbaycana qarşı qərəzli məqalələrin arxasında da məhz erməni lobbisi dayanır. Biz bunu bilirik, öz mübarizəmizi aparmalıyıq və daha fəal olmalıyıq. Bu istiqamətdə siyasətimizi daha da güclü aparmalıyıq. Mən bir neçə dəfə demişəm, bir də demək istəyirəm, biz informasiya hücumuna keçməliyik. Biz Ermənistanın işğalçı siyasətini ifşa etdirməliyik". Təcavüzkar tərəfin bəzi düşünülməmiş addımlar atması onu daha da çıxılmaz vəziyyətə salmış, eyni zamanda, Azərbaycana Ermənistanın ifşası üçün kifayət qədər yeni imkanlar qazandırmışdır.
Ölkə Prezidentinin apardığı balanslaşdırılmış xarici siyasət kursu nəticəsində hazırda Azərbaycanın haqq səsi BMT, ATƏT, NATO, Avropa Birliyi, Avropa Şurası, İKT kimi nüfuzlu təşkilatların ali tribunalarından eşidilməkdədir. Dünya siyasətinə əsaslı təsir imkanlarına malik olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq qurumlarda Azərbaycanın mövqelərinin gücləndirilməsi əldə edilən müsbət nəticələrdəndir.
BMT Baş Məclisinin 2008-ci il mayın 14-də keçirilən 62-ci sessiyasının iclasında "Azərbaycanın işğal olnmuş ərazilərində vəziyyət" adlı qətnamənin qəbul edilməsi də diplomatik qələbə hesab edilə bilər. Bu fakt beynəlxalq ictimaiyyətin artıq Ermənistanın təcavüzkar siyasət yürütdüyünü dərk etməsini və işğalçı dövlətə qarşı təsirli tədbirlərin görülməsinin vaxtının çatdığını deməyə əsas verir.
Sosial-iqtisadi böhran məngənəsində çapalayan Ermənistandan fərqli olaraq, Azərbaycanın yüksəlişi, son illər ölkəmizdə daha da güclənən ordu quruculuğu prosesi, siyasi sabitlik, beynəlxalq təşkilatların ölkəmizə dəstəyi insan itkisinə yol vermədən, Dağlıq Qarabağ münaqişəsinin rasional həllinə geniş imkanlar yaradır.
Azərbaycan son illər təcavüzkar Ermənistanla qlobal informasiya müharibəsində üstünlüyü ələ almaqdadır. Bu isə, Ermənistanın beynəlxalq təşkilatları, eləcə də xalqları öz iyrənc informasiyaları ilə aldatmaq istəklərinin ifşa olunmasına gətirib çıxarır. Demək olar ki, hazırkı mərhələdə Ermənistan dünya birliyindən təcrid olunub. Düzdür, Rusiya və İran müəyyən vasitələrlə işğalçı Ermənistanı iqtisadi fəlakətdən xilas etməyə çalışır. Ancaq "batan gəmini xilas etmək mümkün olmadığı" kimi, Ermənistanı da sosial-iqtisadi burulğandan xilas etmək mümkün deyil. Çünki iqtisadi resursların olmaması və bununla yanaşı, hakimiyyətin yalnız şəxsi maraqlardan çıxış etməsi dövlətin iqtisadi süqutunu dərinləşdirib. Məhz iqtisadi problemlər üzündən Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Xüsusilə də, 2008-ci il avqustun 8-də Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Ermənistanla Gürcüstan sərhədlərinin bağlanması ilə ermənilərin daha kütləvi şəkildə Ermənistanı tərk etmələrinə səbəb olub. Çünki müharibəyə qədər Ermənistan əhalisi Rusiyadan göndərilən ərzaq məhsulları ilə qidalanır və yaxud Gürcüstan şəhərlərindən özlərinə yanacaq və digər məhsullar əldə edə bilirdilər. Ancaq müharibənin başlanması ilə paralel Cavaxetiyada erməni separatizminin baş qaldırması Tbilisini bu ölkə ilə sərhədləri bağlamağa məcbur etmişdir. Nəticə isə, onsuz da ağır durumda olan Ermənistan əhalisinin vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarmışdır.
Azərbaycanın əldə etdiyi uğurlar sırasında ordu quruculuğu önəmli yerlərdən birinin tutduğunu desək, səhv etmərik. Çünki hazırkı mərhələdə Azərbaycan ordusu Cənubi Qafqazın ən nizam-intizamlı, güclü ordusudur. Ordu quruculuğuna Azərbaycan Prezidenti İlham Əliyev xüsusi diqqət və qayğı göstərir. İlham Əliyevin Ali Baş Komandan kimi hərbi geyimdə düşmənlə üzbəüz mövqelərə getməsi, hərbçilərlə səmimi görüşməsi və söhbətləşməsi özündə olduqca ciddi psixoloji-siyasi çalarları ehtiva edir. Bu, əslində, Azərbaycanın heç zaman ərazi itkisi ilə barışmayacağı ilə bağlı bütün dünyaya verilən növbəti mesajdır. Əsgərlərlə söhbət zamanı Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, ölkəmizin iqtisadi qüdrətinin və hərbi potensialının artdığını vurğulayan Prezident İlham Əliyev əlavə edib ki, ordumuz hər an öz sözünü deməyə hazır olmalıdır: "Azərbaycanda çox güclü, nizami, yüksək qabiliyyətli ordu yaranır və o, ən müasir texnika ilə, silah-sursatla təmin olunur. Qarşı tərəf anlamalıdır ki, Azərbaycanda ordu quruculuğu sürətlə gedir və bu proses bundan sonra da davam edəcəkdir. Düşmənlə üz-üzə dayanan siz əsgərlər isə xüsusi diqqətə layiqsiniz".
Azərbaycan Ordusunun mütəşəkilliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də razılıqla qarşılanır. Ölkə vətəndaşları, o cümlədən, yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlər aparılan düzgün siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırlar. Milli Ordunun gücləndirilməsi işi bu gün də, dövlət başçısının, birmənalı şəkildə vurğuladığı kimi, iqtidarın siyasətinin əsas istiqamətlərindəndir və proses dönmədən aparılır.
Ölkədə hərbi xarakterli cinayətlərin, xüsusən də, fərarilik hallarının azalması da məhz ordumuzun gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin, hərbi-vətənpərvərlik əhval-ruhiyyəsinin nəticəsidir. Bu uğurlar güclü, yüksək döyüş qabiliyyətinə malik Milli Ordunun hər an işğal altında olan torpaqlarımızı düşmən əsarətindən azad etməyə qadir olduğunu deməyə əsas verir. Təki ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev "Əsgər, döyüşə hazır ol!" əmrini versin.
İlham Yaylaqəli oğlu Əliyev,
Məqalə Azərbaycan Respublikası KİV-lərin İkişafına Dövlət Dəstəyi Şurasının keçirdiyi yazı müsabiqəsinə təqdim olunur